Bəhlul Mustafazadə: “Rəşad Sadıqov milli üçün faydalı olar”

“Sabah”ın və Azərbaycan millisinin futbolçusu Bəhlul Mustafazadə müsahibə verib. Newsport.az həmin müsahibəni təqdim edir...

- Mövsümün ikinci yarısında fərqli “Sabah” görürük. Nəticələrinizi və oyununuzu qanedici hesab edirsizmi?
- Məncə, daha çox xal qazana bilərdik. Bəzən şanslardan tam istifadə edə bilmədik. Ancaq daha yaxşı olması üçün əlimizdən gələni edirik. Son turda “Səbail”lə matçın 15-ci dəqiqəsində 10 nəfərlə qalmağımız bizə böyük zərbə oldu və 3 xal qazanmağımıza maneə yaratdı. Ancaq 10 nəfərlə də qalib gələ bilərdik, şanslarımız var idi. Təəssüf ki, bacarmadıq. Ümumi götürəndə komandanın ikinci yarıdakı çıxışını qənaətbəxş hesab etmək olar.

- Qışda nə dəyişdi ki, nəticələr düzəldi?
- Yaxşı təlim-məşq toplanışı keçdik. Qışda baş məşqçinin istəklərini daha yaxşı qavramağa, anlamağa başladıq. Bu da nəticələrin daha yaxşı olmasına gətirib çıxardı.

- Növbəti təqibiniz lider “Qarabağ”dı. Hazırlıq necə gedir?
- Hər şey qaydasındadı. Sakit tərzdə hazırlaşırıq. Rəqibin kimliyini dərk edirik. Yaxşı motivasiya ilə hazırlaşırıq, eyni motivasiya ilə də oynayacağıq. Vuruşacaq, xal və ya xallar qazanmağa çalışacağıq.

- “Qarabağ” mövsümün ikinci yarısında yüksək performans göstərir, qapısında 1 top belə görməyib. Çəkinmirsiz?
- Xeyr, çəkinmirik. Hazırlıq planımız var, ona uyğun hazırlaşırıq. Rəqibin zəif tərəflərindən yararlanmağa çalışacağıq.

- 4-cü yer uğrundakı mübarizəyə qoşulmusuz. Bu pillə avrokuboka vəsiqə verə bilər. Şansları necə hesab edirsiz?
- Təbii ki, şansımız var. Niyə də olmasın?! Turnir cədvəlində sıxlıqdı, 4-cü yerin sahibindən cəmi 2 xal geridəyik. Ancaq hədəf təkcə 4-cü yeri tutmaq deyil. Ümumiyyətlə, bacardığımız qədər xal toplayıb yuxarı sıralara yüksəlmək istəyirik. Avrokuboklara getməyimiz mümkündü. Bunun üçün mübarizə aparacağıq.

- Ramil Şeydayevin Azərbaycana qayıdışı, “Sabah”a keçidi birmənalı qarşılanmadı. Həm milli, həm də artıq klubda komanda yoldaşı kimi, sizcə, Ramil doğru qərar verdi?
- “Sabah”da oynayan futbolçu kimi Ramilin komandamızda olmasından məmnunam. Doğrusu, onun karyerası haqda çox şey demək mənə düşməz. Ramilin özünün nəyi necə etmək lazım olduğunu bildiyini düşünürəm. Hədəfləri Avropada oynamaqdısa, inanıram ki, buna nail ola biləcək.

- Bu aralar əsas müzakirə mövzusu milliyə yeni baş məşqçinin təyini məsələsidi. Yığmanın üzvü kimi yerli, yoxsa əcnəbi mütəxəssis tərəfdarısız?
- Əslində, bir futbolçu kimi mənim üçün elə də fərq etmir. Orda olacam və meydana çıxacamsa, əlimdən gələnin maksimumunu etməyə çalışacam. Məşqçinin kimliyinin elə də böyük əhəmiyyəti olmur belə məqamda.

- Namizədlər əsasən əcnəbilər olsa da, yerli mütəxəssislərin arasında Rəşad Sadıqovun adı çox çəkilir. U-21 yığmasında onun rəhbərliyi altında oynamısız, necə fikirləşirsiz, Rəşad milliyə faydalı ola bilərmi?
- Bəli, Rəşad Sadıqovla U-21 yığmasında işləmişəm, məşqçilik metodlarına bələdəm. Düşünürəm ki, milli üçün faydalı ola bilər. Onun işə yanaşma tərzi, komandada yaratdığı əhval-ruhiyyə hədsiz xoşuma gəlib. Əgər Rəşad millidə olarsa, komanda üçün yaxşı olar. Ancaq yenə də qeyd edim ki, bir futbolçu kimi məşqçi üçün yox, milli üçün oynayırıq. Bu mövzular, gedən söz-söhbətlər məni o qədər də maraqlandırmır.

- Dünən 23 yaşınızı tamamladız. Özünüzü hansı futbol mərhələsində hiss edirsiz? Yəqin ki, artıq “gənc potensiallı” hesab etmək doğru olmaz...
- Bizdə gənc oyunçu söhbətinin yaş olaraq şişirdildiyini düşünürəm. Avropada bu yaş artıq gənc və ya potensiallı sayılmır. Bizdə isə az qala 27-28 yaşa kimi futbolçulara potensiallı deyirlər. Mən bu mərhələdən çıxdığımı düşünürəm, indi yetkin bir futbolçu olmaq yolunda irəliləyirəm və bunun üçün çalışıram.

- “Sabah”da oynamaqla, Azərbaycanda qalmaqla mümkün olacaqmı?
- Dəyişməz həqiqətdi ki, daha yaxşı olmaq üçün ölkə xaricində oynamalısan. Mən də buna çalışıram. Nə dərəcədə çalışdığımı gələcək göstərəcək.

- O “gələcəy”in gecikməsi nə ilə bağlıdı?
- Daha əvvəl bir neçə variant var idi. Ancaq burda hər şey tək məndən asılı deyil. Məni istəyən klub, hazırda çıxış etdiyim “Sabah”ın da şərtləri vacibdi. Bu, üçtərəfli məsələdi, biri alınmayanda keçid də baş tutmur. Gələcəkdə reallaşacağına əminəm. Var-gücümlə bunun üçün çalışıram.

 

Futbolpress.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right