"O da bura gəlib, ilişib qalmaq istəmir"

Milli komandanın üzvü Ramil Şeydayev həftənin ilk günü “Sabah”a transfer olundu. Bir müddət idi ki, azad agent statusu daşıyan Ramil son olaraq Moskva “Dinamo”sunda çıxış etmişdi.

Newsport.az-ın məlumatına görə, 23 yaşlı hücumçu mövsümün sonuna qədər “Sabah”ın formasını geyinəcək.

Karyerası ərzində əsasən legioner həyatı yaşayan Ramil tarixi vətənində, sadəcə, bir klubun - “Qarabağ”ın şərəfini qoruyub. Buna görə də bir çoxları onun yenidən ölkəyə qayıtmasını karyerasında geriyə addım kimi qiymətləndirir. Şeydayevin bu transferi ilə bağlı idman adamlarının fikirlərini öyrəndik (Futbol+).

Hazırda millidə köməkçi-məşqçi kimi fəaliyyət göstərən Arif Əsədov Ramilin yenidən legioner həyatı yaşamaq üçün “Sabah”a transfer olunduğunu söylədi: “Ən düzgün seçimə hər kəs özü qərar verir.

Əlbəttə, mütəxəssislər, idman ictimaiyyəti, hamımız istəyərik ki, Ramil xaricdə oynasın. Biz də onun ordakı çıxışına sevinər, fəxr edərik ki, bir yerli futbolçumuz Avropada uğurla çıxış edir.

Amma ola bilər, vəziyyət elə gətirib ki, Ramil müəyyən problemlərlə üzləşib. Məsələn, komandası ilə bağlı problem yaşadı, bir az çətinliyi oldu, ayrıldı, yeni komanda tapa bilmədi. Eyni zamanda, formadan düşmək məsələsi də var.

Ola bilər, Rusiyada, yaxud başqa ölkələrdə ürəyi istəyən klubu tapmayıb. Bu məqamda da “Sabah”da çıxış etmək variantı ortaya çıxıb. Müsahibəsində də deyir ki, mövsümün sonuna qədər bu komandada qalıb, burdan xaricə getmək istəyir.

Oynamaq, formada qalmaq, fiziki cəhətdən əziyyət çəkməmək üçün verdiyi qərarı hardasa düzgün hesab etmək olar. Amma karyerası baxımından götürsək, bu, onun üçün geriyə atılan addımdı. Əlbəttə, futbolçunun verdiyi qərarı, səbəblərini özü daha yaxşı bilir.

Düşünmürəm ki, Ramil bura maddiyyata görə gəlib. Mənə elə gəlir ki, o, sırf peşəkar şəkildə oynayıb, təcrübə qazanmaq üçün bu addımı atıb. Onunla birlikdə işləmişəm, millidə çalışmışıq. Onun necə xarakterdə futbolçu olduğunu bilirəm”.

Vaxtilə Rusiyanın mütəxlif klublarında çıxış edən mütəxəssis Ramilin yenidən legioner həyatı yaşaya biləcək potensialda olduğunu düşünür: “Ramil hələ cavandı,

28-30 yaşı yoxdu ki, deyək karyerasının sonlarına yaxınlaşır. Onun potensialı var. Əsas onun öz düşüncələridi. O da bura gəlib, ilişib qalmaq istəmir. Bura gəlib, yenidən Avropaya qayıtmaq istəyir”.

Futbol agenti Vaqif Heydərli isə Şeydayevin keçidini belə şərh etdi: “Transferin, məsələnin təfərrüatını bilmirəm. Amma kənardan baxıb bildiyim odu ki, daha yaxşı komanda tapa bilmədiyi, oyun təcrübəsini artırmaq üçün bu addımı atıb.

Oyun təcrübəsinə görə bura gəldiyini düşünürəm. Onun Azərbaycana qayıtmasının nə qədər uğurlu addım olduğunu zaman göstərər".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right