"Sabah"ın prezidenti Ramil Şeydayevin transferindən danışdı

“Sabah”ın Azərbaycan millisinin əsas üzvlərindən Ramil Şeydayevi heyətinə cəlb etməsi bir qədər gözlənilməz olub.

Newsport.az-ın məlumatına görə, “Qarabağ”dan ayrıldıqdan sonra Rusiya Premyer Liqa təmsilçisi “Krılya Sovetov”da çıxış edən, daha sonra “Dinamo” ilə anlaşan Şeydayevin karyerasını ölkə xaricində davam etdirəcəyi gözlənilirdi.

Lakin 23 yaşlı hücumçu Azərbaycana qayıtmaq qərarını verdi. Özü də Premyer Liqanın gənc klublarından olan “Sabah”a...

Futbolçunun keçidi ilə bağlı Bakı təmsilçisinin prezidenti Maqsud Adıgözəlovun fikirlərini öyrəndik: “Ramil Şeydayev bu gün Azərbaycanın ən səviyyəli futbolçularından biridir.

Yığmamızın əsas heyət üzvlərindəndir. Rusiya Premyer Liqasında oyun təcrübəsi var. Fikrimcə, onun keçidi “Sabah”a böyük xeyir verəcək. Komandamızın onun kimi hücumçuya ehtiyacı var idi”.

Hazırda azərbaycanlı futbolçular arasında ölkə xaricində uğurlu legioner karyerası yaşayan çox azdır. Bir çox futbol mütəxəssisləri bu amilin milli komandamızın çıxışına birbaşa təsir etdiyi fikrindədir.

Ramil Şeydayev Azərbaycan millisinin əsas üzvlərindən hesab olunur. “Krılya Sovetov”dakı çıxışı ilə yerli futbolsevərləri ümidləndirən 23 yaşlı hücumçunun ən azı bu ölkədə çıxışını davam etdirəcəyinə inam çox idi.

Lakin onun yenidən ölkə çempionatına üz tutması yerli futbol ictimaiyyəti tərəfindən heç də birmənalı qarşılanmadı.

“Sabah”ın prezidenti Maqsud Adıgözəlovun bu məsələyə münasibəti belə olub: “Niyə biz düşünürük ki, səviyyəli azərbaycanlı oyunçular yerli çempionatda oynamamalıdır?

Bu cür məntiqlə yanaşsaq, Azərbaycan klublarında ancaq legioner futbolçular oynamalıdır. Biz çempionatımızın səviyyəsini artırmaq üçün yerli və ya əcnəbi olmasına baxmayaraq, səviyyəli futbolçularla güclənməliyik.

Güclü Azərbaycan çempionatı olmadan Avropa səviyyəli azərbaycanlı futbolçuların yetişməsindən danışmaq yersizdir. “Sabah”la müqavilə onun Avropaya yolunu bağlamır.

Bizim Ramillə çox yaxşı münasibətimiz var. Əgər onun Avropaya yollanmaq imkanı yaransa, “Sabah” bununla bağlı heç bir problem yaratmayacaq”.

Adıgözəlov həmçinin, Ramil Şeydayevin “Sabah”a transferinin komandadakı gənc futbolçular üçün böyük stimul olduğunu bildirib:

“Biz klubun formalaşmasında beynəlxalq təcrübədən faydalanırıq. İstər futbolçu, istər məşqçi, istərsə də əməkdaş seçimində bu amili əsas tuturuq.

Bu gün “Sabah”da Futbol Akademiyasına böyük diqqət göstərilir. Həm əvəzedicilər, həm də U-19 və U-17 komandalarımız çıxış etdikləri çempionatda liderlər qrupunda qərarlaşıb.

Sadaladığım amillər bizim düzgün yolda olduğumuzdan xəbər verir. Bu qış toplanışında U-19 komandamızın dörd üzvü əsas komanda ilə birlikdə Antalyada təlim-məşq toplanışına qatıldı. Bu, həmin uşaqlar üçün böyük təcrübə oldu.

Ramil Şeydayev kimi Azərbaycan millisinin əsas heyət üzvlərindən birinin “Sabah”da oynaması, öz gələcəyini bizim klubda görən gənclərə böyük stimul verir.

Bu gün Ramilə oynamaq, qollar vurmaq, bizə isə mövsümün əvvəlində qarşımıza qoyduğumuz məqsədə çatmaq lazımdır. İnanıram ki, bu mübarizədə Şeydayevin bizə çox böyük köməyi dəyəcək” (oxu.az).

Futbolçu karyerasına Rusiyanın “Zenit” klubunda başlayan Ramil daha sonra Sankt-Peterburq klubunun əsas komandasında çıxış edib. Şeydayev “Zenit”dən başqa, Rusiyanın “Rubin”, “Krılya Sovetov”, “Dinamo” (Moskva), həmçinin Türkiyənin “Trabzonspor”, Slovakiyanın “Jilina” klublarında və ölkəmizdə “Qarabağ”da çıxış edib.

Rusiyanın aşağı yaş qrupları ilə yanaşı, bu ölkənin U-21 millisində də çıxış etmiş Şeydayev 2016-cı ildən Azərbaycan yığmasının uğurları üçün çalışır. O, əsas millimizdə keçidriyi 26 oyunda dörd qola imza atıb.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah