Ayxan Abbasov: "Kor-koranə oynamırıq"

Azərbaycan Premyer Liqasında XIV turun "Sumqayıt" - "Qəbələ" (1:1) oyunundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.

 

Newsport.az-ın məlumatına görə, 38 yaşlı mütəxəssis əvvəlcə matç barədə fikirlərini bildirib:

 

- Çempionatın qış fasiləsindən öncəki son oyunu idi. Rəqibi təhlil etmişdik. "Qəbələ" son oyunlarda yaxşı çıxır edirdi, böyükhesablı qələbələr qazanırdılar. Təcrübəli legionerləri var. İstəmədiyimiz səhv bizə baha başa gəldi. Qırmızı vərəqələr rəqibi daha çox motivasiya etdi. Biz də dəyişikliklər etdik, hətta 3 hücumçu ilə oynadıq. Çempionatın qış fasiləsini 4-cü yerdə bitirmək bizim üçün yaxşıdı. Yəqin ki, qışdan sonra da eyni heyətlə davam edəcəyik. Futbolçuların da inkişafını istəyirik, nəticəni də. Sırf nəticəni istəsək, başqa şərtlərlə çalışmalıyıq. Ancaq gənclərin də inkişafını düşünürük. Qarşıda kubok oyunumuz var, sona qədər vuruşacağıq.

 

- Baş məşqçi olaraq bu heyətlə ideyalarınızı gerçəkləşdirməyi neçə faizlə dəyərləndirirsiz?
- Futbolçularımın meydanda nə etdiyi bəllidir. Kor-koranə oynamırıq. İlk turlara baxsaq, fərq hiss olunur. İnkişaf var, amma rəqiblərimiz də artıq transferlərə başlayıb. Bu komandanı götürəndə belə halları rəhbərliyə bildirmişdim ki, bizi nələr gözləyir. Əsas məqsədimiz sonuncu olmayıb, bacardığımız qədər yuxarıda olmaqdır. Oyunlardakı geridönüşlərimiz də bir siqnaldır. Bu komanda 1-2 ildən sonra daha iddialı ola bilər.

 

- Oyunun kənarından görünürdü ki, heç-heçəyə razıydız. Ancaq sonda 3 hücumçu ilə oynadız...
- Qırmızı vərəqə olmamış sistemi dəyişmək istəmirdim. Həftəboyu bunun üzərində çalışmışdıq, anidən sistemi dəyişmək istəmədim. Qırmızı vərəqədən sonra risk etməliydik. Bu, normaldır. Qırmızı vərəqə olmasaydı, bəlkə də daha rahat hücuma çıxa bilərdik. Rəqib sonuncu qırmızı vərəqədən sonra daha yaxşı müdafiə olundu.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah