"Xəyalımdakı "Qarabağ"ı görmədim" - Tahir Gözəl

"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl Avropa Liqasının qrup mərhələsinin V turunda "Sevilya"ya 0:2 hesabı ilə uduzduqları oyundan sonra Newsport.az-ın Seviliyaya ezam olunmuş əməkdaşının suallarını cavablandırıb.

O, klub rəsmisi əvvəlcə məğlubiyyəti şərh edib.

- Qarşımızda nəhəng klub var idi. Başa düşürəm, bizimkilər də dəqiq oynamaq istəyirdi. Birinci yarı pis deyildik. Amma ikinci hissənin ilk 20 dəqiqəsində çox zəif oynadıq. Sanki inamımızı itirmişdik. Halbuki mən daha inamlı olacağımızı ehtimal edirdim. Onları qapımıza yaxın buraxmaq olmazdı. Əlbəttə ki, oradan qol vura bilərdilər. Üzüldüm. Daha təhlükəli rəqib kimi görünəcəyimizə inanırdım. Bu gün çox passiv idik.

- İlk yarı 0:0 başa çatdıqdan sonra ikinci hissə üçün inamınız artmışdı?

- İkinci yarıda ilk hissədəki kimi oynasaydıq, yaxşı olardı. Məncə, ikinci yarıya zəif başladıq. Bu gün bəlkə də bərabərlik üçün oynadıq və səhvimiz də bu idi. Ancaq əlbəttə ki, nəhəng kluba qarşı oynadıq. "Qarabağ"ın ifasında gözəl oyun görmədim. Məni məyus edən bu oldu.

- Dünən demişdiz ki, qorxaq oyun yox, hücum futbolu göstərməliyik...

- Bəli. Amma arzuma çatmadım. Bu, həqiqətdir. Ancaq istənilən halda "Sevilya" kimi komandaya 0:2 hesabı ilə uduzmaq normaldır. Amma meydanda xəyalımdakı "Qarabağ"ı görmədim.

- Avropa Liqası artıq sizin üçün bitdi. Necə şərh verəcəksiniz?

- Bəli, bitdi. Biz bu qrupdan çıxmalıydıq. Tarixi fürsət var idi. Pis də oynamadıq. APOEL-lə oyunları xatırlayanda insan üzülür. Çünki pis oynamadıq. Qrupdan çıxmağa layiq idik. Sadəcə bəxtimiz gətirmədi.

- Sizcə, harda bitdi bu şans, Nikosiyada?

- Mən Sevilyada da ümidli idim. Birinci yarıdan sonra ikinci hissəyə daha inamlı çıxacağımızı düşündüm. Amma arzuladığımız oyunu oynamadıq.

- Sizcə, bu, indiyə qədərki ən münasib qrup deyildi?

- Bizim üçün tarixi fürsət idi. Ən yaxşı fürsət idi.

- Baş hakim çox fit vermirdi?

- Xeyr, elə şey hiss etmədim. Qısamüddətli hərəkətlilik oldu oyunumuzda. Əgər bunu edə biliriksə, niyə 5 dəqiqə, amma 15 dəqqiqə deyil? Onsuz da hesabda geridə idik. Ən azından heç-heçə gözləyirdim. Məncə, 0:1-dən sonra 0:4-ün də fərqi yoxdur. Qurban Qurbanov deyiləm, peşəkar məşqçi də deyiləm. Mən sadəcə emosional fanatam.

- Qarşıdakı illər üçün hədəf qrupdan çıxmaq olaraq qalacaq, yoxsa bu nəticə sizi futboldan küsdürdü?

- Xeyr, küsmədim. "Qarabağ" məni küsdürəcək heç nə etmədi. Elə şey yoxdur. Əlbəttə, strategiyamızı fikirləşməliyik. Bizi düşündürən bir şey var. Yerli futbolçular yoxdur, yetişmir. Məcburuq ki, xarici oyunçular gətirək. Bu səviyyədə oynayırsansa, məcbursan. Qurban Qurbanovun qarşısına hədəf qoyanda deyə bilməzsiz ki, həm buna nail ol, həm də yerli oyunçu yetişdir. Ona görə oturub ağıllı fikirləşəcəyik, məsləhətləşəcəyik ki, "Qarabağ" və ölkə futbolu üçün qısa və uzunmüddətli hədəf nədir. İndi beynimdə heç nə yoxdur.

- Rəşad Sadıqov kənarda idi və meydanda yenilənmiş müdafiə xətti vardı Necə təsir bağışladılar?

- Əlbəttə, belə də olmalıdır. Verilən qərarlar düzgündür. Mən də dəstəkləyirəm. Abbas Hüseynovu, Rahil Məmmədovu görəndə çox sevindim. Rahil də ən yaxşı müdafiəçilərimizdəndir.

- Meydandakı ən yaxşı oyunçunuzub Aylton olduğunu demək olar? Necə düşünürsüz, bütün kollektiv elə oynasaydı, nəticə başqa cür ola bilərdi?

- Bunu şərh etmirəm. Klub prezidenti kimi nəsə deməyim düz çıxmaz. Bu ab-havada nəsə deməyəcəm.

- Komandanım motoru sayılan Abdullah Zubiri tanımaq mümkün deyildi...

- Mən sizinlə razıyam. Bu gün Zubir həminki deyildi.

Hacı Mərdan/Seviliya

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right