Vüqar Məmməd: "Əsas problem AFFA-nın təşkil etdiyi U-17 liqasının aşağı səviyyədə olmasıdır"

17 yaşlılardan ibarət milli komandamız Avropa çempionatının ilkin seçmə mərhələsində uğursuz çıxış etdi.

 

Newsport.az xəbər verir ki, yığmamız Yunanıstana 1:6, Almaniya və Qazaxıstana isə 0:2 hesabı ilə məğlub oldu. AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycan radiosuna müsahibəsində U-17-nin nəticələrindən razı qalmadıqlarını və baş məşqçi Vüqar Məmmədlə müqavilənin müddətini uzatmayacaqlarını dedi.

 

Bəs Vüqar Məmməd nə düşünür? O, millimizin qitə çempionatının seçmə mərhələsindəki çıxışına toxunarkən AFFA-nın təşkil etdiyi U-17 liqasının səviyyəsinin aşağı olduğunu deyib:

 

"Martdan etibarən komanda mənə tapşırılıb. İyuldan başqa, demək olar, bütün aylarda təlim-məşq toplanışlarımız olub. Əsas problem AFFA-nın təşkil etdiyi U-17 liqasının aşağı səviyyədə olmasıdır. Bundan başqa, futbolçuların süni meydandan təbii örtüyə uyğunlaşması problemini qabardardım. Əslində xırda çatışmazlıqlar çoxdu. Onları da üs-üstə gələndə ortaya bir çox problemlər çıxır".

 

Vüqar Məmməd daha bir maraqlı faktın üstünü açıb. Məlum olub ki, yığmada buts problemi var:

 

"Bu günə qədər heç vaxt deməmişəm. Ancaq indi yeri gəlib vurgulayacağam. Bilirsiz ki, futbolçuların çoxusu imkansız ailədən çıxırlar. Bu üzdən çoxunun, bəlkə də gülməli görünəcək, buts problemi var. 9 ilə yaxındır yığmalarda çalışıram. Bu müddət ərzində Avropa çox gedib gəlmişəm. Bu üzdən bilirəm ki, orda ilin bu vaxtında tez-tez yağış yağır. Ona görə də belə havada dəmir altlıqlı butslarla meydana çıxmaq lazımdır. Uşaqlara əvvəlcədən xəbərdarlıq etdik, tapşırıq verdik ki, dəmir altlıqlı butslar alsınlar. Bəzi klublar oyunçularına aldılar, bəzilərini AFFA təmin etdi.

 

Əslində hər yerdə butsu futbolçu özü alır. Biz klublara dedik ki, yığma üzvlərinə buts alsınlar. Sağ olsunlar, bir-iki klub bunu təmin etdi.Olmayanlara özümüz aldıq. Özünüz də bilirsiniz ki. 6 aya yeni komanda qurmaq çox çətindir. Çalışdıq ki, nəsə edək. Futbolda bəzən istədiyin alınır, bəzən də alınmır. (Futbol+)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right