"Qarşıda "Qarabağ"a qalib gəlməli olduğumuz matç var"

“Bu oyunumuz və qələbə hamımızın xoşuna gəldi. Ancaq sabahdan işə başlamalıyıq. Cümə axşamı Avropa Liqasında qalib gəlməli olduğumuz matç var. Bərpa olunaraq, bu görüşə hazırlaşmalıyıq”.

Newsport.az xəbər verir ki, bunu Avropa Liqasında “Qarabağ”la qarşılaşacaq “Sevilya”nın futbolçusu Xoan Xordan Moreno İspaniya La Liqasının XIV turunda səfərdə “Valyadolid”i 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

25 yaşlı ispaniyalı yarımmüdafiəçi 3 xalı böyük çətinliklə əldə etdiklərini vurğulayıb: “Oyuna nəzarət etsək də, son dəqiqələrdə azlıqda qaldıq. Buna rəğmən qalib gəldik. Üç xal götürdüyümüz üçün şadam. Səfərdə oynadığımız zaman rəqibin təzyiq göstərəcəyini bilirik.

Tempi öldürmək baxımından çatışmazlıqlarımız aşkar görünürdü. Komandamızın bütün turnirlərdə mükəmməl çıxış etmək imkanı var. Meydanda hansı futbolçunun yer almasından asılı olmayaraq, komanda çox yaxşı təəssürat bağışlayır. Bu cür davam etməliyik. Liderlər sırasında yer alsaq da, çempionat uzun yoldur. Hələ heç nəyə nail olmamışıq”.

Cari mövsümdə rəqib meydanlarında keçirdiyi 8 oyundan (5 qələbə, 1 heç-heçə, 2 məğlubiyyət) 16 xal toplayan Andalusiya təmsilçisi ən yaxşı səfər komandasıdır.

Xordan Moreno bunun yaxşı xəbər olduğunu bildirib: “Bu, bizim üçün motivasiya olmalıdır, rahatlaşmamalıyıq. İnkişaf etməliyik. Topla bizdə hər şey yaxşıdır. Ancaq topsuz daha çox qaçmalıyıq”.

    




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right