"Yurçeviç gedəndən sonra onu söyməyim düzgün çıxmaz" - Emin Mahmudov

"Neftçi"nin kapitanı Emin Mahmudov Azərbaycan Premyer Liqasının 12-ci turunda evdə "Qəbələ"yə 4:1 hesabı ilə qalib gəldikləri matçdan sonra brifinqdə jurnalistlərin suallarını cavablandırıb.

- Görüşlə bağlı nə deyəcəksən?
- Oyuna yaxşı başladıq və qollarımızı vurduq. Ancaq 3:0-dan sonra rahatçılıq oldu. Özümüzü rahat hiss etdiyimizə görə "Qəbələ" bizdən daha yaxşı oynamağa başladı. Qol epizodları da yaratdılar, biz də oyunumuzu itirdik. Fasilədən sonra isə yenə də yaxşı başladıq, son dəqiqələrdə yorğunçuluq hiss olundu və sonlarda “Qəbələ” yenə bizdən yaxşı oynamağa başladı.

- Yenidən ikinci pilləyə yüksələ bildiniz. Əsas rəqibiniz “Keşlə”dir, yoxsa “Qarabağ”?
- Bizim əsas rəqibimiz özümüzük. Çünki yalnız öz oyunumuz haqda düşünməliyik. Digər oyunları fikirləşib, öz oyunlarımızı udmasaq çətin olacaq. Qarşıdakı oyunları fikirləşməliyik.

- “Qarabağ” mövsümdə ilk məğlubiyyətini Sumqayıtda aldı. Liderin uduzması sizin bugünki görüşdə ikiqat motivasiya ilə oynamağınıza səbəb oldu?
- Bizə hər oyun qələbə qazanmaq lazımdır. Ona görə də hər oyun bizim üçün vacibdir. Geridə qalan oyunlarda çox xallar itirdik. İndi həmin xalları birtəhər edib geri qaytarmalıyıq. Bunun üçün də yalnız qələbələr lazımdır.

- Dario Frederiko əvəzlənəndə sanki baş məşqçinin qərarından narazı qaldı. O, birbaşa paltardəyişmə otağına yollandı. Bu haqda nə demək istəyərdin?
- Futbol emosional oyundur. Emosiolar olmasa futbol maraqsız olar. Ola bilər ki, Dario nədənsə narazı idi. Amma o, baş məşqçidən yox, bizdən narazı ola bilərdi. Çünki ona 1-2 söz dedilər. Amma paltardəyişmə otağında qələbəyə görə sevinirdik. Hər şey qaydasında idi.

- Qarşıda ölkə kubokunun da oyunları var. Kubokdakı məqsədiniz nədir?
- Kubok oyunları da bizim üçün vacibdir. Məqsədimiz ölkə kubokunu da qazanmaqdır. Çalışacağıq ki, qarşıdakı oyunlarda qələbə qazanaq.

- Səncə, indiki “Neftçi”nin həm kuboku qazanmaq, həm də çempionluq uğrunda sona qədər mübarizə aparmaq potensialı var?
- Kuboku və çempionatı bir-birindən ayırmaq olmaz. Hər oyuna maksimum konsentrasiya ilə çıxmalıyıq. “Qəbələ”yə qarşı ilk 25 dəqiqə oynadığımız oyunu bütün oyunboyu göstərə bilsək yaxşı nəticələr ola bilər.

- Milli komanda haqda danışmamaq olmaz. Çünki milli komandanın üzvüsən. Ümumi götürsək, millimizin qrupda bir xal qazanmasını necə dəyərləndirirsən?
- Əlbəttə ki, bir xal azdır, yaxşı nəticə deyil. Amma çətin qrupda yer almışdıq. Futbolçularımız yaxşı nəticələr üçün oynadı. Əsas odur ki, mübarizə apardıq.

- Hamı çətin qrup olduğunu deyir. Ancaq bundan da çətin qrupda yer almışıq və ən azından üç-dörd xal qazanmışıq. Bu dəfə isə fiasko oldu...
- San-Marinonu udurduq altı xalımız olurdu. Bu cür komanda düşmədi bizə. Qrupdakı bütün rəqiblər Avropa çempionatının iştirakçısı idi. Əlbəttə ki, bəhanə deyil. Nəticə daha yaxşı olmalı idi. Ancaq alınmadı.

- Heç olmasa dörd xalımızın olması üçün nə çatmadı?
- Bir qələbə olsaydı, dörd xalımız olardı(gülür).

- Millidə oynamamağının səbəbini nədə görürsən?
- Baş məşqçinin verdiyi qərardır. Ona görə bu barədə heç nə deyə bilmərəm. Özünüz də gördüz ki, bugünki oyunda son 20 dəqiqə yorulmuşdum, qaçmaq çətin idi. Çünki milliyə gedəndən sonra ritmdən düşürəm. Qayıdanda isə mənə çox çətin gəlir. İndi milli oyunları yoxdur, inşallah daha yaxşı formada olaram.

- Nikola Yurçeviçə "məni niyə oynatmırsan?" sualını vermisən?
- Nikola Yurçeviçin verdiyi qərarlardır. Mənim işim milliyə gəlib, bacardığımı etməkdir. Bir dəfə Yurçeviç mənə yaxınlaşıb, onun futbol fəlsəfəsinə bir az uyğun gəlmədiyimi söyləmişdi. Ona görə də oynamayacağımı bilirdim.

- Xorvatiyalının baş məşqçi postundan göndəriləcəyi gözlənilir. Yurçeviçin gedəcəyi təqdirdə sənin də millidəki yolun açılacaq?
- Millidə baş məşqçi kim olacaq, kim gedəcək deyə heç fikirləşmirəm də. Nikola Yurçeviç haqda pis söz deyə bilmərəm. Qalsa da, getsə də. Bunu düzgün hesab etmirəm. Əvvəl heç nə demirəm, amma gedəndən sonra onu başlayıb söyməyim doğru çıxmaz.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right