Riad Rəfiyev: "Bu kollektiv bizi tam qane edir"

"Sumqayıt"ın prezidenti Riad Rəfiyev Premyer Liqanın 12-ci turunda evdə "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra jurnalistlərə müsahibə verib.

Newsport.az həmin müsahibəni təqdim edir:

- Qələbəni bütün Sumqayıt sakinlərinə həsr edirik. Sumqayıtın yaranmasının 70 illiyidir. Bu qələbə də bizdən şəhərimizə hədiyyə olsun. Gördüyünüz kimi, çox maraqlı oyun oldu. Birinci hissədə zəif oynadıq, istədiyimizi edə bilmədik. İkinci yarıda isə Ayxan Abbasov komandanı toparlaya bildi və daha aqressiv, qələbə istəyən hücuma meyilli "Sumqayıt" gördük. İstəyimizə də nail olduq. İkinci hissəni daha yaxşı keçirdik.

- Bu qələbəyə görə mükafat olacaqmı?

- Əlbəttə, mükafat olacaq. Amma məbləği bir az sonra özümüz danışacağıq. Bu, klubun sirridir.

- Qələbə haqda düşünürdünüzmü?

- Əlbəttə. Biz hər görüşə qələbə üçün çıxırıq.

- "Sumqayıt" bir neçə turdur ki yüksəlişdədir. Gələcəkdə bu tempi qoruyub, saxlamaq mümkün olacaq?

- Gəlin, gələcəyə baxmayaq. Əsas odur ki, bu gün komanda yaxşı oynayır. Qalib gəlmişik, sevinirik. Gələcəkdə nə olacaq, Allah bilir.

- Qış fasiləsi yaxınlaşır. Hazırlığı hansı ölkədə keçirəcəksiniz?

- 99 faiz bu ölkə Türkiyə olacaq. Komanda artıq neçə mövsümdür ki, Türkiyəyə gedir. Bu il də çox güman ki, oraya gedəcəyik.

- Bəs, qışda transferlər olacaq?

- Ona hələ baxacağıq. Komanda yaxşı təsir bağışlayır. Əgər transfer etməli olsaq, maksimum 1 oyunçu ala bilərik. Bu kollektiv bizi tam qane edir. Sadəcə, oyunumuzu daha da yaxşılaşdırmaq lazımdır. Ondan sonra nəticələrimiz daha yaxşı ola bilər.

- Azərbaycan millisinin nəticələri hamımızı üzdü. Bu uğursuzluğun səbəblərdən biri də yerli futbolçularımızın xaricdə legioner həyatı yaşamaması ola bilər? Bu istiqamətdə nə çatışmır? Agentlər zəifdir?

- Bu, tam başqa mövzudur. Bu günkü oyunla heç bir əlaqəsi yoxdur. "Qarabağ" kimi komandanı udmuşuq, sevinirik. Amma indi siz başqa mövzudan sual verirsiniz.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right