"Hamı düşünürdü ki, Azərbaycana 5 qol vuracağıq"

AVRO-2020-nin seçmə mərhələsinin son oyununda Azərbaycan millisini qəbul edən Slovakiya yığması 2:0 hesablı qələbəyə baxmayaraq, Avropa çempionatına vəsiqə qazana bilməyib. Newsport.az xəbər verir ki, yerli mətbuata geniş müsahibə verən baş məşqçi Pavel Hapal komandasının bu turnirdəki çıxışını dəyərləndirib.

50 yaşlı mütəxəssis millimizlə son oyun barədə də danışıb.

- Qələbə qazansanız da, sizə uğur gətirməyən matçı necə dəyərləndirirsiniz?

- Oyuna yaxşı qoşulduq, ilk hissəni üstün keçirdik. Azərbaycanın daha sıx oynayacağını, müdafiədə qalacağını, fasilələrlə hücuma çıxacağını və standart vəziyyətləri gözləyəcəyini bilirdik. Bizi rahatladan qolu vurduq. Ancaq fikrimcə, həmin top komandanı həddən artıq sakitləşdirdi. İkinci hissənin əvvəli heç də ideal deyildi. Yəqin ki, Uelsdən gələn xəbər bunda rol oynadı. Buna baxmayaraq, qələbə qazanmağı bacardıq. Azərbaycan bərabərlik topu üçün böyük şans yaxalasa da, ikinci qolu da biz vurduq. Həmişə demişəm ki, nisbətən zəif rəqiblə oynasan belə, onlar yenə də bir qol şansı qazanacaq. Azərbaycan da bunu etdi. Dubravka komandamızı qurtardı və müsbət nəticənin əsas səbəbkarı oldu. Qələbə vacib idi. Seçmə mərhələyə azarkeşlərimizin önündə qalibiyyətlə yekun vurduq. Qrup ikinciliyini əldə edə bilmədiyimiz üçün məyusuq.

- Seçmə mərhələdən Avropa çempionatına vəsiqə qazana bilmədiniz. İndi pley-offda mübarizə aparacaqsınız. Orda uğur qazanmaq üçün nəyi inkişaf etdirməlisiniz?

- Kollektiv şəklində güclü idik. Bu, rəqiblə də bağlıdı. Nəticə rəqib üçün qəbulolunandısa, müqavimət göstərə bilər. Azərbaycan da 0:1 hesabı ilə geridə olduğu üçün çox açıq futbol oynamadı. Sona qədər mübarizə aparmağa çalışdıq, amma yüz faizlik şans yaratmadıq. 2:0-ı daha tez reallaşdırsaydıq, başqa cür ola bilərdi. Bu problemləri yoluna qoymalıyıq. Mən təkcə Azərbaycanla görüşü nəzərdə tutmuram. Əgər bir yerlərə yüksəlmək istəyiriksə, güclülərlə də hesablaşmağı bacarmalıyıq.

- Matçın ikinci hissəsində azarkeşlər komandanı fitə basmağa başladılar. Bunu texniki zonadan necə qarşıladınız?

- Əlbəttə, 3:0 və ya 4:0 hesabı ilə qalib gəlməyəndə insanlar əsəbi olur. Təəssüf ki, seçmə mərhələdən şansımızı itirdik. Qələbə qazansaq da, azarkeşlərin bu hərəkətini başa düşürəm. İnsanları şənləndirməyə və həvəsləndirməyə üstünlük verərdim. Hamı düşünürdü ki, Azərbaycan gələcək, ona 5 qol vuracağıq və xoşbəxt olacağıq. Təəssüf ki, belə deyil. Onların oyunlarına diqqət yetirmisinizsə, səfərdə çox qol buraxmadıqlarını görmüsünüz. Hətta Xorvatiya belə, Azərbaycan önündə çətinlik çəkib.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah