"Azərbaycan bizə ofsayddan iki qol vurdu"

Avropa çempionatının seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan Slovakiya ilə Gürcüstan arasında dünən keçirilən matçda birincilər 3:2 hesablı qələbə qazanıb. Newsport.az saytı xəbər verir ki, qarşılaşmadan sonra mətbuat konfransında fikirlərini bildirən Slovakiyanın baş məşqçisi Adrian Qula hakimlikdən şikayət edib.

44 yaşlı mütəxəssis seçmə mərhələnin Bakıda keçirilən ilk oyunlarında Azərbaycan millisinə məğlubiyyəti də yada salıb. O, həmin qarşılaşmada da hakim haqsızlığına məruz qaldıqlarını söyləyib: "Azərbaycan bizə ofsayddan iki qol vurdu. Hətta birini biz özümüz də hiss etmədik. Həmin matçda rəqibin hücumları mübahisəli idi. Üstəlik, zədəlilərimiz də oldu. Buna baxmayaraq, uşaqlar özlərində güc taparaq, final mərhələsinə vəsiqə yolunda mübarizəni davam etdirdilər".

Qula əsas yığmanın AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə bu gün keçiriləcək oyununa da münasibət bildirib. O, Pavel Hapalın yetirmələrindən qələbə gözlədiyini deyib: "Azərbaycanla oyunda əsas yığmaya azarkeşlik edəcəyik. Xorvatiya ilə oyunu da birlikdə televiziyadan izləyirdik. Birinci hissədən sonra sevincdən tullanıb-düşürdük. İnanıram ki, uşaqlar Azərbaycanla görüşdə qələbə qazanacaq və paralel matçda da nəticə lehimizə olacaq. Hamımız Avropa çempionatına vəsiqəni arzulayırıq".

Qeyd edək ki, sentyabrın 6-da "Dalğa Arena"da Azərbaycanla Slovakiyanın U-21 yığmaları arasında keçirilən görüş komandamızın 2:1 hesablı qələbəsi ilə nəticələnmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right