"Birləşmiş Liqa" ideyası: "Qarabağ" ilk "8-liy"ə düşə bilər

Rusiyanın tanınmış futbol funksioneri Dmitri İvanov maraqlı fikirlərlə diqqət çəkib. Newsport.az saytının yerli mətbuata istinadən məlumatına görə, o, "Birləşmiş Liqa" yaratmaq və artıq əməli addımlar atmaq lazım olduğunu vurğulayıb.

Moskva "Dinamo"sunun sabiq baş direktoru Belçika və Hollandiya çempionatlarının birləşməyə hazırlaşdığını, bənzər ideyanı keçmiş SSRİ ölkələrinin də tətbiq etməli olduğunu söyləyib.

İvanov konkret olaraq iki ölkə deyil, bir neçə ölkə klubunun liqada iştirakını təklif edib: "Rusiya ilə Ukrayna çempionatlarını birləşdirmək artıq aktual mövzu deyil. Rusiya ilə Belarus klublarını bir araya gətirmək olar. Ancaq belədə kommersiya maraqları az olacaq. "Birləşmiş liqa"nın yaradılmasının ən təbii yolu idman prinsipindən istifadə etməkdi. Keçmiş SSRİ ölkələrini (Ukraynanı saymasaq) götürsək, Rusiya, Belarus, Qazaxıstan və Azərbaycan klubları Avropa arenasında ən yüksək reytinqə malikdilər. Belə bir turnir kommersiya baxımından ən cəlbedici olacaq".

Futbol funksioneri format və klubların qarşısına qoyulacaq öhdəlik barədə də fikir bildirib: "Klublar turnirdə iştirak etmək üçün lazımi büdcəyə sahib olduqlarına dair zəmanət verməlidilər. Minimum büdcə bir milyard rubl olmalıdı - həm Rusiya klubları, həm də vahid liqaya qoşulacaq digər ölkələrin klubları üçün. 18 komandalı çempionat maraqlı olar. Onlardan 12-si Rusiyadan, Belarus, Qazaxıstan və Azərbaycandan isə 2 klub. Ən zəif nəticə göstərən iki Rusiya klubu birinci liqaya düşsün, orda ilk iki yeri tutanlar "Birləşmiş Liqa"ya yüksəlsin. Digər iştirakçı ölkələrə gəlincə, tutaq ki, Belarus klublarından biri 5-ci, digəri isə 10-cu yeri tutdu. Belədə 10-cu olan komanda növbəti mövsüm Belarus çempionu ilə vahid liqada iştirak üçün üz-üzə gəlsin".

İvanov təqvimi və legioner limitini də nəzərə alıb. "Birləşmiş Liqa"da legionerlərə limit qoyulmamasını təklif edən futbol adamı təqvimlə bağlı isə bunları deyib: "Təqvim əhəmiyyətli dərəcədə dəyişməyəcək, amma bir vacib məqam var: Azərbaycandan klubların gəlməsi ilə turnirdə cənub şəhərlərinin sayı artacaq. Buna görə qış fasiləsini əlavə turlarla azaltmaq mümkün olacaq ki, bu da müəyyən üstünlükdü".

Rusiyalı funksioner avrokubokların "Birləşmiş Liqa" ilə üst-üstə düşməsi variantını da nəzərə alıb: "Bu, müəyyən dərəcədə problemdi. "Birləşmiş liqa"da iştirak etsəniz, Avropa yarışlarında təmsilçilər azalacaq. Digər tərəfdən Belarus, Qazaxıstan və Azərbaycan komandaları Avropada nəyəsə nail olurlarmı? Düzdü, BATE, "Astana" və "Qarabağ"ı vurğulamaq olar. Çünki onlar Çempionlar Liqasında iştirak edib. Ancaq bu qədər. Adətən Belarus, Qazaxıstan və Azərbaycan klubları ilk mərhələlərdəcə avrokubokla vidalaşırlar. Yəni avrokubokda iştirak onlar üçün zərərlidi. Niyə Uels klubları İngiltərə çempionatında iştirak edirlər və bunu avrokubok xəyallarından üstün tuturlar? Çünki İngiltərə çempionatında iştirak maddi gəlir deməkdi. Şübhə etmirəm ki, BATE, "Kayrat" və "Qarabağ" ilk "8-liy"ə düşə bilər. "Birləşmiş Liqa" isə yeni sponsorluq imkanları deməkdi. Bu liqanın kifayət qədər faydası olar: daha çox sponsor - futbola daha çox pul yatırmaq, rəqabəti sərtləşdirmək, çempionatın coğrafiyasını genişləndirmək, tamaşaçı marağı, təqvimdə manevr etmək üçün yeni imkanlar".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right