Azərbaycanlı klub prezidenti hakim qarşısında Milyonlar necə mənimsənilib?

Bakı Ağır Cinayətlər Məhkəməsində "Xəzər" FK-nın prezidenti Emin Zeynalovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Newsport.az xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Prosesdə Emin Zeynalovun vəkilləri məhkəməyə vəsatətlər təqdim ediblər. İlk vəsatət Emin Zeynalovun ev dustaqlığına buraxılması ilə bağlı olub. Digər vəsatətdə vəkillər bildirib ki, Emin Zeynalov 6 aya yaxın DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılıb. Həmin müddət ərzində ondan etirafedici ifadələr alınıb. Vəkillər həmin ifadələrin sübutlar siyahısından çıxarılmasını istəyiblər.

Məhkəmə müşavirədən sonra vəsatətlərə münasibət bildirib. Qərara əsasən vəsatətlər təmin edilməyib. Baxış iclası noyabrın 5-nə təyin edilib.

İttihama görə, Emin Zeynalov bankda qeyri-leqal pul dövriyyəsi sxemi qurmaqda, onlarla adamın 100 milyon manata yaxın vəsaitini mənimsəməkdə günahlandırılır.

Bildirilir ki, Emin Zeynalov ötən ilin aprelində “GünayBank” ASC-nin idarə heyətinin sədr müavini təyin edilməsindən sonra banka uçota alınmayan on milyonlarla manat vəsait cəlb edib və bu qeyri-leqal depozitlərə görə sahiblərinə hər ay 1-3 faiz pul ödəyib.

Lakin bir müddət sonra vəsaitlərlə birlikdə yoxa çıxan E.Zeynalovun pulları onlayn valyuta birjası “Forex”-ə yatıraraq ziyana düşdüyü məlum olub.

Onun bankın Müşahidə Şurasının sədri və səhmlərinin 90 faizə yaxınının sahibi Mahmud Məmmədova da milyonlarla manat borcu yaranıb. Zərərçəkənlər Zeynalovun barəsində hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Emin Zeynalov "Kapital Bank"ın (adı "BUSBank" olanda) keçmiş rəhbəri Zakir Zeynalovun oğludur. Z. Zeynalov 2000-ci ildə yaradılmış Birləşmiş Universal Səhmdar Bankı (BUS) İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilib.

O, 4 avqust 2004-cü il tarixinə kimi həmin vəzifədə işləyib. Daha sonra “Finans Lizinq” ASC Müşahidə şurasının sədri vəzifəsində çalışıb.

Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və maliyyə institutları” kafedrasının dosentidir. E.Zeynalovun pulunu mənimsədiyi şəxslər arasında yüksək vəzifəli məmurlar da var.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right