“Onun istefasının qələbədə rolu yoxdu” - Ruslan Abışov

“Sabah”ın kapitanı Ruslan Abışov Futbolinfo.az saytına müsahibəsində komandasının cari mövsümdəki çıxışını dəyərləndirib, Elşad Əhmədovun istefasından danışıb, milli komandamızın oyunları ilə bağlı fikirlərini dilə gətirib:

- Elşad Əhmədovun istefasından sonrakı oyunda qələbə qazandınız. Səncə, onun getməsinin bu qalibiyyətdə rolu nə qədər idi?
- Düşünürəm ki, həmin qarşılaşmada oyunumuz alındı. Elşad müəllim olsaydı da, biz o qələbəni qazanacaqdıq. Onun istefasının qələbədə heç bir rolu yoxdu.

- İqor Ponomoryov komandada nəyisə dəyişə bilib?
- Onun kimi canlı əfsanə ilə çalışmaq həqiqətən xoşdu. İnanıram ki, inkişaf edib daha yaxşı oynayacağıq. Turnir cədvəlindəki yerimizi yaxşılaşdıracağıq. Yeni baş məşqçi ilə bağlı məsələ isə rəhbərliyin işidi.

- Mövsümün əvvəlində iddialı komandalardan sayılırdınız...
- Biz özümüz də nə baş verdiyini anlaya bilmirik. Legionerlərimizin əksəriyyəti yay təlim-məşq toplanışının sonunda bizə qoşuldular. Bəlkə də adaptasiya problemi öz sözünü deyir. Bundan başqa Kevin Kubemba, Cavid Tağıyev və Elşən Abdullayev kimi aparıcı futbolçuların zədəli olması da işimizi çətinləşdirdi.

- Son oyunu zədə üzündən buraxmışdın...
- Zədəm tam sağalıb. “Qarabağ”la matçda meydana çıxa bilərdim. Sadəcə həkimlər icazə vermədilər.

- “Keşlə” mövsümə yaxşı başlayıb və növbəti oyununuz onlara qarşıdır...
- “Keşlə”də Tərlan Əhmədov kimi baş məşqçi varsa, əlavə şərhə ehtiyac yoxdur. Yaxşı hazırlaşmışıq və hədəfimiz 3 xaldır. Çətin qarşılaşma olacaq.

- Milli komandamızım son oyunlarını izlədinmi? Fikirlərin necədir?
- Əlbəttə, izlədim. Düzdür, oyunumuz elə də yaxşı alınmadı. Lakin 1 xal qazanmaq haqqımız idi. Son dəqiaədə qaydalar çərçivəsində vurulmuş qolu saysadılar, evə 1 xalla dönərdi komandamız. Həm də ona görə üzüldüm ki, sayılmayan qolu “Sabah”dakı komanda yoldaşım Bəhlul Mustafazadə vurmuşdu. Bu qol onun karyerası üçün ideal stimul olacaqdı. Təəssüf ki, olmadı.

- Millinin bu dəfəki toplanışına dəvət alacağın gözlənilirdi...
- Bu suala ən doğru cavabı baş məşqçi Nikola Yurçeviç verə bilər. Onun qərarına hörmət edirəm. Amma milliyə dəvət almaq üçün əlimdən gələni edəcəm.

- Ramil Şeydayevin açıqlaması gündəm oldu. Səncə, Ramil haqlı idi?
- Açıqlama ilə tanış deyiləm. Ona görə fikir bildirməyə çətinlik çəkirəm.

- “Neftçi”nin mövsümdə uğursuz çıxış etməsi haqqında nə düşünürsən?
- Hər dəfə deyirəm ki, “Neftçi” barəsində danışmaq çox çətindir. Onlar çempionluğa iddialıdır. Bu yolda uğurlar arzu edirəm.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right