"Azərbaycana gedəndə çətinlik çəkirsiniz" Daniel Ceyms

"İşlər yaxşı getməyəndə reaksiya vermək futbolda çox vacibdi. Vəziyyətdən çıxmaq üçün mütləq nəsə etməlisən. "Suonsi"də olarkən də eyni vəziyyətlə üzləşmişdik. Buna öyrəşmişəm". Newsport.az saytının məlumatına görə, bunu Uels millisinin yarımmüdafiəçisi Daniel Ceyms deyib.

AVRO-2020-nin seçmə mərhələsində millimizin rəqiblərindən olan gənc futbolçu klubu "Mançester Yunayted"in uğursuz çıxışına münasibət bildirib. 22 yaşlı vinger maraqlı müqayisə də aparıb: "Bir il əvvəl başıma gələnləri danışsam, "ağılsız olma" deyərsiniz. Qısa müddətdə "Mançester Yunayted" kimi kluba keçdim. Futbolda hər şey sürətlə cərəyan edir. İstənilən halda bu kluba keçməyimin mənə çox köməyi oldu. Artıq təzyiqlərə də öyrəşmişəm. "Mançester Yunayted"lə Avropa futbolu bəzi ölkələrdə səfərdə oynamağa bənzəyir. Qrupda qalib gələcəyinizi gözlədiyiniz zaman hər hansı bir komandaya qarşı - Slovakiyaya, Azərbaycana - fərqli atmosferə, meydanlara və mədəniyyətlərə gedəndə, həqiqətən də, çətinlik çəkirsiniz".

Ceyms ilk məqsədlərinin Avropa çempionatına vəsiqə qazanmaq olduğunu vurğulayıb: "AVRO-2016-nın oyunlarını ailəmlə birlikdə Marbelyada istirahətdə olarkən izləyirdim. Komandamız yarımfinala qədər irəliləmişdi və bunu təkrarlamaq inanılmazdı. İndi bizdən gözlənilən final mərhələsinə vəsiqə qazanmaqdı. Mənim və digər gənc oyunçuların bu təcrübəni yaşaması heyrətamiz olardı. Hamımız bunun məsuliyyətini dərk edirik. Qarşıda Slovakiya və Xorvatiya ilə ağır oyunlarımız var. Ancaq baş məşqçi hər şeyə qadir olduğumuzu deyir. Slovakiyada qalib gəlsək, bu, irəliyə doğru atılmış böyük addım olar".

Qeyd edək ki, hazırda 6 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşan Uels oktyabrın 10-da Slovakiyanın qonağı olacaqsa, 3 gün sonra Xorvatiyanı qəbul edəcək.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah