"Onunla heç bir şəxsi problemim yoxdu" - Roberto Bordin

Azərbaycan Premyer Liqasında VII turun “Neftçi” – “Səbail” (2:1) oyunundan sonra təşkil olunan mətbuat konfransında “ağ-qaralar”ın baş məşqçisi Roberto Bordin jurnalistlərin suallarını cavablandırdı.

Newsport.az saytının məlumatına görə, o, əvvəlcə görüş barədə fikirlərini bildirdi...

- İlk növbədə oyunçularımı təbrik etmək istəyirəm. Çətin vəziyyətdə oyuna düzgün yanaşdılar. Birinci hissədə çox yaxşı oynadıq. Müxtəlif növ təhlükəli epizodlar yaratdıq, təkcə standart vəziyyətləri qeyd etmək lazım deyil. Fasilədən sonra daha da irəli atıldıq, yenə qol vurmaq istəyirdik. Risk etdik və qol buraxdıq. İkinci hissədə rəqibin qoluna kimi yaratdığımız imkanlarda fərqlənməli və oyunu bitirməliydik. Təəssüf ki, bunu edə bilmədik və rəqib fərqi azaltdı.

- Sizə elə gəlmirmi Soni Mustivar bu gün ötürmələrdə həddən artıq çox səhv etdi?
- Bütovlükdə bütün komandadan razı qaldım. Bəli, o, bəzən ötürmələrdə çoxlu səhvlər edirdi. Ancaq bu, o demək deyil ki, Mustivarın oyununun üstündən xətt çəkmək lazımdı. Vaxtında zonaları bağlayır, epizodlarda çoxluq yaradır və komandaya kömək edirdi. Hətta bir təhlükəli epizodda komandanı xilas etdi. Oyunda texniki səhvlərdən çox belə üstünlüklərə önəm verirəm.

- Ardıcıl ikinci qələbədən sonra komandanın psixoloji məngənədən çıxdığını demək olarmı?
- Bunu demək üçün tezdi. Bizim sanki bir yaramız var idi və bunu hissə-hissə sağaltmağa çalışırıq. Qələbələrlə vəziyyətdən çıxmağa çalışırıq. Avropa Liqası oyunlarından sonra krizisdə idik. Oyunumuzu daha da yaxşılaşdırmaqla bu durumdan çıxmaq istəyirik.

- Növbəti oyundan sonra yaranızı bir qədər də sağaltdığınızı deməyinizçün daha nə lazımdı?
- Hər oyundakı səhvlərdən nəticə çıxarmalıyıq. Növbəti matça hazırlaşarkən bugünkü səhvləri düzəltməyin üzərində işləyəcəyik. Hücumda daha iti olmalıyıq. Çoxlu epizodlar yaradıb, qol vura bilməmək ptoblemdi. Bunu aradan qaldırmalıyıq.

- Səlahət Ağayevin durumu necədi?
- Qasıq nayihəsində ağrılar var idi. Buna görə də oyunu davam etdirə bilmədi. İndi dəqiq nəsə demək olmaz.

- Yaranacaq 2 həftəlik fasilə yüksəlişdə olan komandanın xeyrinədi, yoxsa ziyanına?
- Bu oyundan sonra bir neçə günlük istirahət olacaq. Əlimizdə çox futbolçu olmayacaq, əksəriyyəti yığma komandalara yollanacaq. Bizimlə olanlarla fasilədən yararlanıb, fiziki cəhətdən daha hazırlıqlı olmağa çalışacağıq.

- Tural Axundov ötən matçda çox yaxşı çıxış etdi və gözəl qol vurdu, ancaq bu gün ehtiyatda idi. Belə deyim var ki, qalib heyəti dəyişməzlər...
- Belə deyim var, amma bu, qanun deyil. Dəyişikliklər etmək lazımdı. Həmişə eyni heyətlə oynaya bilməzsən. O, Qəbələdə yaxşı çıxış etdi, qol da vurdu. Heyətdə çoxlu futbolçu olduğuna görə dəyişikliklərə əl atıram. Bu da rəqibin oyun stilindən və həftəboyu məşqlərdən asılıdı. Onunla şəxsi problemim yoxdu. Sadəcə, qərarımız belə idi.

- Dabonun oynamamasının səbəbi zədəli olması idi, yoxsa İnstaqramda hansısa statusunu gördüyünüz üçün meydana buraxmadız?
- Zədəli olsaydı, ehtiyat skamyada olmazdı. Əgər orda idisə, deməli hər an meydana çıxmağa hazır idi. Sosial şəbəkələr futbolçuların şəxsi işidi, buna qarışa bilmərəm.

- Hakimliklə bağlı müəyyən narazılığınız var idi sanki...
- Suallarınız sanki polemika yaratmaq üçündü. Narazılığımı hardan gördüz?

- Tribunadan.
- Bu məsələləri danışmağın mənası yoxdu.

- Oyunboyu çox vaxt Darionu səsləyirdiz. Ondan narazılığınız var idi?
- Bəzi epizodlarda rəqib oyunçunu bağlamalı idi. Mən yadına salırdım ki, daha diqqətli olsun. Hər dəfə adını çəkəndə o demək deyil ki, neqativ bir şey bildirirəm. Pozitiv məqamlara görə də onları səsləyə bilərəm.

- Son zamanlar legioner limiti çox müzakirə olunur. Sizin fikirləriniz necədi, bunun ləğv edilməsini istəyirsiz, yoxsa milli komandaya görə qalmasının tərəfdarısız?
- Heç bir şikayətim yoxdu. Fərqi yoxdu, azərbaycanlı, ya legioner - əgər bir futbolçunun performansı yüksək səviyyədədisə, meydana çıxmalıdı. Bəzən limitdən artıq yerli futbolçu ilə oynamışıq. Kim daha güclüdü, məşqlərdə özünü yaxşı tərəfdən göstərirsə, onlara üstünlük verirəm.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right