"Hiss edirdim ki, alınacaq" - Sertan Taşqın

"Çətin oyun alındı. Hamımız qələbə istəyirdik. Külək də mane olurdu. Buna baxmayaraq, gücümüzün 100 faizini ortaya qoyduq. Düşünürəm ki, layiqli qələbə qazandıq. Vurduğum qoldan başqa daha 1-2 dəfə fərqlənmək imkanım oldu, yararlana bilmədim. Amma hiss edirdim ki, alınacaq. Bu səbəbdən sona qədər getdim. Sevinirəm ki, istəyimə çatdım".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Sumqayıt"ın futbolçusu Sertan Taşqın Azərbaycan  Premyer Liqasının 5-ci turunda "Sabah"a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

Komandasının qələbə qolunun müəllifi olan 21 yaşlı müdafiəçi daha sonra bildirib: "Fasilədən sonra kifayət qədər qol imkanından istifadə edə bilmədik. Belə olduqda "vurmayana vurarlar" prinsipi adamı qorxudur. "Zirə" ilə görüşdə məhz bu cür olmuşdu. Hər dəfə bu barədə düşünürük. Bu dəfə daha kompakt futbol sərgilədik və bizdə hər şey alındı".

3 məğlubiyyətdən sonra ilk qələbələrinin qazanan komandanın futbolçusu deyib: "Vəziyyəti dəyişməli olan şəxslər futbolçulardır. Bu durumdan məşqçi korpusu və futbolçular birlikdə çıxa bilərlər. "Sabah"la oyuna necə hazırlaşırdıqsa, inanıram ki, qarşıdakı matçlara da o cür hazırlaşsaq, çətin durumdan çıxarıq".

S.Taşqın növbəti turda qarşılaşacaqları "Qarabağ" haqda da danışıb: ""Qarabağ"la oyunda da xal qazanmağa çalışacağıq. Əlbəttə, rəqib çox güclüdür. Amma istənilən halda öz oyunumuzu göstərməyə çalışacağıq. Döyüşəcəyik və inanıram ki, xal ala bilərik".





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah