“Sevilya”ya qalib gəlmək iddiamız olmasa, heç oyuna da çıxmarıq” Xayme

“Qarabağ”a adaptasiya prosesim çox asan oldu. Əlimdən gələn ən yaxşısını etməyə çalışıram. Uzun illərdir burada oynayan Miçel və Dani Kintana mənə çox kömək edirlər”.

Newsport.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın ispaniyalı yarımmüdafiəçisi Xayme Romero “Marca” qəzetinə müsahibəsində deyib.

“Saraqosa”nın keçmiş üzvü Azərbaycanda oynaması ilə bağlı bunları deyib: “Baş məşqçi məni bir neçə il əvvəl transfer etmək istəyirdi. Ancaq o vaxt bu, mümkün olmadı. Bu il mənimlə əlaqə saxlayıb yaxşı təklif göndərdilər. 3 illik müqavilə təklifi və avrokuboklarda oynamaq imkanı mənə yaxşı stimul oldu”.

“Qarabağ” haqqında danışan Romero buradakı şəraitin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb: “Özümü fiziki cəhətdən çox yaxşı hiss edirəm.  Hamı ilə münasibətim yaxşıdır. Komandada oynamaq üçün hər bir şərait var. Bu qaydada davam etmək üçün çalışıram. "Qarabağ" fantastik şəraiti olan, futbolçuya hər şeyi təmin edən klubdur. Altı ildir avrokuboklarda iştirak etməsi təsadüfi deyil. Çünki klub rəhbərindən son işçisinə qədər hamı çox yaxşı çalışır. Buradakı şərait, şərtlər La Liqanın yaxşı bir klubu səviyyəsindədir. Bizim içində oteli, istirahət edə biləcəyimiz otaqları və mükəmməl meydançası olan bazamız var. Baş məşqçi Qurban Qurbanov isə çox çalışan, futbolun hər yönünü bilən mütəxəssisdir. Uzun müddətdi klubun "sükanı arxası"ndadır. O, burda hər şeyi dəyişib, çempionluqlar qazanıb, komandasını Avropaya çıxarıb".

Daha sonra Xayme “Qarabağ”ın AL-in qrup mərhələsindəki şansları barədə fikirlərini bildirib: “Komandam hal-hazırda qrupdan çıxmaq barədə fikirləşir. Bizim bunun üçün yaxşı imkanımız var və düşünürəm ki, biz növbəti mərhələyə çıxacağıq”.

“Sevilya” ilə matçın çətin olacağını gizlətməyən Romero rəqib haqqında da danışıb: “Bu il “Sevilya”nın oyunlarına baxmasam da, bilirəm ki, keyfiyyətli heyətə sahib böyük komandadır. Hazırda İspaniya çempionatının birincisidir. Həmçinin, “Sevilya” bu mövsüm Avropa Liqasının qazanmağa iddialı olan komandalardan biridir. Evdə oynayırıq və həmişə olduğu kimi qələbə qazanmağa çalışacağıq. Əgər “Sevilya”ya qalib gəlmək iddiamız olmasa, biz heç oyuna da çıxmarıq. Qalib gəlmək haqqında düşünmürsənsə, niyə oynayırsan? Biz hücumameyilli komandayıq. Həm topa sahib olmağa, həm də yaxşı müdafiə olunmağa çalışacağıq. Həmişə olduğu kimi, təhlükəli epizodlar yaratmaq və kollektiv oyun sərgiləmək üçün mübarizə aparacağıq”.

Qeyd edək ki, bu gün Avropa Liqasının qrup mərhələsinin ilk turunun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Sevilya” matçı saat 20:55-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right