Anar Nəzirov: "İstənilən dəyişiklikdən sonra müsbətə doğru nəsə olur"

Azərbaycan Premyer Liqasının IV turunda "Sabah"ın qonağı olan "Qəbələ" cari mövsümdə ilk qələbəsini və xallarını qazanıb.

Newsport.az-ın məlumatına görə, "qırmızı-qaralar"ın kapitanı Anar Nəzirov qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb.

- Cari mövsümdə ilk qələbənizi qazandınız...
- Bu, sevindirici haldı. Mövsümə çətin başlamışdıq. Özünəinam üçün bu qalibiyyət çox vacib idi. Deyərdim ki, möhtəşəm oyunla qələbə qazandıq. Bu gün 3 xala layiq idik.

- Bu mövsüm ən yaxşı oyununuzu keçirdiniz. Bu, baş məşqçi dəyişikliyi ilə bağlıdı?
- Komandanın özəyini gənc oyunçular təşkil edir. Onlar da getdikcə formaya düşəcəklər. Sadəcə, buna vaxt lazımdı. Hamı deyirdi ki, bu "Qəbələ" ötənilki komanda deyil. Amma nəzərə almaq lazımdı ki, həmin büdcə və həmin oyunçular deyil. Buna hazır olmalıydıq. Hər oyunu eyni formada keçirə bilmərik. Uğurlu çıxış üçün turdan-tura "artırmalıydıq". Bütün bunları balanslaşdırmaq üçün bizə bir il vaxt lazımdı. Sadəcə, xallar qazanmaq üçün oyunlarda əlimizdən gələni etməliyik.

- Bu gün kifayət qədər qol imkanınız olsa da, cəmi 1 top vura bildiniz. Bu, təcrübəsizlikdən qaynaqlanır?
- Təcrübəsizlik deməzdim, özünəinam az idi. Ağır məğlubiyyətlər aldığımızdan, bir qədər soyuqqanlılıq çatmırdı. Amma yenə də uşaqlara "afərin" düşür.

- Qələbəni gözləyirdinizmi, yoxsa bura heç-heçə üçün gəlmişdiniz?
- Təbii ki, qələbə qazanmaq istəyirdik. Bunu da yaxşı oyunla bacardıq. Deyə bilmərəm ki, hər matçda qalib gəlməliyik. Komandanın 90-95 faizi dəyişib, gənclər çoxluq təşkil edir və uyğunlaşmaqda çətinlik çəkən legionerlər var. Matça köklənmədən və oyunun alınıb-alınmamasından da çox şey asılıdı.

- Elmar Baxşıyev komandada nəyi dəyişdi ki, bu gün daha yaxşı çıxış etdiniz?
- İstənilən dəyişiklikdən sonra müsbətə doğru nəsə olur. Elmar müəllim də komandanın içindəki adam idi. Neçə il idi ki, burda köməkçi məşqçi kimi çalışırdı. Hamının psixologiyasını yaxşı bilir. Sənan Qurbanovun da əziyyəti az olmayıb uşaqların üzərində, bu qalibiyyətdə əməyi var. Onları müqayisə etmək istəməzdim. Hər bir məşqçinin öz oyun fəlsəfəsi, fərqli oyun üslubu var.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right