AVRO-2020: yığmanın Millətlər Liqasından vəsiqə şansı var?

Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsində uğursuzluqla üzləşməsi azarkeşlərdə belə bir sual yaradıb: Yığmanın Millətlər Liqasından Avropa çempionatına vəsiqə qazanmaq şansı qalırmı? Bunu doğuran əsas digər səbəb isə Millətlər Liqasında Azərbaycan millisinin yer aldığı qrupun qalibi olan Kosovonun seçmə mərhələdə uğurlu çıxışı və burdan AÇ-yə vəsiqə şansının yüksək olmasıdı.

Bəs, Kosovo istəyinə seçmə mərhələdən vəsiqə qazanaraq çatsa, bu komandanın əvəzinə Millətlər Liqasının pley-offunda Azərbaycan millisimi oynayacaq? Təəssüf ki, xeyr. Azərbaycan yığmasının pley-offda oynaması üçün Lüksemburq və Ermənistan da birbaşa AVRO-2020-nin seçmə tsiklindən vəsiqəni təmin etməlidi.

Millətlər Liqasının reqlamentinə əsasən, əgər hər hansı Divizionda qrup qaliblərindən biri seçmə mərhələdən Avropa çempionatına vəsiqə qazansa, bu zaman onu pley-offda həmin Divizionun qrup ikinciləri sırasında ən yaxşı göstəriciyə malik komanda əvəzləməlidi. İndiki halda, Azərbaycan millisi ikincilər arasında 3-cüdü. Qrupu 9 xalla bitirən yığma Lüksemburq və Ermənistandan (hərəyə 10 xal) sonrakı sıradadı. Belədə, millinin Millətlər Liqasından şansının qalması üçün Kosovodan savayı adıçəkilən iki yığma da birbaşa seçmə mərhələdən AVRO-2020-yə vəsiqə əldə etməlidi. Hazırda isə bu, olduqca çətin görünür.

Seçmə mərhələdəki nəticələrə nəzər yetirsək, Kosovonun şansı yüksəkdi. 5 matçdan sonra öz qrupunda 3-cü olan komanda 2-ci Çexiyadan cəmi 1 xal geridədi. Lüksemburq və Ermənistanın isə şansı o qədər də yüksək görülmür. Lüksemburqlular 5 komanda arasında 4-cüdü. Həmin qrupda 2-ci olmağa daha çox Serbiya yaxındı. Qrupunda 3-cü olan Ermənistan isə 2-ci Finlandiyadan 3 xal geridədi və şansı o qədər də yüksək qiymətləndirilmir.

D Divizionun digər qrup qalibləri – Gürcüstan, Belarus və Şimali Makdeoniyanın da AVRO-2020-yə birbaşa vəsiqə qazanmaq şansı demək olar ki, yoxdu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right