Bədəninə bayrağımızı həkk etdirən braziliyalı: “Ürəyim “Qarabağ”la döyünür”

Newsport.az sizi 2013–2017-ci illərdə, həmçinin bu ilin əvvəlində “Qarabağ”da çıxış etmiş və Ağdam klubunun unudulmaz futbolçuları sırasında yer alan braziliyalı hücumçu Reynaldo Silvanın müsahibəsi ilə tanış edir: 

- Əvvəla öz karyeranız barədə danışardınız? Ötən mövsümün sonu “Qarabağ”dan ayrıldıqdan sonra Qazaxıstanın “İrtış” klubu ilə anlaşmışdınız, amma oradan da ayrıldınız. İndi nə edirsiniz? Karyeranızı bitirmək istəyirsiniz, ya necə? 
- Hələlik karyeramla, hansı kluba keçib-keçməyəcəyimlə bağlı dəqiq nəsə deyə bilirəm. Yeni nəsə yoxdur. Karyeramı bitirib-bitirməyəcəyimlə bağlı da nəsə deyə bilmərəm. Hələlik bir az vaxta ehtiyacım var.

- Karyeranızı hansı ölkədə davam etdirmək istəyirsiniz?
- Bu barədə dəqiq nəsə deyə bilmərəm. Ümid edirəm ki, karyeramı yenidən Azərbaycanda davam etdirərəm. 

- Bəs “Qarabağ”dakı karyeranızla bağlı nə deyə bilərsiniz? “Qarabağ” sizin üçün hansı anlam ifadə edir. Klub üçün, buradakı dostlarınız üçün çox darıxırsınız?
- Əlbəttə, darıxıram. Ürəyim bu komanda və onun azarkeşləri ilə döyünür, onların sevgisi ilə doludur. Azərbaycanda da özümü yaxşı hiss edirdim, bu ölkəni sevirəm.

- “Qarabağ” deyəndə, ilk olaraq ağlınıza nə gəlir?
- Böyük kütlələrin “Reynaldo” deyə qışqırması gözümdə canlanır.

- “Qarabağ”dakı hansı oyununuz və hansı qolunuz sizin üçün unudulmaz oldu? 
- Bakı “İnter”inə qarşı kəçirdiyimiz oyun... Həmin matçda ilk dəfə “Qarabağ”la çempionluq hissini yaşadım. Oyunda da 3 qol vurmuşdum. 

- Nə vaxtsa “Qarabağ”a baş məşqçi, yaxud köməkçi məşqçi kimi qayıdacağınızı düşünürsünüz?
- Mən həqiqətən də bunu çox istəyirəm. Amma bilmirəm, klub bunun üçün mənə dəvət göndərər, ya yox.

- “Qarabağ” bu mövsüm Avropa Liqasının qrup mərhələsində “Sevilya”, APOEL və “Düdelanj”a qarşı oynayacaq. Sizcə, Ağdam təmsilçisinin bu qrupdan çıxmaq şansı daha çoxdur, ya necə?
- İndidən nəsə söyləməyək, amma “Qarabağ”a bol-bol uğurlar arzulayıram. Mən burada, Braziliyada “Qarabağ”ın bütün oyunlarını izləyəcəyəm və ona dəstək verəcəyəm.

- Azərbaycanda yaşayarkən burada sizi təəcübləndirən nəsə oldu? Azərbaycanla bağlı hansı unudulmaz xatirələriniz var?
- Düzünü desəm, Azərbaycanda yaşadığım hər şey mənim üçün unudulmaz xatirələr oldu. Heç vaxt özümü Azərbaycandakı qədər xoşbəxt hiss etməmişəm. 

- Azərbaycan mətbəxini xoşlayırdınız? Ən çox hansı yeməklərimizi bəyəndiniz?
- Açığı, yeməkləri elə də çox xoşladım deyə bilmərəm (gülür), amma klubda yaşadığım hər şey mənim üçün çox xoş oldu. 

- Siz Bakıda yaşayırdınız və əlbəttə ki, bura sizin üçün çox əziz olar. Bəs Bakıdan başqa hansı şəhərimizi xoşladınız?
- Əlbəttə ki, Bakının yeri mənim üçün tam ayrıdır. Bakıdan başqa da Sumqayıt şəhərindən çox xoşum gəldi. 

- Bildiyiniz kimi, “Qarabağ” məcburən Bakıda məskunlaşıb. Bəs “Qarabağ”la yanaşı ermənilər tərəfindən işğal olunmuş Azərbaycan ərazisi - Dağlıq Qarabağ haqqında nələr bilirsiniz?
- Əlbəttə ki, bu ölkə üçün çox ağrılıdır. Mən işğal olunmuş həmin əraziləri görə bilmədiyim və daha yaxından tanış olmadığım üçün çox məyusam.

- Bəs Azərbaycan Premyer Liqası barədə nə deyə bilərsiniz? Elitamızda sadəcə 8 komanda mübarizə aparır. Sizcə, çempionatımızda komandaların az olması, Azərbaycan futbolu üçün nə dərəcədə mənfi haldır?
- Mən də düşünürəm ki, çempionatda komanda sayının az olması ölkə futbolu üçün çox pis haldır. Çempionatda daha çox komanda olsa, o da güclü olar.

- Azərbaycan milli komandası ilə bağlı nə fikirləşirsiniz? Sizcə, uğursuz nəticələrin səbəbi nədədir?
- Açığı, Azərbaycan millisinin oyunlarını izləmirəm. Bu səbəbdən də komanda barədə nəsə deməyim doğru olmaz.

- Sizcə, Azərbaycanla Braziliya arasında çox fərq var?
- Əlbəttə ki, fərqlər var. Amma onu deyə bilərəm ki, hər iki ölkənin xalqı da çox qonaqpərvərdir.

- Sonda “Qarabağ” azarkeşləri üçün nə deyə bilərsiniz? Onlara hansısa ismarıcınız var?
- Deyə bilərəm ki, “Qarabağ” azarkeşləri üçün çox darıxmışam. Əlimdən gəlsə, orada olub, qollarımla onları çoşdurmaq, sevindirmək istəyərdim. Hamınızı çox sevirəm, “Qarabağ” azarkeşləri. Mənə yaşatdığınız o möhtəşəm illər üçün hər birinizə təşəkkür edirəm. Sizləri çox sevirəm. Mənim qəlbimdə sonsuzadək yer alacaq bu kluba çox-çox uğurlar arzulayıram. (Yeni Sabah)

Qeyd: müsahibədən sonra Reynaldo şəklini göndərərək boynuna həkk etdirdiyi Azərbaycan bayrağını göstərib. Sizə həmin fotonu təqdim edirik:





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right