"Dominant olduğumuzu gördükdən sonra arxayınlaşdıq" Luka Modriç

"3 xal qazanmaq istəyirdik. Təəssüf ki, bu bizdə alınmadı". Newsport.az saytının məlumatına görə, bunu Xorvatiya yığmasının kapitanı Luka Modriç deyib.

Ulduz futbolçu AVRO-2020-nin seçmə mərhələsində Azərbaycanla keçirilən oyunu dəyərləndirib. Komandasının yeganə qolunun müəllifi olan Modriç nəticəyə görə məyus olduğunu söyləyib: "Oyuna yaxşı başladıq, ilk 20-25 dəqiqəni yüksək tempdə keçirdik. Penaltidən fərqləndik və daha 2-3 qol vura bilərdik. Bunu edə bilmədik. Ardından istər-istəməz arxayınlaşdıq. Nəticədə Azərbaycana oyunu bərabərləşdirmək və yarı şanslar yaratmaq imkanı verdik".

"Real"ın aparıcı üzvü hesabı açdıqdan sonra arxayınlaşdıqlarını etiraf edib: "Qarşılaşmanın müqəddəratını həll edə bilərdik. Amma nədənsə etmədik. Bəlkə də, dominant olduğumuzu gördükdən sonra arxayınlaşdıq. Oyun irəlilədikcə rəqib gücləndi və onların bir futbolçusu bizim 3-4 müdafiəçimizi aldadıb qol vurdu. Bundan sonra rəqib qapısına yaxınlaşıb qol vurmağa gücümüz çatmadı. Görünür, biz işimizi çətinləşdirməyi sevirik. Ancaq yenə də Avropa çempionatına vəsiqə qazanacağımıza inanıram".

Modriç gələn ay Macarıstanla Splitdə keçiriləcək görüş barədə də danışıb: "Azarkeşlərdən həmin matçda dəstək gözləyirəm. Onların yaradacağı atmosferlə qələbə qazanmaq istəyirik. Uzun müddətdi o stadionda oyun keçirmirik. Qələbə bizim üçün çox vacibdi".

Qeyd edək ki, Azərbaycan - Xorvatiya oyunu 1:1 hesabı ilə nəticələnib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right