Elxan Məmmədovun "Neftçi"nin prezidentindən tələbi

AFFA-nın baş katibi Elxan Məmmədovla "Neftçi"nin prezidenti Kamran Quliyev arasında "buzların əriməsi" haqqında yazmışdıq.

Federasiyanın bir nömrəli idarəçisi 1 ilə yaxın çəkən incikliyə son verərək, köhnə dostu ilə barışıb. Amma bu, Ceyhun Sultanova - klubun idman direktoruna aid məsələ deyil. 

Newsport.az-ın məlumatına görə, Elxan Məmmədov Kamran Quliyevdən onu istefaya göndərməsini tələb edir.

Baş katib yaxın çevrəsi ilə söhbətlərində bir neçə dəfə Sultanovun adını vurğulayaraq üstündən xətt çəkdiyini bildirib. AFFA-nın əsas siması paytaxt klubunun idman direktoru haqda ona çoxsaylı mənfi məlumatların daxil olduğunu söyləyib.

Söhbətin hansı informasiyalardan getməsindən isə bir baş katibin özü, bir də Kamran Quliyev xəbərdardır.

Güman ki, Sultanovun əleyhinə toplanan kompramatlara həm "Neftçi"dəki, həm də futbolu əhatə edən digər fəaliyyəti daxildir.

Ceyhun bəy qaranlıq məqamlara aydınlıq gətirməkdən ötrü dəfələrlə AFFA-ya getmək istəsə də, Məmmədov onunla görüşməkdən imtina edib. 

Kamran Quliyev hazırda addım atmağa tələsmir. Axı Sultanovu "Sumqayıt"dan özü gətirib və ən yaxın, ən etibarlı kadrıdır. "Sağ əli" hesab olunur.

Komandayla bağlı əsas işləri ona tapşırıb və işlər idman direktorunun qurduğu sistem əsasında görülür.

Prezident Sultanovu vəzifəsindən kənarlaşdırsa, barəsində "adamının arxasından qaçan rəhbər" imici formalaşacaq. Zatən son vaxtlar klubun daxilində Quliyevdən narazılıq baş qaldırıb, bu qərarı isə onu yerdən-yerə vuracaq. 

Əlbəttə, Kamran bəy dünənki uşaq deyil, atacağı addımın öz ziyanına işləyəcəyini gözünün altına alıb. O, ümid edir ki, Elxan Məmmədovun əhvalının yaxşı olduğu vaxt bu məsələni qaldırıb problemi Sultanovun xeyrinə yoluna qoya biləcək.

Sportinfo.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right