Aslan Şahgəldiyev: “Sponsor olmasa belə, işimizdə heç nə axsamayacaq”

Klublar Komitəsinin bugünkü iclasında Peşəkar Futbol Liqasından Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Aslan Şahgəldiyev və Texniki İdman şöbəsinin rəisi Elgiz Abbasov da iştirak edib.

Newsport.az-ın məlumatına görəŞahgəldiyev toplantıda müzakirə edilən məsələlərlə bağlı “FutbolPress”in suallarını cavablandırdı...

- PFL iclasda iki nəfərlə təmsil olundu. Sizə hansı təkliflər edildi?
- Bizlə bağlı hər hansı təklif olmadı. Yeni sistemlə əlaqədar minnətdarlıq etdilər. Bildirdilər ki, bunun sayəsində işlərimiz xeyli asanlaşıb, artıq hər şeyə görə PFL-ə gəlmirik, hətta komanda ilə təlim-məşq toplanışındayıqsa belə, sistemə daxil olub problemlərimizi həll edə bilirik və s. Bununla bağlı təşəkkür etdilər.

- PFL-dən klublara hər hansısa təklif, irad və ya tapşırıq oldumu?
- Yox, hər hansı iradımız olmadı. Biz də onlara təşəkkür etdi ki, bu sistemin işləməsində klubların bizə köməyi lazım idi və onlar dəstək nümayiş etdirdilər. Xüsusi ayrılmış insanlar bu sistemlə bağlı bizimlə əməkdaşlıq edirdilər. Müəyyən çatışmazlıqlar var idi. Xüsusilə, I Divizion oyunlarının çəkilişi ilə bağlı. Bizim müraciətimizdən sonra klublar bunları yoluna qoydular. Hər hansı başqa çatışmazlıq yox idi ki, bunu bildirək.

- Daha əvvəl müzakirə edilməyən bir məsələ – limitdən əlavə gənc futbolçu oynadılmasına görə klublara mükafat verilməsi təklif olunub. PFL-in mövqeyi necədi?
- Biz öz fikrimizi orda bildirdik. Bu, AFFA-nın üzərinə düşən bir işdi. Çünki bundan daha çox milli komandalar yararlanacaq. Yaş limitinə görə bir gənc oyunçu meydanda olmalıdı. Təklif belə idi ki, əgər birdən artıq belə futbolçu oynayacaqsa, ona görə müəyyən bir mükafat verilsin. Bu hələlik sadəcə, təklifdi.

- Son zamanlar legioner limitinin ləğvi gündəmdədi...
- Legioner limiti məsələsi müzakirə olundu. Çempionatın səviyyəsinin qalxması üçün burda yüksək keyfiyyətli legionerlərin oynaması lazımdı. Biz təklif olaraq bildirdik ki, məsələn, ölkəsinin milli komandasının üzvü olan əcnəbi – bilirsiz, millidə oynayan futbolçunun səviyyəsi daha yüksək olur – legioner hesab olunmasın və ya reytinqdə bizdən yuxarıda olan çempionatdan gələn oyunçular legioner sayılmasın. Deyək ki, ilk “10-luq”, “15-lik”də qərarlaşan liqalardan bura gələnlər legioner hesab edilməyə bilər. Bunlar sadəcə təklif idi. Əgər ağlabatandısa İcraiyyə Komitəsində müzakirə edilib, qərar kimi qəbul edilir. Bununla bağlı təklifimiz oldu ki, əgər belə bir qərar olsa, PFL müəyyən güzəştlər edə bilər.

- Yəni, onlara görə ödənişin edilməməsindən gedir söhbət?
- Ödənişin edilməməsi, ümumiyyətlə, legioner sayılmaması, limitə ilişməməsi. Milli üzvüdüsə, və ya “10-luq”dan gələn futbolçudusa, legioner hesab edilməyə bilər. Bu, təklif idi, sadəcə olaraq müzakirə edirdik.

- Çempionatın sponsoru da müzakirə edilib. Nə yerdədi bu məsələ?
- Ayın 6-da tenderin müddəti bitir. Həmin gündən sonra tam bəlli olacaq ki, sponsorsuz davam edirik, yoxsa sponsor olacaq. İndi bir söz deyə bilmirəm.

- Namizəd varmı?
- Bəli. Yerli şirkət də var, xarici də. Bununla bağlı tam məlumat verə bilməyəcəm.

- Xarici bukmemer şirkətlərinin olduğu və hüquqi problemlərin yarandığı deyilirdi...
- Konkret məlumatım yoxdu. Ancaq həqiqətən də, xarici şirkətdən təklif var idi. Ötən mövsümdən olmuşdu. Hazırda danışıqlar necə davam edir, hansı şiirkətlərlə müzakirələr gedir, bununla bağlı dəqiq bir məlumatım yoxdu.

- Sponsorun olması neçə faizdi?
- İnşallah, olar. Yaxşıya ümid edirik.

- Olmasa, necə olacaq?
- Olmasa da, işimizi davam edəcəyik, problem yoxdu. Hər şey yüksək səviyyədə olacaq, heç nə axsamayacaq. Maddi cəhətdən müəyyən çətinliklər ola bilər, ancaq insanın pulu olmayanda daha həvəslə işləyir. Həmişə belə olub.

- Ancaq indiki halda hansısa layihələr də icra edə bilmirsiz...
- Hə, təbii ki, bu yöndə müəyyən axsaqlıqlar olacaq.

- Qayıdaq, Klublar Komitəsinə, sizcə, belə iclaslar nə qədər faydalıdı?
- Müzakirə edirik. Pis bir şey yoxdu. Hər hansı irad varsa, bəlkə biz görmürük, onlar bildirirlər. Belə müzakirələrin olmasının pis bir tərəfi yoxdu. Hər kəs öz fikrini bildirir, hərə arqumentlərini səsləndirir, kimsə razılaşmır, başqa fikir səsləndirir.

- Hər dəfə belə müzakirələr olur, təkliflər edilir. Real nəticəsi varmı?
- Təklifdi, insanlar fikirlərini bildiri, biz də baxırıq. Əgər ağlabatan bir şeydisə, problemli deyilsə, yerinə yetiririk. Belə iclasların, müzakirələrin ziyanı yoxdu.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right