"Bu oyunlardan maksimum istifadə etməliyik" - yığmamızın baş məşqçisi

“Məşqlərimiz normal şəkildə davam edir. Artıq bir həftədi birgə məşq edirik". Newsport.az xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio da Silva deyib.

Avqustun 15-dən Bakıda təlim-məşq toplanışında olan yığmamız hazırlığını plan üzrə davam etdirir. Azfutzal.az saytına açıqlama verən braziliyalı mütəxəssis hazırkı durumdan bəhs edib: "Legioner karyerasını davam etdirən futzalçılarımız da komandaya qoşulur. Qalo və Poletto bu toplanışda və yoldaşlıq oyunlarında bizə kömək edə bilməyəcəklər. Çalışırıq ki, əlimizdəki heyətlə oyunlara qədər daha faydalı məşqlər edək”.

Alesio rəqibin güclü olduğunu, oyunların çətin keçəcəyini də vurğulayıb: “Həqiqətən də, çətin oyunlar olacaq. Mövsüm hələ başlamayıb, oyunçular məşqlərə bir müddət əvvəl start verib. Belarus istənilən komanda üçün çətin rəqibdi. Bu iki oyun bizim dünya çempionatının seçmə oyunlarına hazırlıq baxımından vacibdi. Düzdü, sentyabrda daha bir toplanışımız olacaq və daha güclü rəqiblərlə birgə turnirdə iştirak edəcəyik. Ona qədər bu iki oyundan maksimum istifadə etməliyik”.

Qeyd edək ki, avqustun 24-dək Bakıda hazırlaşacaq milli ertəsi gün Minskə yola düşəcək. Belarusla oyunlar isə avqustun 26-da və 28-də keçiriləcək. İlk matç Belarusun paytaxtı Minskdə, digər qarşılaşma isə Borisov şəhərində baş tutacaq.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah