"APOEL-in Avropa təcrübəsi bizdən çoxdur" - Qurban Qurbanov

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qarabağ” – APOEL (0:2, ilk oyun – 2:1) matçından sonra təşkil edilən mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

 

Newsport.az xəbər verir ki, 47 yaşlı mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirib:

 

- Əfsuslar olsun ki, məğlub olduq. Qələbə qazanmağı çox istəyirdik. Son vaxtlar futbolda daha çox düşünmədiyin hadisələr oldu. Rəqibin bir penaltisini, bir də həmin qol epizodunu xatırlayıram. Baxmayaraq ki, məğlub olduq, futbolçularıma təşəkkür edirəm. Oyunun gedişatında həyəcan var idi, bu da normaldı. Çox istəyirdik ki, pley-offa çıxaq. Ancaq alınmadı. Bəzən həddən artıq zəif oynayıb məğlub olursan, bəzən də üstünlük olur, ancaq istədiyin nəticəni qazana bilmirsən. Bu futboldu. Azarkeşlərimizi üzgün yola saldığımıza görə təəssüflənirəm. Onların hər birinə təşəkkür edirəm.

 

- Adətən, “Qarabağ” baxımlı futbol oynayır. Bu gün komanda özünə bənzəmirdi. Oyun sizi qane etdi?
- Bəlkə də, biz fərqli görürük, düşünürük. Rəqibin itirəcək heç nəyi yox idi və riskə daha çox gedirdi. Belə pressinq edən komandaya qarşı səhvlərimiz oldu. Ancaq qol imkanları yaratdıq. Açığı, komandadan razı qaldım. İkinci hissədə dəyişikliklərdən sonra sistem də bir qədər pozuldu.

 

- Meydanda ağır təsir bağışlayan Slavçevi daha tez əvəzləyə bilməzdiz?
- Slavçevin yaxşı qol epizodları oldu. Aktiv idi. Oyunun gedişatı göstərirdi ki, dəyişiklik üçün tələsmək lazım deyil. İkinci qoldan sonra əvəzləmə etdik. Ola bilər ki, fərqli yanaşırıq. Məğlub olanda suallar çoxalır. Çalışdıq ki, oyunun gedişatına uyğun qərar verək.

 

- Ehtiyat skamyada oyunun axarını dəyişə biləcək futbolçuların azlığı sizi narahat etmir?
- İki əsas oyunçumuz zədəlidi. Onları da skamyaya əlavə etsək, xeyli variantımız olur. İki oyunçu transfer etmək fikrimizdə var. Zədəlilərimiz sağlam olsaydı, variantlarımız da çox olardı.

 

- Avropa Liqasının pley-off matçı və Azərbaycan çempionatında oyun olacaq. Daha yaxşı hazırlaşmaq üçün çempionat matçı təxirə salınacaq?
- Hazırlaşmaq üçün vaxtımız həddən artıq azdı. Verdiyimiz hər qərar düzgün olmalıdı. Ancaq təxirə salmağa yox, sadəcə 1 gün sonraya salmaq üçün müraciət edə bilərik.

 

- Dünən demişdiz ki, baş məşqçi dəyişikliyi rəqib komandada canlanmaya səbəb olur. Başqa nə ilə təəccübləndiz?
- Komanda təcrübəsi ilə özünü göstərdi. Bunu da başa düşmək lazımdı. Onların Avropa təcrübəsi bizdən çoxdu. Buna görə narahatlıq var idi. Onlar belə məğlubiyyətlər çox görüb, sonra dönüş ediblər. Səfərdə “Real”a 2 qol vurmuş komanda idi. Rəqibin həddən artıq istəkli olacağına görə narahat idim. Ancaq sevinirik ki, xeyli sayda 100 faizlik qol epizodu yaratdıq. Təəssüf ki, yararlana bilmədik. Futbol təəccüblü məqamlarla dolu idi. Rəqibi təbrik etməliyik.

 

- Futbolçular sanki dünyanın sonuymuş kimi davranırdı matçın sonunda. Xüsusilə də Riçard Almeyda qovulandan sonra. Bu ruh düşkünlüyünü aradan qaldırmaq çətin olmayacaq?
- Əlbəttə, öndə olan komanda 2 top buraxanda gərginlik olur. Biz məşqçi heyəti olaraq futbolçuların yanında olmalıyıq. Çalışıb onları növbəti oyunlara yaxşı hazırlaşdırmalıyıq. Növbəti rəqibimiz də güclü olacaq. Pley-offda zəif komanda ola bilməz.

 

- Hakimliklə bağlı fikirləriniz necədi? Xüsusilə Kintana yerdə qalanda siz də narazı görünürdüz. Sanki eyni follara fərqli yanaşırdı.
- Bir neçə epizod mən də gördüm. Kənardan bəlkə də yanlış görünürdü. Sanki əks tərəfə verməli idi cərimələri. Epizodlara baxandan sonra fikir bildirməliyik. Pis hakimlik etmədi.

 

- Cəzalılar, zədəlilər... Bu heyətlə Avropa Liqasında nəyə ümid edək?
- Rahil də cəzalı durumdadı. Biz həmişə ümidli olmalıyıq. Həmişə məsuliyyətlə hazırlaşmağa çalışırıq. İşimizə ciddi yanaşırıq. Bu olan yerdə məğlubiyyət də ola bilər, sabah qələbə istəyimiz olmalıdı. Neçə illərdi bir yerdəyik. Pis oyunlarımız da olub, yaxşı matçlarımız da. Sevinən günlərimiz də az olmayıb. Desək ki, heç nə alınmayacaq, belə olmaz. Futbolçularıma inanıram.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right