“Qarabağ” sübut etdi ki, Avropa səviyyəsinə “Neftçi”dən daha yaxındır” – Sansone

Mövsümün sonunda “Neftçi”dən ayrılan Canluka Sansone Sportinfo.az-a müsahibə verib.

Newsport.az-ın məlumatına görə,komandadan gedişinin səbəblərini açıqlayan italiyalı forvard maraqlı fikirlər səsləndirib.

- “Neftçi” ilə hələ 1 illik müqaviləniz var idi. Komandadan niyə ayrıldınız?

- Bu, klub rəhbərliyinin qərarı idi. Bilmirəm, bəlkə onlar mənim hər oyunda 2 qol vurmağımı gözləyirdilər. Tamamilə fərqli ölkəyə gəlmiş birinə şans vermədən onun haqqında nəsə danışmaq asandır.

- “Neftçi”dəki çıxışınız özünüzü qane edirdi?

- Hesab edirəm ki, əcnəbilərlə oynayanda komandamın çıxışı daha yaxşı alınırdı. Yerli futbolçularla oynayanda isə hər şey əksinə olurdu. İndi özünüz qiymət verin. Amma komandamın qələbə qazanması üçün hər şeyi edərəm. Hətta müdafiədə də oynayaram.

- “Neftçi”ni tərk edərkən həmyerliniz Roberto Bordinlə danışdınız?

- Xeyr, gedəndə onunla danışmadım. Ancaq “Neftçi”yə keçməzdən öncə qısa söhbətimiz olmuşdu. Açığı, Bordinlə bağlı düşüncələrimi ifadə etmək istəmirəm.

- Sizcə, “Neftçi” niyə çempion ola bilmədi? “Qarabağ” çox güclü idi?

- “Neftçi”nin çempionluğu texniki çatışmazlığa görə itirmədi. Bu, mentalitet məsələsidi. Biz özümüzü yox, başqalarını düşünürdük. Rəqiblərimizə görə narahat olurduq. “Qarabağ”ı məğlub etmək üçün “Neftçi”də həyəcan var idi. Məhz bu amil bizim əleyhimizə işlədi. Komandamızda daim bir narahatlıq, qorxu hiss olunurdu. Halbuki biz öz oyunumuza fikir verməliydik. “Qarabağ” sübut etdi ki, bu komanda mental olaraq, Avropa səviyyəsinə daha yaxındır.

- “Neftçi”nin Avroliqadakı oyunlarını izləyirsiniz?

- Yox, “Neftçi”nin avrokubok matçlarını izləmirəm. Ümid edirəm ki, qrupa düşəcəklər. Xüsusilə hələ də orada oynayan dostlarıma görə bunu istəyirəm.

- Yəqin ki, təklifləriniz var. “Neftçi”dən ayrılandan sonra Azərbaycan klublarından sizinlə maraqlanan olub?

- Xeyr. İtaliyadan, digər ölkələrdən təklif almışam. Özüm üçün ən yaxşısını seçmək istəyirəm.

- Sonda “Neftçi” azarkeşlərinə nə demək istərdiniz?

- İlk növbədə menecer Qədir Həsənova təşəkkür etmək istəyirəm. Bakıda olduğum müddətdə hər bir işdə mənə yaxından kömək etdi. Bundan başqa, tibbi personal, yerli məşqçilərə minnətdaram. Sonda isə 5 ay ərzində məni dəstəklədikləri üçün “Neftçi” fanatlarına, xüsusilə də “Forza Neftçi”yə “çox sağ ol” deyirəm.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right