Bordinin uduzduğu oyunu "Neftçi" bərabərliklə bitirdi Yazı

Söhbətə birbaşa başlayacam. İlk dörd oyunda 13 qol vurub, qapısında qol görməyən komanda nətər oldu ki, 36 dəqiqədə ardıcıl iki qol buraxdı?

Buna nə səbəb oldu? Rusiya klubunu mübarizədən kənarlaşdırmağın yaratdığı eyforiya, arxayınlıq, yoxsa yanlış taktika?

"Speranta" ilə oyunları heç cür ölçü vahidi, etalon kimi qəbul edə bilmərik, amma "Arsenal"la oyunlarda gördük ki, "Neftçi" baş məşqçinin elədiyi düzlərlə hər iki oyunda qələbə qazanıb turu keçməyi bacardı.

Nə idi o düzlər?
* Rəqibi ciddiyə almaq
- Başqa şansı da yox idi.

* Heyət seçimi
- Bu barədə "Arsenal"la ilk oyundan sonra da yazmışdım. Güclü rəqiblə qarşılaşmada meydanın mərkəzində üstünlük qazanmaq oyunu qazanmağa bərabərdi. Bordin o üstünlüyü necə qazanmışdı? Meydanda iki dayaq, bir mərkəz yarımmüdafiəçisi ilə çıxmaqla. Platellas "kəsilmişdi", əvəzində Mamadu Kanenin yanına zədəsini sağaldan Mustivar qoşulmuşdu. Emin Mahmudov isə həmişəki kimi "drijorluq" edirdi.
Həm Tuladakı, həm də Bakıdakı oyunda bu taktika işə yaradı və "Neftçi" istədiyini aldı.

Bəs, yaxşı, nə dəyişdi ki, növbəti mərhələdə, çətinlik dərəcəsi bir az da yüksək olan oyunda Bordin heyətdə əvəzetməyə əl atdı?

Doğrudanmı italiyalı "Bney Yəhuda"nı bu qədər zəif hesab edirdi?

Lap deyək ki, Bordinin Platellası yenidən heyətə qaytarmaqla bizə məlum olmayan, bizim futbol zəkamızın yetmədiyi bir məqsədi var idi. Amma 36-cı dəqiqədə komanda iki qolla yenik duruma düşəndə sənin nəsə eləməyə, nəyisə dəyişməyə variantın olmalıdı axı. Görünən odur ki, Bordinin B planı yox idi.

Buraxılan ilk qolda meydanda heç kim olmalı olduğu yerdə deyil. Mərkəz rəqib üçün açıq qapıdı. (Şəkil 1).
Həmin vaxt meydanın mərkəzinə cavabdeh olan, Kanenin yerinə meydana çıxan Platellas harda idi? Qolu vuran oyunçudan ən az 15 addım arxada. (şəkil 2).

İkinci qolda da eyni vəziyyətdi. Qoldan 10 saniyə əvvəl rəqibin 3 oyunçusu çox rahat, maneəsiz şəkildə mərkəzdə top çevirib hücum qururlar. (şəkil 3)

Əsas vəzifəsi onlara mane olmaq olan Mustivar itirdiyi topdan sonra, Platellas isə elə-belə, kefindən cinahda qalıb, olanları izləyirlər (şəkil 4).

Bəs Bordin oyunu çevirmək üçün nə etdi?

Əvvəlcə Raufla Namiqi dəyişdi. Oyuna 2 cinah, bir mərkəz hücumçusu ilə başlayırsan, sonra mərkəzdəkini də cinahla dəyişirsənsə, olur meydanda 3 cinah hücumçusu. Təbii ki, bu addım effekt vermədi.

Ardınca, bir az da risk edib Platellasın əvəzinə daha bir (əsasən cinah) hücumçunu Dabonu buraxdı.

Bu da effekt verməyəndə isə Stankoviçlə Mbocu dəyişib, "Məmmədağa, vur qabağa" taktikasına keçdi ki, Mboc ona tərəf havalandırılan topları yerə endirməklə vəzifələndirilmişdi.

Amma baş məşqçinin bütün uğursuz cəhdlərinə rəğmən "Neftçi" futbolçularının əzmkarlığı, istəyi, oyundan qopmamaları, son saniyənin sonuna qədər mübarizə aparmaları alqışa layiqdi. Bu oyunda məğlub olmadılarsa, bunu baş məşqçi yox, məhz onlar, özləri bacardılar.

Razıyam, rəqib ultramüdafiə taktikası seçmişdi, yazılan və yazılmayan, rəva görülən və görülməyən bütün yollardan istifadə edərək qol buraxmamağa çalışırdılar, bunun üçün hətta əclaflıqdan da istifadə edirdilər. Oyunun hakimi də dəfələrlə mübahisəli məqamlarda rəyini rəqibin xeyrinə istifadə etdi, qonaqların tempi və vaxtı öldürməsinə dəfələrlə göz yumdu. Amma işin acınacaqlı tərəfi odur ki, vəziyyətdən çıxmaq cəhdləri uğursuz və yetərsiz idi.

Axı sinyor Bordin özü oyundan qabaq demişdi ki, rəqib 9-10 oyunçu ilə müdafiə olunur.

Axı o, bunu bilirdi?

Bəs niyə belə hazırlaşmışdı?

Sonda üç məqam.

1. Hələ heç nə bitməyib, çünki səfər oyunu var və orda hər şey fərqli ola bilər. Bordin də "Arsenal"la oyunda olduğu kimi rəqibi yaxşı analiz edib, düzgün taktika ilə oynayar. Buna ümid edirik.

2. Hər şey bitməsə də, hesab üstünlüyü şübhəsiz ki, yəhudilərin xeyrinədir. Rəqib meydanında iki qol vurmaq ciddi haldı.

3. "Neftçi"nin qolu məhz ən sonda, əlavə edilmiş dəqiqələrə əlavə edilmiş dəqiqədə vurması psixoloji üstünlüyü bizimkilərin lehinə çevirir. Hesabda geri olsaq da, psixoloji olaraq üstünük. Yetər ki, bunu meydanda əks etdirə bilək.

 

Zaur Xudiyev





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right