"Tək mənim deyil, bir anlıq hamının fikri yayındı" - Rəşad Sadıqov

Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiyanın "Dandolk" klubunu 3:0 hesabı ilə məğlub edərək növbəti raunda yüksələn "Qarabağ"ın kapitanı Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.
 
Newsport.az xəbər verir ki, 37 yaşlı müdafiəçi öncə oyunla bağlı danışıb:
 
- Oyun necə gözləyirdiksə, elə də keçdi. Bilirdik ki, gərgin matç olacaq. İlk oyundan göründü ki, rəqib xarakterli, təslim olmadan mübarizə aparan komandadır. Elə alındı ki, erkən qol vurduq. Belə olanda da bilmirsən ki, hücum edəsən, yoxsa müdafiəyə çəkiləsən. Qol epizodları yaradırdıq, şanslarımız olurdu. İkinci hissənin 10 dəqiqəsində rəqib hücumlara atılmağa, risk etməyə başladı. Həmin anlarda təmkinli oynadıq və daha sonra iki qol vurduq, mərhələ keçdik.
 
- Yəqin ki, ötən gün APOEL-in “Sutyeska” ilə oyununu (3:0) izləmişdiniz. 
- Yeganə bildiyimiz informasiya o idi ki, qalib gəlsək, APOEL-lə, uduzsaq, “Slovan”la qarşılaşacağıq. Qalib gəldik, Nikosiya təmsilçisinə rəqib olduq. Səhv etmirəmsə, ilk dəfədir ki, Kipr klubu ilə qarşılaşacağıq. Rəqib təcrübəli komandadır. Bilirik ki, evdə üzərimizdə üstünlük əldə etməyə çalışacalar. Əlimizdən gələni edəcəyik ki, ev oyunu öncə sərfəli nəticə qazanaq.
 
- Komanda üç qol vursa da, çox şansları əldən verdi. Zamanla hər şey düzələcək?
- Özünüz də bilirsiniz ki, bu, hər zaman olub. Bir növ ilk oyundakı kimi oldu. İlk qoldan sonra çoxlu şnaslarımız olmuşdu. Rəqib bir az təzyiq etməyə başladı. Bir anlıq ilk oyunu xatırlatdı. Şükürlər olsun ki, sonluq fərqli oldu. Belə epziodlar olur. Komnada indi pik formada deyil. Ümid edirəm ki, oyundan-oyuna artıracağıq.
 
- İctimaiyyət belə düşünür ki, bu dəfə püşk “Qarabağ”ın üzünə gülür.
- Mən belə xatırlamıram ki, ictimaiyyət püşkün bizim üzümüzə güldüyünü desin. “Atletiko”, “Roma” ilə oyunlarda bizdən xal qazanmağı gözləyiblər. Bir top fərqiylə uduzanda insanlar məyus olurdu. Bizdən gözlənti çoxdur, bunu da anlayırıq. Püşkdən danışırıq, ancaq ilk mərhələdə “Partizani” hesab 1:0 olanda təzyiq yaratmışdı, ardıcıl 5-6 künc zərbəsi yerinə yetirilirdi. Bu gün də hesabda 1:0 öndə olanda “Dandolk” təzyiq edirdi. Bura Çempionlar Liqasıdır, asan rəqib olmur, təslim olmaq istəyən yoxdur. İndi rəqib təcrübəli APOEL-dir. Püşkün hansı komandanın üzünə güldüyünü bilmirəm.
 
- Azarkeşlərlə polislər arasında insident yaranmışdı. Həmin anda nə baş verdi?
- Tək mənim deyil, bir anlıq hamının fikri yayındı. Azarkeşlərlə polislərin arasındakı problem bizə də təsir edir. Elə dəqiqələrdə idi ki, rəqib üzərimizdə təzyiq yaratmışdı. Bizim də onlara ehtiyacımız var idi. Bir anlıq baxdıq və dedik ki, oyuna davam edək. Çünki bunun nə bizə, nə də azarkeşlərə faydası olacaqdı. Əlimdən də jest etdim ki, sakitləşsinlər, çünki insident olmasını istəmirdik.
 
- APOEL-lə səfər oyununda təxribat olacağını gözləmək olar. Çünki daha əvvəl “Neftçi” ilə oyunda azarkeşləri belə edib.
- Bilirik. “Qəbələ” və “Neftçi”nin Kiprdə keçirdikləri oyunlardan xəbərimiz var. Məşqçilərimiz də bunun üzərində işləyəcək. Maksimumum səbirli olmalıyıq. İstər meydanda, istərsə də kənarda baş verə biləcək təxribata getməməliyik. Çünki ilk növbədə bizim üçün ən önəmli olan nəticədir. Onların nəticəyə yox, ancaq bizə təsiri ola bilər.
 
- Mahir Emrelinin adı İspaniya Sequnda klubları ilə hallanır. Sizcə, Emreli getməlidirmi?
- Tək Mahir deyil, bizdə çox futbolçuya təklif gəlir. Bəzilərində ictimaiyyət bilir, digərlərində isə yox. Belə hallarda məşqçilər və futbolçu söhbət edib, ortaq nəticəyə gəlirlər. Əgər Mahirin gələcəyi üçün xeyirlidirsə, hamımız istəyirik ki getsin, böyük futbol oynasın. Çünki ona uyğun potensialı var. Əgər faydası olmayacaqsa, qalması məsləhətdir.
 
- Sizin daha əvvələr İspaniyada oynamaq şansınız olub?
- Mənim belə variantım olmayıb. O vaxt İspaniyaya yollanmışdım, gedəndə bildim ki, məni gözləyən yoxdur. Əslində, belə təklif olmamışdı.
 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right