Cavid İmamverdiyev: "Bu mövsüm iddialı komandalardan olacağıq"

“Sabah”ın kapitanı Cavid İmamverdiyev klubun “Youtube” kanalına müsahibə verib.

 

Newsport.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi komandanın ötən mövsümkü çıxışını dəyərləndirib:

 

“Ötən il ilk mövsümümüz oldu. Düşünürəm ki, “Sabah” çempionata rəng qatdı. Bunun üçün də əlimizdən gələni etdik. Düzdür, axırda bəxtimiz gətirmədi və 7-ci olduq. Bu yeri “Sabah”a layiq bilmirdim. 4 və ya 5-ci yerləri özümüzə layiq görürdüm. Ancaq bu, futboldur, bəxtin gətirə də bilər, gətirməyə də. Elə olar ki, yaxşı oyanayarsan, amma məğlub olarsan. Keçən il bizim üçün belə alındı. Bəxtimiz də gətirmədi. Ancaq yaxşı şeylər də oldu. Məsələn, debüt komanda olaraq, “Qarabağ” və “Neftçi”yə qarşı yaxşı oynadıq”.

 

Cavid təlim-məşq toplanışı barədə də danışıb:

 

“İyulun 23-dən Türkiyədəyik. Bakıda əsasən fiziki hazırlıq keçdik. Məqsədimiz güc yığmaq idi. Gündə iki dəfə hazırlaşırdıq, baş məşqçinin təlimatlarını yerinə yetirməyə çalışırdıq. Əlimizdən gələni edirdik, 1 əvəzinə 5 qat çalışırıq ki, çempionata hazır olaq. Bura oyunlar üçün gəlmişik. Burada Masazırdakı kimi fiziki hazırlıq yoxdur. Bu mövsüm çempionatda yaxşı oynayıb, Avropa Liqasına vəsiqə qazanacağıq. Belə düşünürəm, amma çalışmalıyıq ki, məqsədimizə çataq. Rumıniyanın “Konkordiya” klubuna qarşı istədiyimiz oyunu göstərə bilmədik. Meydan amili də var idi. “Kəmərspor”la matçda isə meydan bir az yaxşı idi. Baş məşqçinin istədiklərini meydanda az da olsa, yerinə yetirə bilirdik. Ancaq “Konkordiya” ilə oyun ürəyimizcə olmadı”.

 

Milli üzvü “Sabah”ın yeni transferləri barədə bunları deyib:

 

“Gedənlər də oldu, gələnlər də. Düşünürəm ki, yaxşı legioner futbolçular gəlib. İstər yerli, istərsə də, əcnəbi olsun, fərqi yoxdur, bizə yaxşı oyunçular keçib. Fərdi keyfiyyətləri üstündür. Komandaya xeyriləri dəyər, biz də bunu istəyirik. Ötən ilin komandasıyıq, amma bizim gələcək planlarımız da var. İstəyirik ki, Avropa Liqasına vəsiqə üçün oynayaq. Yeni transferlər xoş gəlib, istəyirik ki, bizə kömək etsinlər”.

 

İmamverdiyev yeni mövsümdəki hədəflərdən söz açıb:

 

“Bu il düşünürəm ki, iddialı komandalardan olacağıq. Təlim-məşq toplanışından yaxşı nəticə çıxararıq. Baş məşqçinin təlimatlarını düzgün yerinə yetirməliyik. Bu il məqsədlər üçün oynayacağıq. Hədəfimiz Avropa Liqasına yollanmaqdır. İstəyirik ki, ilk üçlükdə olaq. Həm Avropa Liqasına vəsiqəni, həm də medal qazanmağı istəyirik. Mənə inananların güvənini daha da artırmaq istəyirəm. Komandama kömək etmək istəyirəm. Mənim özümün də hədəfi yüksəkdir. Milliyə də dəvət almaq istəyirəm”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right