"Məqsədimiz 1:0 hesablı üstünlüyü qorumaq deyil" - Roberto Bordin

Avropa Liqasının II təsnifat mərhələsinin cavab matçında sabah Rusiyanın “Arsenal” klubu ilə qarşılaşacaq “Neftçi”nin baş məşqçisi Roberto Bordin bu gün keçirilən oyun öncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Newsport.az xəbər verir ki, italiyalı mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bölüşüb:

 

- İlk oyundan daha çətin matç olacaq. “Arsenal” çalışacaq ki, ilk oyunla müqayisədə dəyişikliklər etsin və oyunun nəticəsini dəyişsin. Rəqib güclüdür. İlk oyunda da bunu göstərdilər. Sona qədər geri çəkilmədilər, mübarizə apardılar. Bizi çox çətin oyun gözləyir. Diqqətli olmalı və çalışmalıyıq ki, sona qədər konsentrasiyanı itirməyək.

 

- “Arsenal”ın İngiltərə yox, Rusiya təmsilçisi olması, ilk görüşdəki qələbəni və rəqibin debütant olduğunu nəzərə alsaq, “Neftçi”ni daha şanslı saymaq olarmı?
- Bu iki komandanı müqayisə etməzdim. Hər komandanın özəllikləri var. “Arsenal” ilk görüşdə də göstərdi ki, güclü komandadı. Rəqib bura vaxt itirməyə gəlməyib. Onlar çalışacaqlar ki, yaxşı oyun göstərib, nəticəni öz xeyirlərinə dəyişsinlər. İlk oyundan sonra cüzi də olsa, üstünlüyümüz var. Sabah evdə oynayacağıq. Meydanda ilk dəqiqədən sona kimi vuruşmaq lazımdı. Yalnız bu yolla istədiyimiz nəticəni əldə edə bilərik.

 

- İlk matçda məşqçilər korpusunun rəqibi yaxşı analiz etdiyi göründü. “Arsenal”ın artıq “Neftçi”nin əzmkarlığını çözdüyünü düşünmək olar. Rəqibə hansısa sürprizlər hazırlamısız?
- Deməzdim ki, sabah hansısa sürprizlər olacaq. Sadəcə, 90 dəqiqə mübarizə aparmaq, qaçmaq, vuruşmaq lazımdı. Qətiyyən ilk matça arxayınlaşmaq olmaz. Həmin qələbəni unutmalı və sabahkı oyuna köklənməliyik.

 

- Vangelis Platellas sabah start heyətdə olacaq?
- Bu gün məşqimiz olacaq. Ondan sonra heyəti müəyyənləşdirəcəyik. Bir məşqçi üçün ən vacib amillərdən biri odu ki, bütün futbolçuları əlinin altında olsun. Bizdə də çox yaxşıdı ki, belədi. Sabahkı oyun üçün istədiyimiz heyəti  müəyyənləşdirə biləcəyik.

 

- Baqali Dabo oynaya biləcək?
- Tam hazır deyil. Bərpa prosesi keçir. Sevinirəm ki, bu, sürətli formada gedir bu proses. Hazır olan kimi ondan istifadə edəcəm. İntensiv məşqlər edir.

 

- “Neftçi” avrokuboklarda tez-tez oynayır, “Arsenal” isə debütüntdı. Bu, sizin üçün üstünlükdü?
- Əlbəttə, təcrübə vacibdi. İstər daxili çempionatda olan, istərsə də beynəlxalq. Ancaq yaddan çıxarmayaq ki, rəqib Rusiya Premyer Liqasında oynayır və zəif deyil. Ona görə də ciddi hazırlaşmışıq və yaxşı nəticə istəyirik.

 

- Rusiyada çempionatın 3-cü turu yekunlaşdı, Azərbaycanda isə liqa hələ başlamayıb. Bu amil nə dərəcədə təsir edə bilər?
- Üstünlük verə də bilər, verməyə də. Necə yanaşmaqdan asılıdı. Fiziki baxımdan bəli, bu, rəqib üçün üstünlükdü. Daha hazırlıqlıdılar. Ancaq bəzən də bir həftə ərzində bir neçə oyun keçirmək yorğunluq yarada bilər. Bizdə keçən oyundan sonra vaxtımız olub dincəlmək və hazırlaşmaq üçün. Bu da bizə üstünlük yarada bilər. Rəqib isə son 1 həftə ərzində 3-cü oyuna çıxacaq. Ona görə də “Arsenal”ın baş məşqçisi rotasiyalar etməli olub.

 

- İlk matçdan öncəki mətbuat konfransında daha inamlı idiz, qələbə qazanacağınızı demişdiz. Bu gün ehtiyatlı danışırsız. Rəqibin hansısa sürprizindən çətkinirsiz?
- Mən qələbə qazanacağımızı deməmişdim. Əlbəttə ki, oyunçularıma inamım böyükdü. Demişdim ki, gözəl oyun göstərib, qələbə qazanmaq istəyirik. Ancaq yüz faiz qalib gələcəyimizi deməmişdim.

 

- Rəqib erkən qol vurmağa çalışacaq. Bunun cavabını vermək üçün qarşı hücumlarımız olacaq?
- Bizim məqsədimiz 1:0 hesablı üstünlüyü qorumaq deyil. Çalışacağıq ki, öz oyunumuzu meydanda qoyaq və uğurlu nəticə qazanaq. Oyunboyu biləcəyik ki, rəqib necə oynayacaq və biz necə cavab verəcəyik. Müxtəlif oyun üsublarında çıxış edə biləcəyik. 

 

- Bu gün "Qarabağ" Çempionlar Liqası oyununa çıxacaq. Dünənki mətbuat konfransında Qurban Qurbanov "Neftçi"yə uğur arzuladı. Siz "Qarabağ"ın şanslarını necə görürsüz? Ümumiyyətlə, matçı izləyəcəksiz?
- İlk oyunda yaxşı nəticə qazanıblar. Düşünürəm ki, burda da oyunları elə də çətin olmayacaq. Mən də həmkarıma uğur arzulayıram. Burda Azərbaycan amili ortaya çıxır. Hər komanda uğur qazandıqca Azərbaycanın reytinqi artır. Hər komandanın mərhələ keçməsi Azərbaycana xeyirdi. Stadiona getmək imkanım olmayacaq. Ancaq oyuna baxacam. Futbolu izləmək lazımdı. İstəsəz, gəlib bizimlə birgə siz də baxa bilərsiz.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right