"Qarabağ"a müqavimət göstərməyin yeganə yolu budu"

"Partizani"nin mərkəz müdafiəçisi Eqzon Belitsa yerli "Panorama Sport" nəşrinə müsahibə verib. Newsport.az xəbər verir ki, 29 yaşlı futbolçu Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"la cavab görüşünə böyük ümid bəslədiklərini söyləyib.

- İlk oyundakı qolsuz bərabərlikdən sonra Bakıya optimist yollandınız?

- "Partizani"nin ilk matçda "Qarabağ"la belə mübarizə aparacağını heç kim gözləmirdi. Düşünürəm ki, yaxşı oyun ortaya qoyduq və uğurlu nəticə əldə etdik. Ola bilsin ki, lazım olandan çox müdafiədə oturduq. Amma deməliyəm ki, "Qarabağ" kimi güclü komandaya müqavimət göstərməyin yeganə yolu budu. Bakıdakı qarşılaşmada döyüşəcək, əlimizdən gələni edəcəyik. Ümid edirəm ki, Bakıda qol vura biləcəyik. Hansı ki, bu, bizi növbəti mərhələyə daşıyar.

- İlk matçda qol vurmağınıza nə mane oldu?

- Biz standart vəziyyətlər üzərində tez-tez çalışdığımız üçün evdəki matçda qol epizodları yaratmağımız təsadüfi deyildi. Sloveniyadakı toplanış zamanı eyni praktikadan yararlanmışdıq və "Qarabağ"la görüşdə bunu tətbiq etməyə çalışdıq. Hücumdan geri dönməyi də sürətli şəkildə etməyə çalışacağıq. Ümid edirəm ki, bu dəfə dirəyə ilişmərik.

- "Kukesi" də ötən il "Qarabağ"la birinci oyunda 0:0 etmiş, cavab matçında məğlub olmuşdu. Eyni aqibətlə üzləşməkdən qorxmursunuz?

- Öz oyunumuzu göstərəcək və meydanda maksimum gücümüzü ortaya qoyacağıq. "Kukesi" cavab görüşündə 0:3 hesabı ilə məğlub olmuşdu. Ümid edirəm ki, bu dəfə eyni ssenari yaşanmayacaq. Bakıya özümüzü göstərmək və bütün gücümüzlə mübarizə aparmağa gəlmişik.

- İlk oyundakı kimi ehtiyatlı, yoxsa daha cəsarətli futbol sərgiləyəcəksiniz?

- İnanıram ki, bu dəfə daha ehtiyatlı olacağıq. Cəsarətli olmağa çalışacağıq, amma oyunun böyük hissəsini ehtiyatlı şəkildə keçirəcəyik.

- Son çalışmalar onu göstərir ki, "Partizani" penaltilər seriyasına hazırlaşır...

- Ola bilsin ki, oyunun taleyini penaltilər seriyası həll etsin. Hər şeyi məşq etmişik və inanırıq ki, mərhələ adlayan tərəf biz olacağıq. Nəticənin necə olacağını öncədən demək mümkün deyil. Ancaq biz meydana uğurlu nəticə üçün çıxacağıq.

- Bu mövsüm müdafiənin mərkəzində yeni tərəfdaşla başladınız. "Qarabağ"la birinci görüşdə Bitri ilə mükəmməl duet təşkil etdiniz...

- Bitrinin cəmi 22 yaşı var. Gənc olmasına baxmayaraq, əla çıxış etdi. Ötən mövsüm az şans əldə etsə də, keyfiyyətli olduğu görünürdü. O, çox yaxşı futbolçudu. Ümid edirəm ki, "Qarabağ"la ilk oyundakı kimi, bundan sonra da əla çıxış edəcək.

- Ölkə çempionluğundan sonra avrokuboklarda da irəliləyəcəyinizə ümid edirsiniz?

- Rəqiblə bir dəfə qarşılaşacağıq. Avrokuboklarda da uğurlu çıxışa ümid edirik.

- "Partizani"nin "Qarabağ"ı keçəcəyinə kim inanır?

- Uğurlu nəticəyə başqalarının inanıb-inanmamasının bir əhəmiyyəti yoxdu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right