Mirabdulla "Neftçi"dən ayrılmağından danışdı: "Az şans qazanırdım"

"Səbail"in hücumçusu Mirabdulla Abbasov Avropa Liqasının 1-ci təsnifat mərhələsində evdə "Universitetya Karayova"ya 2:3 hesabı ilə məğlub olduqları qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb.

 

Newsport.az-ın məlumatına görə, 24 yaşlı forvard əvvəlcə oyun haqda danışıb.

 

- Təbii ki, istədiyimiz nəticə evdə uduzmaq deyildi. Komandanın uğuru üçün əlimdən gələni etdim.

 

- Aftandil Hacıyev dünən mətbuat konfransında dedi ki, daha çox 0:0 hesablı heç-heçə istəyirsiniz.

- Əlbəttə, 0:0 hesabı bizə sərf edərdi. Çünki səfərdə 1 qol vuracağımız təqdirdə üstünlük bizdə olacaqdı. Alınmadı, belə oldu. Bu, o demək deyil ki, əlimizi-qolumuzu sallayıb, məğlubiyyətlə barışıb, oraya gedəcəyik. Səfərdə də  mübarizə aparacağıq. Komandaya inanıram.

 

- Bəs, bu gün sizə istədiyiniz nəticəni qazanmağa nə mane oldu? Təcrübəsizlik deyək, yoxsa rəqibdən çəkindiniz?

- Çəkinmək yox idi. Bütün oyunçularımız yaxşı mübarizə apardı. Kiminsə çəkindiyini deyə bilmərəm. Sadəcə belə alındı. Əlbəttə, onlar bizdən üstün oynadılar. Amma bizim də yaxşı epizodlarımız oldu, 2 qol vurduq. Mənim də 1 qol epizodum oldu, fərqlənə bilmədim.

 

- Belə dişsiz görünməyin nə ilə bağlı idi?

- Oyun stilimiz belə idi. Müdafiədə oynayırdıq. Məşqçinin tapşırığı idi.

 

- "Səbail"dən nə gözləyirsən? "Neftçi"də daim oynamasan da, çıxırdın, qollar vururdun. Hamı əsas heyətdə oynamağını istəyirdi. Komadada qalmamağın səndə inciklik yaratdı?

- Xeyr. İnciklik deyil. Öz istəyimlə gəldim. Orada az şans alırdım. Mənim elə yaşımdır ki, oynamağı üstün tuturam.  Sadəcə buna görə "Səbail"ə gəlmişəm. Bunun altında başqa məqamlar axtaranlar var. Onlardan xahişim budur ki, bu məsələdə başqa heç nə axtarmasınlar. "Neftçi" ilə hələ də müqaviləm var. Sadəcə oynamağa gəlmişəm. "Səbail"in oyun stili mənə uyğundur, mənim üçün uğurlu olacağını düşünürəm.

 

- Necə düşünürsən, hücumçu lazımdırmı?

- Bu, mənim işim deyil. Tək hücumçu mən olduğuma görə, yəqin ki, lazımdır. Mənim üçün də rəqabət yaxşıdır.

 

- Azarkeşlər hələ də sənə əsəbidirlər. Özün də deyirsən ki, "Səbail"ə icarə üçün gəlmisən. Bəs, yenidən qayıdıb,  "Neftçi"də oynamaq sənin üçün necə olacaq?

- Avroliqadan sonra azarkeşlərlə görüşmək planımda var. Hazırda çox vaxtım olmur. Onlarla görüşüb, söhbət etmək istəyirəm ki, vəziyyət necədir, nə üçün gəlmişəm. Azarkeşləri də başa düşmək olar. Mətbuatda müxtəlif xəbərlər yazılırdı. Onlar məni, mən də onları yaxşı tanıyıram. Düşünürəm ki, dil tapacağıq.

 

- Nəyə görə getmişəm deyəndə nəyi nəzərdə tutursan? Bizə dediyin səbəblərdir, yoxsa....

- Xeyr. Sizin də bildiyiniz kimi son 6 ayı az oynamışdım. Ehtiyyat oyunçular arasında olurdum. Mənim elə yaşımdır ki, daim oynamalıyam.

 

- Gedən futbolçular həmişə sabiq komandalarına qarşı daha yaxşı oynayırlar. Özünüsübut xarakterli matçlar olacaq?

- Belə düşünmürəm, əlavə bir motivasiya deyil.  Hər oyunda olduğu kimi çıxıb, əlimdən gələni edəcəyəm ki, hazırda çıxış etdiyim komanda uğur qazansın.

 

- Dedin ki, ehtiyatda qalırdın, çox oyun şansı qazanmırdın. Bəs, bunun günahı kimdədir, sənin özündə, ya baş məşqçidə? Orada sənə haqsızlıq edildi?

- Haqsızlıq deməzdim. Onun futbola baxışı elədir ki, bəlkə, məni o vaxt hazır saymırdı, oynatmırdı.

 

- Amma gələn hücumçu da yerlidir - Rauf Əliyev. Legioner gətirsəydilər, başa düşmək olardı.

- Təbii ki, Raufa yalnız uğurlar arzulaya bilərəm. Başqa heç nə (qol.az).





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah