"Qarabağ"da 3 illik müqavilə: Bunlar qərarıma müsbət təsir göstərdi

"Qarabağ" yeni mövsümün ilk transferini rəsmiləşdirib. Newsport.az xəbər verir ki, Ağdam təmsilçisinin ispaniyalı futbolçu Xayme Romero Rodrigeslə müqavilə müddəti açıqlanıb.

28 yaşlı oyunçu ölkə çempionu ilə 3 illik sazişə qol çəkib. Yeni transfer komandada 9 nömrəli formanı geyinəcək.

Xayme klubun rəsmi saytına açıqlamasında təəssüratlarını bölüşüb. O, "Qarabağ"a keçdiyi üçün sevincli olduğunu bildirib: "Bura mənim üçün yeni təcrübədi. Ümid edirəm ki, hər şey istədiyim kimi olacaq. Təbii ki, klub haqqda məlumat toplamışam. Azərbaycanın ən önəmli komandasına gəldiyimi bilirəm. “Qarabağ”ın son illərdə ardıcıl Azərbaycan çempion olması, avrokuboklarda qrup mərhələsində iştirak etməsi, həmçinin klubun idarəetməsində olan peşəkarlıq qərarıma müsbət təsir göstərdi. Özüm də artıq oyunları səbirsizliklə gözləyirəm, həm öz bacarığımı göstərim, həm də oyunumla komandama kömək edim".

İspaniyalı ön xətt oyunçusu komandada oyunçu sayının çox olmasının onlara yalnız müsbət təsir edəcəyini düşünür: "Belə güclü komandada bir mövqe uğrunda rəqabətin olması normaldı. Futbolçu gəldikdə bu rəqabətə hazır olur. Rəqabət isə həm futbolçunun, həm də komandanın inkişafına təkan verir".

Xayme özünü avrokuboklara hazır sayır: "Cəmi 2 həftə istirahətim olub, fiziki cəhətdən özümü yaxşı hiss edirəm. “Partizani”ylə oyuna qədər digər komanda yoldaşlarım kimi olmasa da, istənilən səviyyədə olmaq üçün tam gücümlə çalışacam. Azarkeşlərin mənə olan inamını doğrultmaq üçün əlimdən gələni edəcəm".

Qeyd edək ki, karyerasına “Albasete”də başlayan 28 yaşlı futbolçu həmçinin “Saraqosa”, “Real”ın B komandası, İtaliyanın “Bari” və “Udineze” kimi klublarının şərəfini qoruyub. “Deportivo Luqo”da icarədə oynayan Xayme son olaraq ölkəsinin "Kordoba" klubunda çıxış edib.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah