"Sənan Qurbanov "Qəbələ"ni ən çətin vaxtda qəbul etdi"

Mövsümün sonunda "Qəbələ"dən ayrılan ukraynalı məşqçi Aleksandr Qluşenko ölkəsinin mətbuatına müsahibə verib. Newsport.az-ın məlumatına görə, əyalət klubunda qapıçılar üzrə məşqçi işləyən mütəxəssis həm Azərbaycandakı karyerasından danışıb, həm də digər məsələlərə toxunub.

- Geridə qalan müddətdə Aleksandr Aleksandroviç "Qəbələ"də hansı uğurları qazanıb?

- Azərbaycan çempionatının ikiqat gümüş mükafatçısı, ölkə kubokunun finalçısı və son qalibi olmuşuq. Naxçıvanda keçirilən həlledici matçda "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub etdik. Yəqin, bilirsiniz ki, "Qəbələ" Avropa Liqasının qrupunda "Maynts", "Anderlext" kimi komandalarla oyunlarda öz qüvvəsini sınayıb. Qrupa düşmək üçün isə "Lill" və "Maribor" kimi klubları mübarizədən kənarlaşdırıb. Bunlar əvvəlcə Roman Qriqorçukun, ardınca isə əvvəllər onun köməkçisi olmuş Sənan Qurbanovun başçılığı altında məşqçilər korpusunun qazandığı uğurlardır.

- Yəqin ki, "Qəbələ" Qriqorçukun köməkçisini təsadüfən baş məşqçi təyin etməyib...

- Qriqorçuku xüsusi təqdim etməyə ehtiyac yoxdur. O, güclü məşqçidir. Onun taktikası sayəsində "Qəbələ" iki il ardıcıl Avroliqada qrupa düşdü. Onun məşqçilər korpusunda çalışmaq maraqlı idi. Sənan Qurbanov isə çox yaxşı məşqçidir. Vaxtı ilə Muntyanu və Syominin də köməkçisi işləyib. O, komandanı ən çətin vaxtda qəbul etdi. Bu komanda ilə Azərbaycan kubokunda finala çıxmaq və fəxri titulu qazanmaq ikiqat xoş idi. Sənan hələ gəncdir. Amma kifayət qədər təcrübəsi var və gələcəkdə yaxşı mütəxəssis olacağına şübhə etmirəm. "Qəbələ" onun rəhbərliyi altında yüksək səviyyədə sabit oynamağa qadirdir.

- Xatırlayırsınızsa, Qazaxıstanda 3 ilə gənclər yığması üçün Sultan Busurmanov kimi qapıçı hazırlamışdınız. Bəs Azərbaycanda bu mənada nə edə bildiniz?

- Əlbəttə, çox şey istedad və istəkdən asılıdır. Bu mənada təcrübəli Dmitri Bezotosnı və Anar Nəzirov, həmçinin gənc Murad Popovla əla anlaşmamız var idi. Popov bu mövsüm Azərbaycan gənclər yığmasına da dəvət olundu. Yeri gəlmişkən,bu yığmanı Ukraynada yaxşı tanınan Milan Obradoviç çalışdırır.

- Ukrayna, Qazaxıstan və Azərbaycanda zehniyyət, yəqin ki, bir-birindən fərqlənir...

- Futbolun dili hər kəsə aydındır. Mənə istənilən yerdə işləmək rahatdır. Ümid edirəm ki, digərləri də haqqımda bu cür düşünür. Çoxlu dost, yaxşı tanışlar qazandım. İnternetin köməkliyi ilə indi də onlarla əlaqə saxlayıram. Mənim üçün çox faydalı təcrübə oldu. Buna görə taleyimə minnətdaram. Ukrayna və Qazaxıstanla müqayisədə, Azərbaycan futbolu hazırda inkişafdadır. Uşaq futboluna böyük vəsait yatırılır. Dövlətin nəzarəti altında ölkəyə əcnəbi məşqçilər dəvət olunur. Bütün bunlar tamaşaçı maraqlarını stimullaşdırır. Bakıdakı Avropa Liqasının finalı böyük futbolun şərqdəki ciddi sıçrayış faktıdır.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah