"Yeganə ölkəyik ki, divizionda bombardir olan futbolçuya Premyer Liqadan təklif gəlmir"

Vaxtilə “Neftçi”nin sıralarında olan İlham Allahverdiyev Türkiyədən qayıdıb.

 

26 yaşlı hücumçu 2016-2019-cu illərdə Türkiyənin BAL Liqasının iddialı klublarında forma geyinib. Mərkəz hücumçusu "Bartınspor", "Çengelköyspor" və "Hendekspor"da çıxış edib.

 

Ancaq Türkiyə BAL Liqasında legioner limiti qoyulduğu üçün əcnəbi oyunçuların çempionatda çıxış etməsi çətinləşib. Bu səbəbdən də Allahverdiyev Azərbaycana qayıtmağa qərar verib.

 

Newsport.az-ın məlumatına görə, İlham Allahverdiyev Sportal.az-a müsahibəsində Türkiyə karyerası və gələcək planları barədə danışıb.

 

- Türkiyə klublarında karyeran necə alındı?

- 2016-cı ildə "Şəmkir"də çıxış edərkən Türkiyənin BAL liqasında iddialı klub hesab olunan "Bartınspor"dan təklif aldım və anlaşdıq. Orada 4 qol vurduqdan sonra mövsümün ikinci yarısını liqanın digər iddialı klubu olan İstanbul təmsilçisi "Çengelköyspor"a transfer oldum. Sona iki tur qalmış çempionluğu qaçırdıq. Özümü yaxşı göstərdiyim üçün yeni müqavilə təklif edildi. Şərtlər yaxşı idi, mən də qaldım və mövsümü 15 qolla tamamladım. "Çengelköyspor"la liqanı 3-cü bitirdik. Növbəti mövsüm Sakaryanın "Hendekspor" klubundan təklif aldım. İddialı klub idi, hədəf çempionluq qoyulmuşdu. Hər tur 5-10 min azarkeşin möhtəşəm dəstəyilə oyunlara çıxırdıq. Çoxları oranı həvəskar kimi düşünsə də, işlər peşəkar liqa kimi qurulmuşdu. Jaba, Tita, Babakar, Engin Baytar kimi futbolçular BAL liqasında oynayırdı. Bu üç il ərzində bir dəfə çempion olduq, bir dəfə ikinci, bir dəfə də üçüncü yeri tutduq. Daha sonra legioner limiti qoyuldu. Üç ilim tamam olduğu üçün mənə vətəndaşlıq almaq istədilər, lakin bu, heç cür alınmadı.

 

- Şərtlər Azərbaycandakından daha yaxşı idi?

- Ordakı şərtlər bizim I Diviziondan daha yaxşı idi. Həm maddi, həm də mənəvi cəhətdən bunu deyirəm.

 

 

- Yeni limit qərarı legioner futbolçulara necə təsir etdi?

- Limit nəinki azərbaycanlı futbolçulara, bütün legionerlər üçün pis oldu.

 

- Karyeranı bundan sonra harada davam etdirəcəksən?

- Artıq Azərbaycanda oynamaq istəyirəm. Çünki Türkiyə BAL liqasında legioner limiti qoyulub. Bundan sonra artıq Azərbaycana qayıtmaq fikrindəyəm.

 

- Azərbaycan I Divizionu və Premyer Liqasının səviyyəsi kənardan necə görünür?

- O dərəcə yüksək görünmür ki, mən burada oynaya bilməyim. Bu gün çempionatda çıxış edən uşaqların çoxu biz futbol oynayanda "Sabahın ulduzları"nda idi.

 

- Türkiyənin BAL liqası Premyer Liqa və Divizionla müqaysiədə hansı səviyyədədir?

- Bal Liqası I Diviziondan yüksək, bəzi Premyer Liqa klublarından geri qalmayacaq səviyyədədir.

 

 

- Türkiyəyə məcburiyyətdən yollanmışdın?

- "Qaradağ Lökbatan"ın heyətində 2014/2015 mövsümündə 21 qolla I Divizionun bombardiri oldum. Gözləyirdim ki, Premyer Liqa klublarından təklif alaram, ancaq baş vermədi. Futboldan küsmüşdüm. Futbolsuz qalmamaq üçün "Şəmkir"ə yollandım. Orada bir il oynayıb Türkiyəyə getdim. Təsəvvür edin, yeganə ölkəyik ki, 21 qol vurub, divizionda bombardir olan futbolçuya Premyer Liqadan təklif gəlmir. Yəqin ki, bu il bunu nəzərə alarlar. Qıraqda qalan və Türkiyədən gələn oyunçulardan ibarət komanda qursaq, Premyer Liqada qalmaq uğrunda mübarizə aparar.

 

- Çıxış etdiyin klublarda azarkeşlərin sənə münasibəti necə idi?

- Oynadığım klublarda demək olar ki, diqqətlər üzərimdə idi. Hər kəs azərbaycanlı hücumçudan danışırdı. Mən futbolu burada bitirib, Türkiyəyə getmişdim. Orada sıfırdan başladım.

 

- "Çəngəlköyspor"da oynayarkən komanda yoldaşın sənə pul "atmışdı". Türkiyədə oşagəlməz hadisələrlə tez-tez rastlaşmısan? Həmin hadisə necə baş vermişdi?

- Düzdür, belə hadisə olub. Ancaq olub, keçib, danışmaq istəməzdim. Klubun bazasında qalırdım. Səhər məşq edirdim, istirahət vaxtlarında hərdən şəhəri gəzirdik. Xoşagəlməz hadisələrdən uzaq dururam. Ümumiyyətlə, Türkiyədə futbolçu alarkən futbolçunun xarakteriylə maraqlanırlar.

 

- "Neftçi"nin yetirməsi olmusan. Bir zamanlar bu klubda Elşən Abdullayev, Mirabdulla Abbasovla birgə çıxış edirdin. Niyə Premyer Liqada və "Neftçi"də karyeran alınmadı?

- Ardıcıl iki il "Neftçi"nin əsas heyətində olmuşam. Dedilər ki, yaxşısan, belə davam et. Maaşımı da qaldırdılar. Ancaq şans qazanmamışam. Avropa Liqasının oyunları üçün heyətə daxil edilmişəm. "Zestafoni" və "Hapoel"lə oyunların iştirak ərizəsində olmuşam. Qrup mərhələsinin "Rubin"lə səfər oyunu üçün Kazana yollanmışdım.

 

- İncikliyin var?

- Futbolda ola bilər. Ancaq kimdənsə inciməmişəm. Dediyim ki, artıq Azərbaycandayam. Premyer Liqada oynamaq istəyirəm. Transfer təkliflərini gözləyirəm.

 

- Milli komandanın AÇ-2020-nin seçmə mərhələsində Macarıstan və Slovakiya ilə oyunları barədə fikirlərin necədir?

- Açığı, millinin oyunlarına canlı baxa bilmədim. İcmalı izləmişəm. Uşaqları bir az aciz gördüm. Xorvatiya ilə oyundan sonra hamı başqa fikirdə idi. İstəkli və arzulu komandamız var idi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right