“Heç kəs deyə bilməz ki, uşağına sərt davranmışam” – “Qarabağ”ın məşqçisi

“Qarabağ”ın futbolçularının əsas millinin heyətində bacarıqlarından aşağı səviyyədə çıxış etdiyi iddialarının ortaya atıldığı gündə Ağdam klubununun akademiyası ilə bağlı da xoş olmayan məlumatlar yayıldı. Bildirilir ki, keçən il U-15 komandasına sırf əsas komandanın çalışdırıcısı Qurban Qurbanovun dostunun oğlu olduğu üçün baş məşqçi təyin edilib. Daha sonra o, istedadlı bir neçə uşağı komandadan uzaqlaşdırıb və öz istədiklərini gətirib. Məsələ ilə bağlı klubdan bildirdilər ki, belə bir şeyin olması mümkün deyil, əsassız iddiadı.

Daha bir xoşagəlməz məlumat isə U-13 komandasının baş məşqçisi Araz Bağırovla bağlı yayılıb. Bu mövsüm komandanı U-13 Liqasının qalibi edən baş məşqçi haqda yazılana görə, o, uşaqlardan birini, konkret olaraq Vüqar Bağırovu sıxışdırırmış. Bu səbəbdən həmin oyunçu klubun akademiyasını tərk edib və Gürcüstanın “Saburtalo” klubuna keçib.

Məsələ ilə bağlı sözügedən məşqçini dinlədik:

- Onunla heç bir problem olmayıb. Vüqar akademiyamızın ən perspektivli uşaqlarından biri idi. Sadəcə, valideyn tərəfdən həddən artıq problemlər olub. Məşqlərə, oyunlara müdaxilə, nizam-intizam qaydalarımızın pozulması və s. hallar baş verib. Bu üzdən bir neçə dəfə xəbərdarlıq edilib. Ancaq onu bizdən gedənə kimi akademiyamızın ən perspektivli uşaqlarından hesab etmişik və müddət olaraq da ən çox şans verdiklərimizdən idi. Adətən valideynlər narazı olurlar ki, uşağım burda oynamır, götürüb aparıram. Vüqarı mən özüm pullu qrupdan bizim komandaya götürmüşəm və iki il onunla məşğul olmuşam. Onun indi belə oynamağında müstəsna rolum var. Sadəcə, valideyn müdaxilələri, bizim bir neçə xəbərdarlığımızdan sonra da heç nəyin dəyişməməsi aramızda müəyyən narazılığa səbəb olmuşdu. Ancaq biz onu nə komandadan çıxarmışıq, nə də akademiyadan uzaqlaşdırmışıq. Valideyni öz xoşu ilə dedi ki, mən uşağımı “Sabah”a aparıram, sonra da məlum oldu ki, “Saburtalo”ya gedib.

- İddiaya görə, siz həmin uşağı sıxışdırmısız...
- Belə şey mümkün deyil. Mənim də öz balam var. O uşağı pullu qrupdan gətirmişdim. Onu özüm götürmüşəm, 2-3 ildi bir yerdə idik və daim də oynayırdı. Sıxışdırmaq elə ola bilər ki, məşqçi haqq edə-edə kimisə oynatmasın. Vüqar bəlkə də, bizdə ən çox müddət qazanan olub, bütün vacib oyunlara hücumçu kimi o çıxıb.

- Belə yazılır ki, demisiz, mən indi bu uşağı sıxışdırmasam sonra o, məni məşqçi kimi tanımayacaq...
- Məşqçi sıxışdırmaqla yox, sevgi ilə tanınır. Mən uşağa hörmət etsəm, o da mənə hörmət edəcək. Ancaq bəzi nizam-intizam qaydaları var ki, futbolçu olmaq istəyən onlara riayət etməlidi. Sıxışdırmağa qaldıqda isə belədə məşqçi uşağı bir az da özünə ögeyləşdirir. Ancaq futbolçu olmaq istəyən uşaq, onun valideyni nizam-intizam qaydalarına riayət etməlidi.

- Ümumiyyətlə, valideynlərlə bağlı hansı narazılıqlarınız olur? İşinizə necə müdaxilə edirlər?
- Açığı, “Qarabağ”da valideynlərlə bağlı problem var. Keçən il də bu məsələni qaldırmışdıq. Çox güman ki, bu ildən artıq valideynlər “Tofiq Bəhramov”un ikinci qapısından içəri buraxılmayacaqlar. Onlar setkanın kənarında dayananda həm bizə mane olurlar, həm də uşaqlara psixoloji olaraq təsir edirlər. O uşaqlar futbolçu olmadan artıq özlərini futbolçu kimi hiss etməyə başlayır. Dəfələrlə həmin uşağın valideyninə demişdim ki, sərbəst buraxın, o özü futbolçu olacaq. Daim məşqlərə gəlib setkanın kənarında dayanmağınız yaxşı yox, pis təsir edir. Ancaq valideyn dediklərimizə saymazyana yanaşırdı. Sizdə daha dolğun təsəvvür formalaşması üçün adi bir nüansı deyim. Mayın 2-də liqanın final oyunu oldu. Biz əlavə vaxtla bir yerdə 58 dəqiqə oyun keçirdik. Vüqar da təxminən 50 dəqiqə meydanda oldu. Son zaman söhbətlərdə valideyni mənə deyirdi ki, finalda niyə əvəzlədiz uşağımı. Təsəvvür edin ki, mayın 2-di, isti havadı, uşaq 50 dəqiqə tək hücumçu kimi oynayır, qaçır, pressinq edir, sən onu 8 dəqiqəlik əvəzləyirsən və valideyn bundan narazı qalır. Məncə, bundan böyük müdaxilə mümkün deyil.

- Məşqçi kimi, metodikanızda, məşq proseslərinizdə uşaqlarla davranışınız zamanı sərtlik dərəcəsi nə qədərdi?
- Mən uşaqlarla dost kimiyəm. Heç kəs deyə bilməz ki, Araz uşağıma qarşı sərt davranır, əksinə daha yumşağam. Ancaq bəzi məqamlarda futbolun da tələbi ilə sərt ola bilərəm. Futbolçunun pressinq etməsini, topu olmasını istəyirsənsə, ona səsinin nazik tonunda deyə bilməzsən ki, ay qaqaş, get top al. Bunu bir az sərt formada demək lazımdı. Bu da işin bir yolu, açarı, üslubudu. Uşağın sərt oynamağını istəyirsənsə, bunu ona elə formada deməlisən ki, səsinin tonundan artıq sərtliyi başa düşsün. Məni hər kəs bəyənə bilməz. Bunu gözləmirəm də, normal bir şeydi. Sadəcə, haqq-ədalət var da. İndi mənə maraqlı olan yalnız komandamın oyunudu. Hazırda U-13-lər arasında “Qarabağ” gücdə, belə oynaya bilən neçə komanda var? Mənə maraqlıdı ki, U-12-dən neçə uşağı U-13-ə keçirə bilirəm. Bütün ölkə üzrə 4-5 uşaq var ki, mən onları öz komandama götürərəm və düşünərəm ki, bizim uşaqlarla ayaqlaşacaq səviyyədə oynaya bilərlər. Biz çempion olduq, bu, çox yaxşıdı, ancaq mənimçün ən vacibi belə məqamlardı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right