“Bakıdan qalib ayrılmalıyıq” Vilyan

“Qalib gəlməyi çox istəyirik və bunun üçün lazım olan hər şeyi etməliyik. Hər iki komanda üzərində təzyiq hiss edir”.

Newsport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bunu İngiltərənin “Çelsi” komandasının futbolçusu Vilyan Londonun digər təmsilçisi “Arsenal” ilə Bakıda keçirəcəkləri UEFA Avropa Liqasının final matçı barədə danışarkən deyib.

31 yaşlı braziliyalı hücumçu hər iki komandanın qələbə qazanmaq üçün alışıb-yandığını bildirib: “Artıq Çempionlar Liqasına vəsiqə qazanmışıq. İndi isə Avropa Liqasını qazanmaq istəyirik. Bizi möhtəşəm və çətin oyun gözləyir. Bakıdakı finalda qalib gəlməliyik. Bu, həm komanda, həm də mənim üçün ən yaxşı mövsüm olmasa da, sonda məqsədimizə çatdıq. Premyer Liqada 3-cü yeri tutduq, Liqa Kuboku və Avropa Liqasında finala çıxdıq. Üzərində işləməli olduğumuz şeylər var və bunu növbəti mövsümdə edə bilərik. Finala köklənməli, titul götürməyə çalışmalıyıq. Qələbə klubu şöhrətləndirəcək. Avropa Liqasında qələbə hamımız üçün xoş məqam olardı".

Vilyan finaldan sonra “Çelsi”dən ayrılaraq İspaniyanın “Real Madrid” klubuna keçəcəyi gözlənilən Eden Azar barədə də fikirlərini bölüşüb: “Onunla oynamaqdan çox xoşum gəlir. Futbolda nə olacağını bilmək mümkün deyil. Azar getsə, bizim üçün çox kədərli olacaq. O, çox yaxşı oğlan və istedadlı futbolçu, dünyada ən yaxşılardan biridir. Ümid edirəm ki, bizimlə qalacaq”.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçına saat 23:00-da start veriləcək.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right