Nikola Yurçeviç: "Özümüzdən razı olmağa əsasımız yoxdur"

AVRO-2020-nin seçmə mərhələsində Macarıstan və Slovakiya ilə ev oyunları üçün təlim-məşq toplanışında olan Azərbaycan millisinin Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.

 

Newsport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis iki gün öncə start götürən hazırlıq prosesini belə dəyərləndirib:

 

- Əvvəlki toplanışla, bu toplanış arasındakı fərq böyükdü. Onda vaxtımız az idi, ancaq indi qarşımızda hazırlıq üçün uzun müddət var. İş biraz qəlizdi. Çünki elə oyunçular var, mayın 11-də oynayıb, eləsi var kubokda meydana çıxıb. Bəzi oyunçular da sonradan qoşulacaq toplanışa. Bu işi biraz qəlizləşdirir. Hazırda bizlə olanlar mayın 11-də oyun keçirənlərdi. Ayın 24-dən etibarən 21 futbolçu olacaq. Bunların da 2-si qapıçıdır. 16 nəfərlə başlamışıq. Növbəti günlərdə Dmitri Nazarov, Dadaşov qardaşları, Pavel Paşayev, Emil Balayev, Bəhlul Mustafazadə düşərgəyə qoşulacaq. Ramil Şeydayev, Eddi İsrafilov... daha sonra gələcəklər. Onlar bizimlə 1 həftə olacaq. Oyunların ciddiliyini hamımız görürük. Hamı canla-başla hazırlaşır. Yeganə çatışmayan cəhətimiz odu ki, vacib 3-4 oyunçu əvvəldən bizlə deyil. Onlar son 1 həftəni olacaq. İnanıram ki, stadion da dolu olacaq və istədiyimiz nəticəni əldə edəcəyik. Toplanış 27 nəfərdən ibarət olacaq. Bunlar son heyətə düşmək üçün çalışacaq. Ümid edirəm ki, zədələnən olmayacaq, hamı tam formada olacaq. Heyətdən sonda 2-3 oyunçu çıxaracağıq. Onların bizimlə qalıb-qalmayacağına sonda qərar verəcəyik. İyunun 1-də U-21 yığması ilə oyunumuz olacaq.

 

- 27 futbolçudan əlavə nəzərinizdə olan oyunçu varmı?
- 27 nəfər son siyahıdı.

 

- Şahruddin Məhəmmədəliyev klubunda davamlı oynamır, meydana çıxdığı matçlarda da ciddi səhvlər edir. Onu milliyə çağırmaqla nə dərəcə düzgün qərar vermisiz?
- Son toplanışımızda da Şahruddin komandayla birgə olub. Qapıçıların çağırılması, onların oyununa qiymət vermək qapıçılarla iş üzrə məşqçinin işidi. Mən onun işinə qarışmıram.

 

- U-21-lə başqa komanda tapmadığınız üçün oynayırsız? Bu, mənfi təsir etməyəcək ki?
- Bu, bizim üçün problem olmaz. Başqa komandalarda da bu məsələ var. Hətta biz xaricdən də komanda tapmış olsaq, yenə də oyuna tam heyətlə çıxa bilməyəcəkdik. Hesab edirəm ki, digər komandalarda olduğu kimi bizdə də eynidisə, bu problem olmaz. FIFA-nın nizamnaməsinə uymalıyıq. Məsələn, Xorvatiya millisi 4-cü liqa təmsilçisinə qarşı oynayacaq. Yəni, başqa komandalarda da eyni vəziyyətdi. Bu problemlərə görə bir çox milli komandalar iyun ayını yaxşı qarşılamır.

 

- Macarıstan və Slovakiya ilə oyunlarda minimum hədəf nədir?
- Bu və ya buna oxşar suallarla bir neçə dəfə qarşılaşmışam. Əvvəlcədən təxmin etməyəcəm. Əsas diqqətimizi ilk oyuna veririk. Sonra da ikinci oyuna hazırlaşacağıq. Bacardığımız qədər yaxşı oyun sərgiləməyə çalışacağıq. Özümüzdən razı olmağa əsasımız yoxdu. Çox çalışmalıyıq.

 

- İlk oyunla ikinci oyun arasında dəyişiklik düşünəcəksizmi?
- Əvvəlcə ilk oyunu fikirləşməliyik. Kiminsə ikinci matçı düşünməsi, hadisələri qabaqlamaq olar. İlk oyunun nəticəsi yaxşı olarsa, ikinci görüş qabağı komandaya müəyyən güc verəcək. İkinci matçda müəyyən dəyişiklik ola bilər. Ancaq radikal dəyişiklik etmək kimi bir fikir yoxdu. Əvvəlcə ilk oyunu qutaraq sonra ikincini düşünək. Mən heç vaxt görməmişəm ki, yaxın günlərdə 2 rəsmi oyun keçirən komanda fərqli "11-lik"lə meydana çıxsın.

 

- Millidə əsas düşünülən qapıçı mövqeyidi. Əsas qapıçının kim olacağına qərar vermisizmi?
- Yəqin ki, Xorvatiya və Litva ilə oyundan fərqli olmayacaq. İndiki vəziyyətə görə deyirəm. Dəyişikliyə əsas görmürəm.

 

- Ayaz Quliyevlə bağlı məlumatınız varmı və onunla danışıb milliyə gətirməyə çalışacaqsızmı?
- Onun haqda eşitmişəm. Yaxşı oyunçu olduğunu mən də bilirəm. Ancaq gələcəkdə Azərbaycan üçün oynayacağını bilmirəm. Məşqçi olaraq mənim əlimdə olan səlahiyyət deyil. Onunla söhbət etməmişəm, ancaq millidə olmasını istəmişəm. Hazırda məsələ hansı tərəfdədi, bu barədə məlumatsızam.

 

- Türkiyədə oynayan, vaxtı ilə millinin formasını geyinmiş futbolçular var. Onlar klublarında kifayət qədər meydana çıxırlar. Həmin futbolçuları milliyə dəvət etməklə bağlı düşünürmü?
- Millidə oynaya biləcək istənilən futbolçuyla maraqlanıram. Onların hamısı barədə məlumatım var. Ümid edirəm ki, gələcək oyunlarda həmin futbolçular özlərini yaxşı göstərəcək, biz də onları dəvət edəcəyik.

 

- "Trabzonspor"un futbolçu Cem Akpınar hələ mili komanda seçimini etdiyini deməyib. Ancaq Türkiyədən təklif gözləyir...
- Onunla bağlı ətraflı məlumatım yoxdu. Bəzən elə olur ki, hər kəsin tanıdığı bir adamı mən tanımaya bilərəm. Bizim üçün maraqlı oyunçu olarsa, ona "yox" demərik. 27 nəfərlə planlaşdırırıq heyəti. Burda zədələnmələr və s. başqa problemlər ortaya çıxa bilər. Sonuncu həftənin də yekununda bütün futbolçular sağlam olarsa, 2-3 futbolçunu bəlkə geri göndərdik.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right