"Demişəm, onlar Sumqayıt tarixində qəhrəman kimi qalacaqlar" - Abbasov

Azərbaycan kubokunun finalında “Qəbələ” ilə qarşılaşacaq “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov oyun öncəsi fikirlərini PFL-in saytına bölüşüb.

Newsport.az-ın məlumatına görə, 37 yaşlı mütəxəssis komandanı oyuna soyuqqanlı hazırladıqlarını bildirib: “Final oyunun adı özü bir həyəcan gətirir. Bəiz futbolçularımız karyeralarında ilk dəfə final həyəcanı yaşayacaq. Elə biz məşqçilər üçün də bu, ilk olacaq. Bacardığımız qədər komandanı oyuna soyyuqanlı hazırlamışıq. Bilirik ki, bu oyun nə qədər vacibdir. Amma çalışacağıq ki, soyuqqanlığımızı qoruyaq”.

Abbasov heyətdə itkilərin olduğunu deyib: “İtkilərimiz var. Bəzi futbolçuların oynayıb-oynamayacağı sabah bilinəcək. Bütün futbolçularıma güvənmişəm. Kim hazır olsa, buna uyğun qərar verəcəyik”.

Mövsümə “Zirə”də başlayıb, daha sonra “Sumqayıt” keçən və sabiq komandasını kubokdan kənarlaşdıran Ayxan Abbasov qarışıq mövsümü belə şərh edib: “Məşqçi karyerasında gözlənilməz anlar olur. Mənim üçün də belə bir şey baş verdi. Mövsümün əvvəlində belə halla qarşılaşacağımı fikirləşməzdim. Harda oluruqsa, həmin yer üçün çalışmalıyıq. Bu gün də “Sumqayıt”ın uğurları üçün çalışırıq. Futbolçularla birgə finala çıxmağı bacardıq. Finalın nəticəsindən asılı olmayaraq, futbolçulara təşəkkür edəcəm. Çünki bu il inanılmazı bacardılar. Əgər kuboku da qazansaq, mən demişəm, onlar Sumqayıt tarixində qəhrəman kimi qalacaqlar”.

Gənc mütəxəssis “Qəbələ”nin heyətində oyunu buraxacaq Ceyms Adeniyinin oyun planlarına təsir etməyəcəyini vurğulayıb: “Qəbələ” bizdən təcrübəlidir. Onlar üç dəfə finalda oynayıblar. Heyətlərindəki futbolçuları götürsək, ustalıq baxımından bizdən üstündürlər. Rəqibdə hansı futbolçunun oynayıb-oynamayacağını dəqiq bilmirəm. Biz tək futbolçuya qarşı deyil, “Qəbələ” komandası ilə matça hazırlaşmışıq. Bilirik ki, çətin olacaq. Futbolçularımıza güvənirəm. İnanıram ki, meydanda qoyulan tapşırıqları yerinə yetirib, istədiyimiz nəticəni qazanacağıq”.

 
 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right