Miloş Velebit: "Əsas məqsədimiz oyun keyfiyyətini yüksəltməkdir"

15 və 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandalarının baş məşqçisi və aşağı yaş qrupu üzrə yığmaların koordinatoru Miloş Velebit AFFA-nın saytına müsahibə verib.

 

Newsport.az serbiyalı mütəxəssisin müsahibəsini təqdim edir:

 

- Təyinatınızdan 3 ay keçib. Bu müddət ərzində nə kimi işlər görmüsünüz?
- Aşağı yaş qruplarından ibarət yığma komandaların məşqçi heyəti ilə bir çox görüşlər keçirmişik. Əsas məqsədimiz vahid komanda kimi birlikdə çalışmaqdır. Hazırda U-15-dən U-19-dək eyni fəlsəfə və eyni sistem üzərində iş qurmuşuq. Tətbiq etmək istədiyimiz fəlsəfəni, sistemi təlim-məşq toplanışlarında həyata keçirməyə çalışırıq. Məşqçilər arasında çox yaxşı münasibət var. Dediyim kimi, eyni fəlsəfə, eyni sistemlə bu yolu birgə addımlayırıq. Ötən 3 ay ərzində 2003-2004-cü il təvəllüdlü uşaqlar arasında bir neçə seleksiya xarakterli toplanışımız oldu. Gələcək yığma üzvlərinin nəyə qadir olduqlarını öyrənmək üçün 2005-ci il təvəllüdlü yeniyetmələr üçün seleksiya xarakterli təlim-məşq toplanışları keçmişik. Bundan əlavə, 12 yaşdan 15 yaşadək yeniyetmələr üçün elit-məşq layihəsinin ölkə ərazisində tətbiqinə başladıq.
 
- Ölkəmizə gəlməzdən əvvəl Azərbaycan futbolu haqda nə bilirdiniz? Təsəvvürünüzdəki ilə reallıq arasında çoxmu fərq var?
- İndiyədək iki dəfə Azərbaycanın U-17 və U-19 yığma komandaları ilə qarşılaşmışdım. Əlbəttə, təyinatımdan əvvəl müəyyən məlumatım vardı. O ki qaldı təəssüratlarımla reallıq arasındakı fərqə, elə bir fərq yoxdur. Azərbaycanlı uşaqların yaxşı potensialı var. Bizim əsas işimiz onların potensialını düzgün istiqamətə yönəltmək və davamlı olmasına kömək etməkdir. Hansısa mərhələdə onları itirməməliyik.
 
- Bir çox seleksiya xarakterli toplanışlar keçirdiyinizi dediniz. Rəhbərlik etdiyiniz yaş qrupu üzrə uşaqların hamısını iş başında izləmək imkanınız olubmu?
- Seleksiya işinə bir qədər gec başlamışıq. Uşaqlar haqda nə qədər öncədən çox məlumatlı olsaq, daha yaxşıdır. Bu il üçün 2003, 2004 və 2005-ci illərin seleksiyasını tamamlamışıq. Avqust-sentyabrdan 2006-2007-ci il təvəllüdlü uşaqların seçiminə başlayacağıq. Bu prosses ilboyu davam edəcək. Haradasa istedadlı uşaqlar aşkarlasaq, yığma komandalara cəlb edəcəyik.
 
- Azərbaycanlı uşaqların istedadlı olduğunu, potensialını düzgün istiqamətləndirməyin vacibliyini qeyd etdiniz. Bu yaş qruplarında çıxış edən uşaqlarda mənfi və müsbət mənada diqqətinizi cəlb edən nə olub?
- Rəhbərlik etdiyim yaş qrupunda bir qrup var ki, onlar çox istedadlıdırlar. Digər bir qrup isə normaldır. Belə demək mümkünsə, keyfiyyət var, amma kifayət edəcək qədər deyil. Bu amil hər yaş qrupunda normaldır. Biz onların çatışmazlıqları üzərində çalışıb keyfiyyəti daha da artırmalıyıq.
 
- Bu yaş qrupunda yer alan uşaqların avropalı həmyaşıdları ilə müqayisədə nə kimi çatışmazlıqları və ya üstünlükləri var?
- Aparıcı Avropa ölkələri ilə müqayisə etsək, onların fərdi və taktiki bilikləri çoxdur. Təəssüf ki, bizdə belə deyil. Əgər düzgün iş qursaq və yetərincə zaman verilsə, top ölkələrlə yox, orta səviyyəli Avropa ölkələri ilə rəqabət apara biləcək inkişaf səviyyəsinə yüksələ bilərik. Qısa vaxtda top ölkələr səviyyəsinə yüksəlmək çətindir. Yaxın gələcək üçün əsas məqsədimiz oyun keyfiyyətini yüksəltməkdir. Oyun keyfiyyətini artırdıqdan sonra nəticələr barədə düşünə bilərik.
 
- Ümumiyyətlə, klubların uşaq futbolunun inkişafı istiqamətində gördüyü işlər, yaratdıqları akademiyanın fəaliyyəti sizi qane edirmi?
- Bu barədə ümumi danışmaq olmaz. Hər klubda fərqli-fərqlidir. Elə klublar var ki, istedadlı uşaqlar çoxdur. Elə klublar da var ki, məşqçiləri çox yaxşıdır. Biz nəyi dəyişmək istəyirik? Bütün məşqçilərlə söhbət edib bildirməliyik ki, nəticə qazanmağa çalışmasınlar. Bu yaşda uşaqlara nəticə lazım deyil. Məşqçilər nəticəni fikirləşməməlidirlər. Çünki ancaq nəticə haqda düşünəndə oyun keyfiyyəti, uşaqların inkişafı ikinci plana keçir. Bu barədə məşqçilərlə söhbət etməliyik.
 
- Siz eyni zamanda aşağı yaş qrupu üzrə yığma komandaların koordinatorusunuz. Kompleks  şəkildə işlər gördüyünüzü qeyd edirsiniz. Uşaq futbolunun əsas çatışmazlıqlarından biri də müəyyən yaş dövründən sonra inkişaf edə bilməməsi və ya tamamilə “itməsi”dir. Bu problemin həlli yolu necədir?
- Bu problem demək olar ki, hər ölkədə var. Ancaq bəzilərində mimimum, bəzilərində isə daha çoxdur. Bunun həlli yollarından biri futbolçulara güvənmək və mütəmadi oynatmaqdır. Hesab edirəm ki, Azərbaycan bu istiqamətdə düzgün strategiya müəyyən edib. Premyer Liqada və I divizionda gənclərə şans verilməsi doğru yanaşmadır.
 
- Gələcəklə bağlı planlarınız nədən ibarətdir?
- Qarşıda görüləcək çox işimiz var. Bu ay U-19-un iki təlim-məşq toplanışı olacaq. İyunda seleksiya xarakterli toplanışlarımız planlaşdırılıb. Avqustdan isə geniş şəkildə seleksiya işinə start verəcəyik. Həmçinin ölkə ərazisində elit-məşq layihəsini həyata keçirəcəyik. Oktyabr-noyabr aylarında isə seçmə mərhələ oyunlarımız olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right