"Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmağa çalışacağıq" - Tahir Gözəl

Azərbaycan Premyer Liqasında 2018/19 mövsümü başa çatıb. “Qarabağ” ardıcıl 6-cı çempionluğunu rəsmiləşdirib.

 

Oyundan sonra Ağdam klubunun vitse-prezidenti Tahir Gözəl newsport.az-ın suallarını cavablandırıb:

 
- “Qarabağ”ın adı, klub daxilindəki birlik, ab-hava, məqsəd və inam bizi bura gətirdi. İnanın ki, bu mövsüm çox çətin oldu. Komandanı və azarkeşləri təbrik edirəm. Yaxşı sonluq oldu. Bu oyun da gərgin oldu. Məsuliyyət Qurban müəllimin çiynindədir və biz də ona dəstək olmağa hazırıq.
 
- Ardıcıl 6-cı dəfə çempion oldunuz. Sevinc hissləri əvvəlki kimidir, yoxsa adiləşib?
- Heç vaxt öyrəşmək olmaz. Hər dəfə yeni hisslər olur. Birinci olmağın yeri var. Azərbaycanda heç bir klub ardıcıl 6 dəfə çempion olmayıb.
 
- Bu mövsümü nə ilə fərqləndirə bilərsiniz?
- “Neftçi”nin güclü çıxış etməsi bizim işimizi çətinləşdirdi. Hesab edirəm ki, tariximiz, keçmişdəki oyun dəst-xəttimiz çempionluğa fayda verdi. Son turlara kimi xeyli geridə idik. Ən çətin mövsüm oldu.
 
- “Qarabağ”ın büdcəsində dəyişiklik olacaq?
- Xeyr. Avropada qarşımızdakı klublar o qədər nəhəngdir ki, onlara çatmağımız imkansızdır. Biz keyfiyyətimizi qorumalıyıq. Keçmiş illərdəki uğurları yenidən təkrarlamaq istəyirik. Bizim hədəfimiz Avropa səhnələrində çempion olmaq deyil. Hədəfimiz “Qarabağ”ın adını Avropada eşitdirmək və təmsil etməkdir. “Qarabağ” Avropada hörməti olan klubdur. Londona gedin və orada Azərbaycanın adını dediyiniz zaman sizə yaxşı futbolumuzun olduğunu deyəcəklər. Ölkəmizi layiqli təmsil etmək istəyirik.
 
- Çempionlar Liqasının qrupuna düşmək indi daha çətindir. Yeni mövsümdə ÇL-in qrup mərhələsinə düşməyi gözləyirsiniz?
- Düz vurğulayırsınız, indi bir qədər çətinləşib. Əslində, zaman əlehimizə işləyir. Qurban Qurbanov və klubun daxilində hər cür imkan var, məhdudiyyətlərimiz daxilində. Niyə də olmasın? Mən özümdən və klubumdan bunu tələb edirəm. Bütün Azərbaycan xalqı və dünya bundan bizi gözləyir. Bunu etmək üçün çalışacağıq.
 
- Bakıda keçiriləcək Avropa Liqasının finalında “Qarabağ”ın yaxın keçmişdəki rəqibləri – “Arsenal” və “Çelsi” üz-üzə gələcək.
- Bəli, elədir. Azərbaycan tarixində çox ilklərə imza atdıq. “Çelsi” və “Arsenal”ı bura “Qarabağ” gətirdi. Bunla böyük uğurdur. Bu ad bizim üçün hər şeydən üstündür. Bunun məsuliyyətini dərk edirik. Xalq, media bunu bilir. Hər birinizə minnətdaram, dəstəyinizi hiss edirik. Tarix təkrarlanmalıdır. Böyük klublara qarşı oynamaq istəyirik.
 
- “Qarabağ”a dövlət tərəfindən qayğı göstərilməsi üçün görüş keçirilib?
- Xeyr. Klubun sponsorları var. Bizim də ehtiyacımız olmayıb. Dövlətdən 5 milyon dəstək olasa, inanmıram ki, bizə çox fərq edəcək. Avstriyada təlim-toplanış keçəcəyik. Ayaqlarımız üstündə durmuşuq. Düzgün yoldayıq. Ölkəmiz inkişaf edir. Xalq arasında təqaüd alanlar və azyaşlı uşaqlar var. Çox ehtiyaclarımız var. Qoy, “Qarabağ” öz ayaqları üstündə dursun. Hökumətimiz də öz camaatı ilə maraqlansın.
 
- “Neftçi” oyun üçün 1 manatlıq biletləri 50 manata qaldırmışdı. Bununla bağlı nə deyə bilərsiniz?
- Mən də bunu başa düşmədim. Mən “Neftçi”nin məsləhətçisi olsaydım, deyərdim ki, 50 manata çox az adam gələcək, 20 manat etsək, ümumi qazancımız bundan daha çox olacaq. “Qarabağ” bu gün Azərbaycanın ən böyük klubudur. İstərdim ki, tribunalar dolu olsun. Belədə daha gözəl olur. Olmadı, can sağlığı olsun. Biz yolumuza davam edirik. O klubun da hüququ və qanunları var. Biz də hörmət edirik.
 
Mərdan HƏSƏSNOV

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right