"Məsuliyyəti üzərimdən atmıram" - Roberto Bordin

Azərbaycan Premyer Liqasının 27-ci turunda səfərdə “Qəbələ”ni 3:1 hesabı ilə məğlub edən “Neftçi”nin baş məşqçisi Roberto Bordin oyundan mətbuat konfransı keçirib. İtaliyalı mütəxəssis əvvəlcə matç haqda fikirlərini bölüşüb.
 
- “Qarabağ”ı çempionluq münasibəti ilə təbrik edirəm. Bundan da çox öz futbolçularımızı təbrik edirəm. Çünki möhtəşəm mövsüm keçirdilər. Sonadək titulu qazanmaq uğrunda mübarizə apardıq. Bu cür mükəmməl kollektivin baş məşqçisi olmaqdan qürur duyuram. Sonadək mübarizə apardıqlarına görə, futbolçularımıza təşəkkür edirəm. Bu uşaqlara qarşı müxtəlif sözlər deyilə bilər. Lakin mövsümboyu onlarla mən işləmişəm və deyirəm ki, hamısı fəxr edirəm.

- 5 xal öndə idiniz. Lakin bu gün çempionluq əldən getdi. Baş məşqçi olaraq hansı səhvlərə yol verdiniz ki, belə oldu?

- Həyatda hər bir insanın səhvi ola bilər. Məsuliyyəti üzərimdən atmıram. Hər bir uğura da, uğursuzluğa görə də məsul mənəm. Uşaqlar sonadək vuruşdular.

 

- Komanda necə oynamasından asılı olmayaraq, “Neftçi” daim titul uğrunda mübarizə aparıb. Bu il isə titulsuz qaldınız…

- Neçə illərdi “Neftçi” titul qazanmır. “Qarabağ” 6 mövsümdür çempion olur. Əlbəttə, titulu qazanmaq istəyərdik. Buna baxmayaraq, əziyyətimizi yerə vurmazdım. Heç kimə imkan vermərəm ki, əziyyətimizin üstündən xətt çəksin.

- Avrokuboklar üçün ilkin müzakirələr olubmu? Çoxmu futbolçu transfer etməyi planlaşdırırsınız?

- Xeyr, danışığımız olmayıb. Qarşıda 1 tur var. Məntiqi olar ki, həmin oyunu da bitirək, bundan sonra fikirləşəcəyik.

- “Qarabağ”a qarşı oyunun prinsipiallığı yəqin ki, itib. Həmin matça eksperimental heyət buraxacaqsınız, yoxsa döyüşkən?

- Hər oyuna qələbə üçün çıxırıq. Çox güman ki, eksperimental heyət olmayacaq. Həftə ərzində özünü ən yaxşı tərəfdən göstərənlər meydanda olacaqlar. (sport24.az)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right