"Naxçıvandakı şəraitə uyğunlaşmağa bir həftə lazımdır" - Ayxan Abbasov

"Əlbəttə, vacib oyun idi. Rəqiblər xal itirmişdi. Çempionatda taleyimizi həll etməli idik. Futbolçular bu oyunun əhəmiyyətini anlayaraq, qələbəyə nail oldular".

Newsport.az-ın məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov  Azərbaycan Premyer Liqasının 27-ci turunda "Sabah"a 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra mətbuat konfransında deyib.

Gənc mütəxəssisin sözlərinə görə, son turlarda yaxşı nəticələr göstərmələri uyğunlaşma prosesinin tam həyata keçirilməsi ilə əlaqədardır: "Düzdür, nəticə baxımından indi vəziyyət yaxşıdır. Amma uduzduğumuz matçlarda da yaxşı oyun sərgiləyirdik. Sonradan futbolçularımız tədricən uyğunlaşdılar və bu da nəticələrdə özünü göstərməyə başladı".

A.Abbasov "Qəbələ" ilə Azərbaycan kubokunun finalında da görüşəcəklərini nəzərə alaraq, eyni rəqiblə son tur matçına ehtiyatlı yanaşacaqlarını diqqətə çatdırıb: "Hazırda Peyman Babayi və Vurğun Hüseynovun zədəsi var, Mehdi Cənnətov sarı vərəqə limitini doldurduğu üçün son turu buraxacaq. Çalışacağıq ki, kubokun finalına tam sağlam vəziyyətdə çıxaq".

"Sumqayıt" mayın 19-da Naxçıvanda keçirəcəyi final oyununa iki gün tez gedəcək. Oyun isə isti hava şəraitində gündüz vaxtı keçiriləcək. Abbasov bu amillərin komandasına hər hansı təsirini inkar edib: "Hava şəraiti hər iki komanda üçün eynidir. Bizim kimi "Qəbələ" də finaldan 2 gün əvvəl oyuna gedəcək. Yerli şəraitə uyğunlaşmaq üçün əslində minimum bir həftə lazımdır. Amma futbolu istənilən hava şəraitində oynamaq olar".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right