Ramil Şeydayev: Vətəndaşlığımı dəyişdiyim üçün peşman deyiləm

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev klubu "Krılya Sovetov"un Rusiya Premyer Liqasının XXVI turunda "Zenit"lə (2:4) keçirdiyi səfər oyunundan sonra yerli mətbuata müsahibə verib. Newsport.az saytı xəbər verir ki, gənc forvard söhbətə məhz qırmızı vərəqə aldığı görüşlə bağlı təəssüratlarını bildirməklə başlayıb.

- "Zenit"ə məğlub olmağınızda həlledici rolu nə oynadı?

- Biz oyunu ilk 30 dəqiqədə uduzduq. 0:3 hesabından sonra oyuna qayıtmaq çox çətindi. "Zenit" hətta daha bir qol vura bilərdi. Amma məğlubiyyəti məntiqəuyğun hesab etmirəm. İki qol vurduq, hesabı dəyişə də bilərdik. Ancaq yekun nəticə xeyrimizə olmadı. Unutmalı və növbəti oyunu düşünməliyik.

- Oyunun startı sizin üçün niyə katostrofik alındı?

- Dəqiq cavab vermək çətindi. Yəqin ki, matça yaxşı köklənə bilmədik və uğursuz start götürdük. Belə oyunlarda bu cür səhvlər bağışlanılmır. "Zenit" təəccübləndirdimi? Xeyr. Biz onların aqressiv oyununa hazırlaşmışdıq. "Zenit" yaxşı çıxış etdi. Ancaq hadisələrin bu cür cərəyan etməsində özümüz günahkarıq.

- Amma 0:3-ü 2:3-ə çevirməyi bacarmışdınız. Az qala alınacaqdı...

- Hesab 0:3 olanda komandamız rahat idi, itirəcək heç nəyimiz qalmamışdı. Bu üzdən rahat oynamağa başladıq. Bundan sonra boşluqları doldurduq, hücuma atıldıq. Ancaq yenə bir az şanssız idik. Bir epizodda penalti də verilə bilərdi. Təəssüf ki, cəhdlərimiz bir nəticə vermədi və mən də qırmızı vərəqə alaraq komandamın işini çətinləşdirdim.

- Baş məşqçi Miodraq Bojoviç fasilədə sizə nə dedi?

- Baş məşqçi oyunun əvvəlini unutmağımızı istədi. Bildirdi ki, "Zenit"lə başabaş mübarizə apara bilərik. Onu da əlavə etdi ki, ikinci hissəyə daha inamlı başlamaq lazımdı. Təəssüf ki, xal almaq mümkün olmadı. Oyunun startını nəzərə almasaq, biz buna layiq deyildik.

- Qırılma anlarından biri sizin qırmızı vərəqə almağınız oldu. İlk sarı vərəqə epizodunda nə baş verdi?

- Mən sadəcə, emosiyalarımı cilovlaya bilmədim.

- Bəs ikinci sarı vərəqə?

- Orda texniki səhvə yol verdim. Topun uzağa getməsinə imkan verdim və axıra qədər mübarizə aparmaq qərarına gəldim.

- Bojoviç də mətbuat konfransında "emosiya" sözünü işlətdi. Baş məşqçi sizə nəsə dedimi?

- Xeyr. Komanda çox məyus idi və heç kim mənə etiraz bildirmədi. Hələ oyunun təhlili olmayıb. Fikrimcə, həmin anı müzakirə edəcəyik. Baş məşqçi bundan sonrakı turlarda maksimum xal toplamalı olduğumuzu dedi. Vurğuladı ki, "Zenit"lə matçı unutmalı və "Ufa" ilə görüşə köklənməliyik.

- "Zenit"i necə gördünüz? Bu komanda çempionluğa layiqdi?

- Rusiya çempionatına liderlik etməyə layiq olan yaxşı komandadı. Ən informativ futbolu "Zenit" və "Krasnodar" göstərir. Məncə, "Zenit"in çempionluğu ədalətli olar.

- Premyer Liqa klubunda əsas heyətdə çıxış edirsiniz, mətbuatla münasibətiniz yaxşıdı və Azərbaycan millisinin heyətində qol vurmusunuz. Hadisələrin gedişindən məmnunsunuz?

- Belə deməzdim.

- Niyə?

- Turnir cədvəlindəki mövqeyimizlə azarkeşləri üzürük. Bizim çox yaxşı komandamız, əla futbolçularımız var. Bu üzdən ən yaxşısını gözləmək üçün hər cür səbəb var. İndi əsas hədəfimiz mövsümü major notda bitirmək və azarkeşləri razı salmaqdı. Özüm haqda belə deyərdim: bu, mənim maksimumum deyil. Daha yaxşı olmaq üçün çox çalışmalıyam.

- "Zenit"də oynamağa davam etsəydiniz, nələr olardı?

- "Zenit" mənim doğma komandamdı, evimdi. Ancaq geri baxmaq məntiqli deyil.

- "Zenit"dən ayrıldığınız və vətəndaşlığınızı dəyişdiyiniz üçün pemansınızmı?

- Əvvəllər də dediyim kimi, bunlara görə peşman deyiləm. Çox qiymətli təcrübə qazandım, hər şey yaxşıdı.

- Azərbaycan millisində də artıq qol vurursunuz...

- Komandam qalib gəldiyi zaman mən də müsbət emosiyalar alıram. Ancaq vurduğum qol yığmama qələbə qazandırmadı. Avropa çempionatının seçmə mərhələsində çox güclü qrupa düşmüşük. Amma Macarıstan Xorvatiyanı məğlub etdi, biz dünya çempionatının vitse-çempionundan az qala xal alacaqdıq. AVRO-2020-nin bir neçə oyununun Bakıda keçiriləcəyini unutmamalıyıq. Bu üzdən bütün matçlarda qələbə qazanmağa çalışırıq.

- "Krılya Sovetov"la müqavilə müddətiniz mövsümün sonuna qədərdi. Gələcəklə bağlı planlarınız nələrdi?

- Açığı, bu barədə hələ düşünməmişəm. Çünki hamımız yalnız mövsümün son matçlarına köklənmişik. Mövsüm bitsin, sonra bir qərar verərik.

- "Zenit"dən evə qayıtmaq təklifi alsanız, bu sizi sevindirərmi?

- Bəli.

Matc.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right