Adrian Pit: “Ağlıma da gəlməzdi ki, nə vaxtsa “Xəzər Lənkəran” dağılar”

“Xəzər Lənkəran”ın heyətində çıxış etmiş legionerlər arasında ən yaddaqalanlardan biri də Adrian Pitdi. O, ölkəmizə gələnə qədərki karyerası və elə cənub klubundakı çıxışı ilə diqqətləri üzərinə çəkə bilmişdi. Yerli publikanın ən sevimlilərindən olan Pit hazırda ölkəsində, öz şəhərini klubu olan “Krisul”da çıxış edir.

Newsport.az-ın məlumatına görə, 35 yaşlı rumıniyalı futbolçu futbolpress.az-a müsahibəsində bir sıra maraqlı məqamlara toxundu:

- “Xəzər Lənkəran” Premyer Liqada iştirak etmir. Orda oynayanda heç ağlına gələrdi ki, bu cür komanda 3-4 il sonra fəaliyyətini dayandırar?
- Bilirsiz, hər şeyin bir səbəbi olur. “Xəzər Lənkəran” fəaliyyətini niyə dayandırdığını soruşursuz? Deyim də. Səbəb sadəcə olaraq pis idarəçilikdi. Düşünürəm ki, idarəçilik yaxşı olmadı deyə, hər şey belə alındı. Mənim ağlıma da gəlməzdi ki, nə vaxtsa “Xəzər Lənkəran” kimi komanda dağılar. Həqiqətən də, çox təəssüflənirəm, heyf ki, belə alındı.

- Klubun prezidenti Mübariz Mənsimov “Xəzər Lənkəran”ın nə vaxtsa qayıdacağını bildirib. Amma görünən budu ki, söhbət yaxın zamanlardan getmir. Səncə, bu baş verəcək?
- Mübariz Mənsimov həqiqətən də möhtəşəm insandı. Onun haqda ancaq yaxşı sözlər deyə bilərəm. Mən əminəm ki, gün gələcək və Mübariz Mənsimov elə lənkəranlı fanatlar üçün məhz “Xəzər Lənkəran”ı geri qaytaracaq.

- “Xəzər Lənkəran”la Premyer Liqa daha maraqlı alınar, səncə?

- İndi nəsə demək çətindi. Onlar liqaya qayıdanda bunu demək olar.

- Hazırda çempionluq uğrunda mübarizə “Neftçi” və “Qarabağ” arasında gedir. Hansı komandanı daha şanslı hesab edirsən?
- Azərbaycan çempionatını indi də izləyirəm. Ən azından oyunların icmalına, əsasən də qollara baxıram. Demək olar ki, bütün qolları izləmişəm. Bəli, çempionluq uğrunda “Neftçi” və “Qarabağ” mübarizə aparır. Hər ikisi güclü və yaxşı təşkilatlanmış komandadı. “Neftçi” Azərbaycan çempionu olarsa, buna görə çox sevinərəm. Çünki mənim orada dostlarım var.

- Ola bilər ki, “Xəzər Lənkəran” azarkeşlərinin bu sözündən xoşları gəlməsin...
- Hansı sözümdən?

- Dedin ki, “Neftçi”nin çempion olmasını istəyirsən. Axı bu iki komanda arasında güclü rəqabət var idi. Olmaya unutmusan?
- “Xəzər Lənkəran” nə vaxt qayıtsa, yalnız onları çempion kimi görmək istəyərəm. Amma axı indi onlar yoxdu çempionatda. Hazırda yeganə olaraq “Xəzər Lənkəran” azarkeşləri yaşayır, onlar hər zaman komandaya əla dəstək veriblər. Amma ümid edirəm ki, zaman gələcək “Xəzər Lənkəran” qayıdacaq və mənim oğlum da “Xəzər Lənkəran”ın futbolçusu olacaq.

- Üç il bu komandada oynamısan və demək olar ki, hamının sevgisini qazanmışdın. Burda keçirdiyin hansı oyun, hansı anlar yadından heç vaxt çıxmır?
- “Xəzər Lənkəran”da oynadığıma görə fəxr edirəm. Mən komandanın azarkeşlərinə təşəkkür edirəm. Çünki hələ də onların “Xəzər Lənkəran”a olan sevgisini, dəstəyini hiss edirəm, görürəm. Yaddaqalan anlar çoxdu. Amma ən yaddaqalanı ölkə kuboku qazandığımız an idi.

- Səncə, “Xəzər Lənkəran”ın fəaliyyətini dayandırması Azərbaycan futboluna necə təsir göstərir?
- Necə olduğunu bilmirəm, amma onu bilmirəm ki, “Xəzər Lənkəran” qayıtmalıdı, oynamalıdı Premyet Liqada. Çünki Lənkərana, həmin bölgəyə komanda lazımdı. Onlar Azərbaycanın ən yaxşı azarkeşləridi. Bunu “Xəzər Lənkəran” oynayanda göstəriblər.

- “Xəzər Lənkəran” yaşasaydı, səncə, “Neftçi” üçün daha çətin olardı?
- Onsuz da “Xəzər Lənkəran” – “Neftçi” oyunları həmin dövrlərin ən güclü, maraqlı oyunları hesab edilirdi. “Xəzər Lənkəran” yaşasaydı, tək “Neftçi” üçün yox, bütün komandalar üçün çətin olardı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right