Dmitri Nazarov: Yığmadan gözləntim əvvəlkindən daha çoxdu

"Futbolda günəş hər zaman çıxmır, bəzən yağış da yağır. Bir müddətdi yağış yağır, hətta hazırda qar və dolu daha çox düşür". Newsport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov deyib.

II Bundesliqa klubu "Aue"nin formasını geyinən futbolçu Almaniya mətbuatına açıqlamasında əsas heyətə düşə bilməməsindən narahatlıq bildirib: "Duysburq"la oyunda qol vurmaq imkanım var idi. Ancaq rəqib qapıçı zərbəyə çox yaxşı reaksiya göstərdi. "Paderborn"la son görüşdə də az meydanda oldum. Qısa müddətdə topla çox oynamaq çətindi. Xüsusən də, gərginlik və həyəcan içində keçən son dəqiqələrdə. Heç kim məndən 4 dəqiqə ərzində nəyisə dəyişməyi gözləyə bilməz. Nağıl danışmağa ehtiyac yoxdu. Meydanda keçirdiyim müddətdən narazıyam".

AVRO-2020-nin seçmə mərhələsində Xorvatiya ilə martın 21-də keçiriləcək oyuna çağırılan Nazarov milli barədə də fikirlərini bölüşüb: "Azərbaycan millisi ilə bağlı gözləntim hər zamankından daha çoxdu. Çünki klubumda 5 dəqiqədən bir qədər çox oynayıram. Xorvatiya yarışda tam heyətlə çıxış edəcək. "Real"dan Luka Modriç, "Barselona"dan İvan Rakitiç kimi futbolçularla qarşılaşmaq istənilən futbolçunun karyerasında əsas məqamlardan biridi. Onları adətən televiziyada görmək olur. II Bundesliqa ilə beynəlxalq oyunlar arasında böyük fərq var".

28 yaşlı oyunçunun "Aue" ilə müqavilə müddəti 2021-ci ilin yayına qədərdi. O, hazırkı durumundan məmnun olmasa da, ayrılmaq üçün tələsmir: "Milli komandada oynayan futbolçuya hər zaman təkliflər olur. İl yarım əvvəl "Aue" ilə yeni sözləşmə imzaladım ki, burda nələrəsə nail olum. Hazırkı vəziyyətimə görə burdan ayrılmaq istəmirəm. Çünki futbolda hadisələr çox tez dəyişir".





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah