"Atromitos"un baş məşqçisi Əliyar Ağayevdən narazı qalıb

Yunanıstan Super Liqasının 24-cü turunda keçirilmiş PAOK - "Atromitos" matçından sonra (3:0) qonaq komandanın baş məşqçisi Damir Kanadi qarşılaşmanın baş hakimi Əliyar Ağayevdən narazılıq edib.

Newsport.az sport24.gr saytına istinadən xəbər verir ki, 48 yaşlı avstriyalı mütəxəssis azərbaycanlı FIFA referisinin səhvlərə yol verdiyini deyib: "PAOK-a qarşı yaxşı müdafiə olunduq, lakin daha cəsur oynamaq lazım idi. Bu hesaba layiq deyildik. Qapımıza təyin edilən ikinci penalti yanlış qərar idi. Birinci hissədə Brunonun epizodunda da oyundankənar vəziyyət yox idi".

Yunanıstanlı sabiq FIFA referisi Anastasios Kakos da Əliyar Ağayevin idarəçiliyindən danışıb. O, 31 yaşlı referinin oyunu yaxşı idarə etdiyini deyib: "Ağayev oyunu yaxşı idarə etdi. Penalti qərarları doğru idi. Yalnız ilk hissədə Brunonun oyundankənar vəziyyət epizodunda yanlış qərar oldu. Yan xətt hakimi kobud səhv etdi".

Əliyar Ağayev sözügedən oyunda PAOK-un lehinə 2 penalti qərarı verib. "Atromitos"un hücumçusu Bruno iki sarı vərəqə alaraq, meydanı vaxtından əvvəl tərk edib.

Qeyd edək ki, bu oyunda Ağayevə Akif Əmrəli və Rza Məmmədov kömək ediblər. Dördüncü hakim funksiyasını yerli hakim Aristomenis Koutsiantis yerinə yetirib.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah