"Ona qarşı bir qram da olsun, pis niyyətim, düşmənçiliyim, qərəzim yoxdu"

Ölkəmizdə məşqçi kateqoriyasının verilməsinə nəzarət Aslan Kərimova tapşırılıb.

Newsport.az-ın məlumatına görə, yəni dərslərə və imtahanlara yığmanın sabiq “8” nömrəsi cavabdehlik daşıyır.

Elə buna görə də Kərimov vaxtilə çiyin-çiyinə oynadığı futbolçuların çoxu ilə üz-göz olub. Çünki kateqoriyadan “kəsilənlər” birbaşa Aslan bəyi günahlandırır.

Necə ki qəzetimizin ötən sayına müsahibə verən Ədəhim Niftəliyev də belə davranmışdı.

Bankdan götürdüyü 1500 manatı B kateqoriyasına sahib olmaq üçün ödəyən Niftəliyevin ardıcıl üçüncü dəfə sınaqdan üzüağ çıxa bilməməsi hazırda “Neftçi”də çalışan mütəxəssisin narazılığına səbəb olub.

Vəziyyətin bu cür alınmasının səbəbkarı gözündə isə onu B-yə layiq görməyən Aslan Kərimovla Osman Rəhimovu görür. 

Niftəliyevin ittihamlarına, ümumilikdə dediklərinə cavab tapmaq üçün bu dəfə Kərimovla əlaqə saxladıq (Futbol+).

- Ədəhim Niftəliyevin müsahibəsi ilə tanışsız?
- Açığı, müsahibəni oxumamışam. Əməliyyatdan sonra özümü narahat hiss edirəm deyə, bir həftədi evdən bayıra çıxmıram. Qəzet ala bilməmişəm. Müsahibəni oxuyan dostlar zəng vurub danışdılar.

- Dediklərinə münasibətiniz necə oldu?
- Söylədikləri mənim üçün yenilik deyil ki. Onsuz da “kəsilənlərin”, demək olar, hamısı narazılıq edir. Normal haldı, öyrəşmişəm (gülür).

- Deyir, üç dəfə imtahan verdim və bütün hallarda yazılıdan “kəsildim”. Elədi?
- Tək yazılı deməyək. Əvvəlki imtahanlarda məşqlərin ucbatından da “kəsilmişdi”. Bəzən məşqlər ürəyimizcə olmur. Sonuncu imtahanda keçdiyi məşqə minimumu götürməklə göz yumub nəsə etmək olardı. Amma heç nə yaza bilmirsə, verdiyi cavablar da bərbaddısa, edəcək bir şey qalmır.

- Həqiqətənmi saçlarını futbolda ağardan biri elementar məşq prosesləri ilə bağlı suallara cavab verə bilmir?
- Bu təkcə Ədəhimlə bağlı olan məsələ deyil. Kimsə desə ki, Maradonanın futboldan başı çıxmır, həmin adamı güllələyərlər, düzdü? Belə deyim, futbol deyəndə ağla Pele ilə Maradonanın adı gəlir. Amma məşqçi kimi metodiki hazırlıqla, məşqin quruluşu və təşkili ilə bağlı işlərdə dahi olduğunu demək çətindi. 100 il də futbol oynasan, bəzən heç nəyə nail ola bilmirsən. Çünki məşqçilik bacarığı ilə futbolçu olmaq fərqli şeylərdi. Hər futbol oynayan məşq keçməyi bacarır, yaxud bacaracaq anlamına gəlmir. Bəli, futbolçu karyerası hansısa mənada kömək göstərə bilər, amma tam yox. Kollektivlə ünsiyyət, oyunu “oxumaq” - bu kimi amillər təcrübədə öz təsirini göstərir. Məşqçilik tam başqadı, ayrı bacarıq tələb edir. Belə deyim, hamımız məktəbi bitiririk. Yekunda hamı müəllim ola bilir? Xeyr.

- Niftəliyevin özü sizə narazılığını bildirmişdi?
- İş orasındadı ki, birbaşa özümə narazılığını bildirməyib. Kimlərinsə vasitəsilə söz göndərib, etiraz edib, amma konkret mənə heç nə deməyib. AFFA-ya müraciət etmişdi, çıxış yolunun göstərilməsini istəmişdi. Biz də vəziyyətin necə olduğunu başa saldıq, səhvlərini göstərdik. Fikrimcə, kifayət qədər aydın şəkildə izah etmişik. 

- Sabiq futbolçulardan “kəsilənlər” arasında başqa kimlər var?
- Hamısının adını açıqlamaq istəmirəm. Müxtəlif lisenziyalardan “kəsilənlər” var. Həm də iştirakçıların adları tam yadımda deyil. Bəziləri deyir ki, mən futbolçu yetişdirmişəm, filan yerdə nəticə vermişəm, çempion olmuşam. Ancaq bu mənə aid məsələ deyil. Sən məşqçi kimi məşqə gedib-gələ bilərsən, həmin komandada futbolçu yetişə bilər. Söhbət kateqoriyaya sahib çıxmaq üçün verilən imtahanlardan gedirsə, mən burda Aslan Kərimovun yox, UEFA-nın mənafeyini qoruyuram. Qurumun bəlli qaydaları var ki, bunlara əməl etməyə məcburuq. Bizim işimiz təkcə imtahan götürmək deyil. Həm də məşqlərində iştirak edirik, nələrisə izah edir, məsləhət veririk. Bir növ kurslar zamanı öyrədirik. Bütün bunlardan sonra sınaq zamanı normanı doldura bilmirsənsə, üzərinə düşən işin cəmi 30 faizinin öhdəsindən gəlirsənsə, edəcək bir şey qalmır. 

- Vaxtilə futbol oynayanlara güzəşt edirsiz?
- Güzəşt hamıya var. Hər detala “ilişsək”, gərək imtahan verənlərin yarıdan çoxu “kəsilsin”. Onsuz da hamıya kömək etməyə, dəstək olmağa çalışırıq. Sadəcə, elə bir nöqtə var ki, artıq ondan o tərəfə keçmək mümkün deyil.

- Yığmanın sərəfini qoruyanlara C kateqoriyası birbaşa verilmir?
- Əsas millidə çıxış etmisənsə, bəli, avtomatik C lisenziyasını almaq ixtiyarın var.

- Niftəliyev C kateqoriyasını da imtahan verib aldığını deyib. Halbuki yığmada 19 oyun keçirib.
- Mənim vaxtımda olmayıb. Çox güman, Nikolay Adamın dönəmində alıb. Ola bilsin, Ədəhim məşqçiliyə yeni başlayanda bu sahədə təcrübəsinin olmadığı üçün Nikolay dərslərdə iştirak etməsini tövsiyə edib. Təsəvvür edin, kimsə C kateqoriyasına sahibdi, amma elementar detalları bilmir. Özüm də C lisenziyasını haqq edən milli üzvlərinə dərslərdə iştirak etməyi məsləhət görürəm ki, sabah kiminsə balasını bədbəxt etməsin, özü çətin duruma düşməsin.

- Çıxış yolunu maşınını satıb, Ukraynada təşkil olunan kurslara qatılmaqda görür. Hətta onu da qeyd etdi ki, Azərbaycandan fərqli, Lobanovskinin vətənində keçmiş futbolçulara hörmət qoyurlar.
- Ədəhimi çox yaxşı başa düşürəm. Sizi inandırım, ona qarşı bir qram da olsun, pis niyyətim, düşmənçiliyim, qərəzim yoxdu. Vaxtilə bir yerdə oynamışıq, çətin vaxtlarda səfərlərdə olmuşuq. Həmişə də deyib-gülmüşük, zarafatlaşmışıq. Amma mən bu gün burda işləyirəmsə, hansısa sahəyə cavabdehlik daşıyıramsa, dost-qardaş arxa plana keçir. İş olan yerdə özümü biabır etmək istəmərəm. Sabah birinin qarşımı kəsib “filankəs heç nə bilməyə-bilməyə keçdi, amma məni “kəsirsən” deməsinə şərait yarada bilmərəm. O ki qaldı Ukraynada oxumağa, bəzi məşqçilər kateqoriyaya orda sahib olub. Amma bir məqamı unutmayaq ki, orda dərslər rus dilində keçirilir və imtahanın cavabları da rus dilində alınır. Azərbaycan dilində imtahan verə bilməyənin rusca nəsə edə biləcəyi şübhə doğurur. İnandırıcı gəlmir mənə. Amma Ədəhimin belə bir niyyəti varsa, heç nə deyə bilmərəm. Yalnız və yalnız uğurlar arzulayıram. Yenə təkrar edirəm, heç kimlə şəxsi-qərəzliyim, düşmənçiliyim yoxdu, ola da bilməz. Sadəcə, üzərimə düşən işin öhdəsindən gəlməyə çalışıram ki, sabah pis vəziyyətdə qalmayım.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right