“Sumqayıt”a qol vurduğum üçün telefonum susmurdu"

“Komandam üçün önəmli qola imza atdığım üçün çox xoşbəxtəm. Azərbaycan çempionatında qol vuran ilk botsvanalı futbolçu kimi tarixə düşməyim də mənim üçün böyük önəm kəsb edir”.

Newsport.az-ın məlumatına görə, bunu “report”a Premyer Liqanın XVIII turunda “Sumqayıt”la səfər matçında vurduğu qolla “Zirə”yə 1:0 hesablı qələbə qazandıran Mfo Kqasvane deyib.

Azərbaycanda çıxış edən ilk botsvanalı olan 25 yaşlı hücumçu bundan sonra da fərqlənməyə çalışacağını bildirib.

Kqasvanenin sözlərinə görə, qış fasiləsində onunla birgə “Zirə”yə keçən afrikalı digər futbolçular – kot diuvarlı hücumçu İsmael Fofana və malavili forvard Robin Nqalande hazırda fiziki cəhətdən ideal formada deyillər: “Fiziki hazırlığımızı tədbirəcən artırırıq. İrəlidəki turlarda bu baxımdan sıxıntı çəkməyəcəyik. Psixoloji cəhətdən tam hazırıq və bu, komandaya kömək etmək baxımından önəmli amildir. Nqalande ilə Cənubi Afrika Respublikasının “Baroka” klubunda birgə çıxış etmişik. Ona görə də bir-birimizi yaxşı başa düşürük”.

Kqasvane, Fofana və Nqalandenin Azərbaycana gəlişlərindən sonra Peşəkar Futbol Liqasının və “Zirə”nin “facebook” səhifələrində afrikalı izləyicilərin sayı kəskin artıb.

Botsvanalı forvardın qolundan sonra Afrikadan olan çoxlu sayda şəxs şərh yazaraq, onu təbrik ediblər: “Sumqayıt”a qol vurduğum üçün telefonum susmurdu. Dünən nəinki Botsvana, Afrikanın digər ölkələrindən də çoxsaylı zəng və mesajlar aldım. Azərbaycanda qol vurmağım Afrikadakı insanları coşdurdu. Bu, məni çox sevindirir və əlavə motivasiya verir. Onların hər birinə təşəkkür edirəm”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right